Məhkəmə qərarları › İş №2(007)-1905/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1905/2024

12.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1905/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh-yə qarşı “hədə-qorxu nəticəsində yazılmış iltizamın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh-yə qarşı “hədə-qorxu nəticəsində yazılmış iltizamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun tərəfindən "xxxx" MMC-nin təsisçisi Abil İsmayılovdan 106800 manat pulun alınması barədə yazılmış 08 may 2023-cü il tarixli iltizamın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı Zeynalova X1 Rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbəri Abil İsmayılovla iş üçün görüşmüşdür. Abil müəllim ona Bakı Şəhər Sabunçu Rayonu Ramana Südçülük savxozu ərazisində halhazırda fəaliyyət göstərən SAT-İNVEST şirkətinin ərazisində yerləşən boş ərazidə eni 25 uzunluğu 40 olan ölçüdə yeni istehsalat yeri tikmək istədiyini bildirmişdir. Qeyd edilən işin tikinti və layihə sənədləşdirilməsi ilə bağlı ona müraciət edilmişdir. Ona bildirilmişdir ki, bu tikintinin başa çatması üçün ümumi çəkiləcək xərcin smetasını çıxartsın. O, Abil müəllimə bildirmişdir ki, tikintinin dəqiq xərcini çıxartmaq üçün dəqiq layihə və smeta lazımdır. Təkrar Abil müəllim ona bildirmişdir ki , “siz mənə ölçülərə uyğun xərci hesablayıb deyin və tikinti getdikcə kəsir xərc nə olsa yoluna qoyarıq”. O, ilkin hesablamasında bildirmişdir ki, 1 200 000 man vəsait lazımdır. Hesabatı bitirdikdən sonra Abil müəllim qiymətin yüksək olduğunu, bəzi aqreqatların və fasad materiallarının özünün təmin edə biləcəyini bildirmişdir. Bundan sonra təklif elədiyim xərcdən ( yəni 1 200 000 Azn) bildirdiyi materialları və işçiliyi çıxardıqdan sonra xərcin təxmini 780 000- 800 000 aralığında olacağını bildirmişdir. Bundan sonra Abil müəllim tikinti və layihə sənədlərinin hazırlanması üçün ona razılıq vermişdir. O, yenidən Abil müəllimə müraciət edərək təklif elədiyi xərcin 20%-nin ona avans kimi ödənilməsini xahiş etmişdir. Abil müəllim bunu nəzərə alaraq ümumi xərcin (yəni 800 000 manat məbləğin) 20%-ni (yəni 160 000 manat) ödənilməsi ilə bağlı “TURSAN MMC”-nin mühasibinə göstəriş vermişdir. Bundan sonra mühasib tərəfindən ona mərhələli şəkildə ödəniş olunmuşdur. İlkin olaraq 30 avqust 2022- ci il 30 000 manat, ikinci hissə 1 sentyabr 2022-ci il 40 000 manat, sonuncu ödəmə isə 3 sentyabr 2022-ci il 20 000 manat məbləğində olmuşdur. Beləliklə işlərin başlanması üçün avans olaraq tələb edilən məbləğdən 160 000 manatdan 90 000 manat mühasib tərəfindən ona ödənilmişdir. Bundan sonra o, tikinti aparacaq briqadalar, material alacağı və icarəyə götürəcəyi təchizatçılar ilə görüşüb behlərini vermişdir. Bundan sonra tikinti sektorunda çalışan tanışı X2 zəng edərək onunla görüş təyin etmişdir. Götürdüyü işin qazıntı, tikinti və tikintiyə nəzarət işində ona köməklik etməsini xahiş etmişdir. Layihələndirmə və sənədləşmə işlərini özü aparacağını bildirmişdir. Əsgərov Tural ona razılıq verdikdən sonra ilkin olaraq tikinti gedəcək ərazinin qazıntısına başlamışdır. Qazıntı işləri bitdikdən sonra o, şirkətin Rəhbəri Abil müəllimə bildirmişdir ki, ərazidə qazıntı işləri tamamlanmışdır. Əraziyə betonla armaturun gətirilməsinə görə , beton zavod və armatur təchizatçısına razılaşmış olduğu avans məbləğindən qalan 70 000 manat məbləğin ödənməsi ilə bağlı mühasibə göstəriş verməsini xahiş etmişdir. Abil müəllim ona bildirmişdir ki, narahat olma, səbirli ol, başı qarışıq olduğu üçün uzanır amma yoluna qoyacaqdır. Təxmini 2 ay gedib gəlməsinə baxmayaraq hər dəfəsində bildirmişdir ki, materialların icarə və alışları üçün avans ödədiyi təchizatçılar etiraz edirlər və onuda bildirmişdir ki, qazıntı işini görən şirkətin sahibi Babək müəllim tərəfindən o və onun işlərini aparan Əsgərov Turala zənglər edərək kutlavanda görülən işin qalıq məbləğ pulunu ödənməsini onlardan tələb etmişdilər. Bununla da bildirmək istəyir ki ,tikinti gedəcək ərazinin katlavan qazıntı işlərini 12 000 manat olaraq razılaşmışdır və götürdüyü 90 000 manatdan qazıntı aparan şirkətə 3 000 manat ödəmişdir. 9 000 manat isə iş bitdikdən sonra ödəyəcəyini bildirmişdir. Bunu nəzərə almışdır ki, 160 000 manatdan qalıq qalan avans məbləği 70 000 manat aldıqdan sonra 9 000 manat ödəyəcəkdir. Aldığı avansdan öz xərc və ehtiyaclarını qarşıladığı üçün onun işlərini aparan Əsgərov Turala bildirmişdir ki, katlavanın 9 000 manat özündən verməsini və o, pulu aldığında geri verəcəyini bildirmişdir. Katlavanın pulunu Əsgərov Tural öz cibindən ödəmişdir. O, təkrar-təkrar Abil müəllimə xahiş edərək bildirmişdir ki, bu tikinti işi başlayacaqsa beton və armatur üçün pul ödənməlidir. İl sonu olduğu üçün ödənişlərdə problem yarandığını və betona ödənəcək 140 000 manatın hamısının ödəyə bilməyəcəklərini, 10 000 manat əsas məbləğ və 140 000 manatın isə ƏDV-nin ödəyə biləcəklərini bildirdilər. Mən bu haqda Osgərov Turala məlumat verdim. Beton zavodla danişib bu haqda mənə məlumat verməsini xahiş etdim.Bundan sonra Osgərov Tural mənə zəng edərək onların qanunsuz hərəkət etdiklərini bildirdi. Bunun səbəbini soruşdum mənə bildirdiki ilin sonudu il sonu olduğunu bilmələrinə baxmayaraq 140 000 Azn əsas puldan 10 000 Azn ödəyib qalan məbləğin ODV-in ödəmək qanunsuzdur. Bundan sonra o, Turalın ona dediyi məlumatı Abil müəllimə bildirərək bunun qanunsuz və əsassız olduğunu demişdir. Sonradan Abil müəllim razılığa gələrək ZZ -Beton ilə müqavilə bağlayaraq ilkin olaraq 10 000 manat avans və 1800 manat Ədv-ni köçürmüşdür. İl sonu olduğu üçün qalan 130 000 manat məbləği yeni ildə köçürəcəyini bildirmişdir. Bu işlərə paralel olaraq Abil müəllim ona bildirmişdir ki, halhazırda ordaki ofisin içində təmir işləri getməlidir. Təmir işlərinin aparılmasını ona həvalə edilmişdir. Oranın təmirinə nə xərc çəkiləcəksə, əlavə olaraq ödəniş edəcəyini bildirmişdir. Bundan sonra Əsgərov Turala bildirmişdir ki, bir usta gətirsin oradaki işləri görsünlər. Beləliklə Tural tərəfindən ordan görülmüş işlər lamamlanmış və təhvil verilmişdir. Ofisin təmir xərclərini 4600 manat hissə- hissə olaraq Abil müəllimdən almışdır. Aldığı materialların qaiməsini və və usta xərclərini ərizəsinə əlavə edir.Bundan sonra 16-17 yanvar 2023-cü il tarixində Abil müəllimin dostu Elsevər tərəfindən o, ofisə getdiyi zaman ona bildirilmişdir ki, Abil müəllim burda gedən işləri ona həvalə edib artıq onun nəzarətindədir. Ona bildirmişdir ki , təmir elədikləri ofisin qapılarını təmin edib və quraşdirilması ilə bağlı qiymətləndirib ona məlumat verilsin. Bundan sonra Elsəvər bəy tərəfindən ona bildirilmişdir ki, artıq ehtiyac yoxdur öz tanışı tərəfindən təmin etmişdir. O və işlərini aparan Tural bu və bir neçə bəhanələri və saxtakarlıqları gördükdən sonra Tural ona bildirmişdir ki, orda görülən katlavan işinə görə ödənişi verməsini və onun bu işdən çəkiləcəyini bildirmişdir. O, Turala bu işləri qaydasına qoyacağını və katlavanın pulunu ödəyəcəyini bildirmişdir. O sonra Abil müəllimdən bu işlər ilə bağlı nə zaman başlayacağını soruşduqda ona bildirmişdir ki, onun dostu Elsəvər bəy bu işlər ilə maraqlanır, onun dostunun beton zavodu olduğunu və ola bilsinki tam dəqiq deyil ama razılaşma olarsa betonu ordan götürəcəklərini bildirmişdir. Bundan sonra işlərini aparan Turalın bunlar haqqında dedikləri fikri tam təsdiqləmiş və işdən soyumuşdur. Abil müəllimə demişdir ki, dəqiq qərar verdikdən sonra ona işin nə zaman başlanması ilə bağlı dəqiq məlumat verərsiniz. Təxmini 10-12 mart 2023-cü il Elsəvər bəy ona zəng edərək bildirmişdir ki, tikinti gedəcək ərazidə görüşək və işlərin görülüb görülməyəcəyini məsləhətləşək. Səhəri gün tikinti gedəcək ərazidə görüşmüşlər. Orada bir neçə məsələləri müzakirə etdikdən sonra ona bildirmişdir ki, ondan xəbər gözləsin. Ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra təxmini mart ayının sonları ona zəng edərək ofisə dəvət etmişdir. O, ofisə getdiyi zaman onlar ona bildirmişdilər ki, onunla iş görməyəcəklər. İşləri başqasına verdiklərini bildirmişlər. Ondan pulun geri ödənməsini tələb etdilər. O, bildirdi ki, artıq o puldan katlavana ödəmişdir, 3000 manat qədər özünün xərcləri olmuş, qalan hissəsini isə işlər ilə bağlı ödədəyi adamlardan alıb onlara geri qaytarmışdır. Bundan sonra daha öncə avansdan pul ödədiyi adamlar ilə danışmışdır. Pulları geri qaytarmalı olduğunu işləri onun görməyəcəyini bildirmişdir. Elsəvər bəydən sonra ona 5-6 may 2023-cü il tarixində Ramanı qəsəbəsi Südçülük Savxoz ərazisində yerləşən SAT-İNVEST şirkətinin hüquqşünası kimi özünü təqdim edən Fədai Azadəliyev tərəfindən zəng edilərək ona bildirilmişdirki, yuxarıda qeyd etdiyi şirkətin hüquqşünasıdır və bu iş ona həvalə edilmişdir. Ona Ramanı qəsəbəsi Südçülük Savxoz ərazisində yerləşən ərazidə planlaşdırılan tikinti işləri üçün verilmiş pulu ondan geri tələb etmişdir. O da bununla bağlı Abil müəllimlə görüşüb danışacağını bildirmişdir. Yenidən Abil müəllimə zəng edərək bildirmişdir ki, Fədai adlı şəxs ona hədə qorxu gələrək ondan pulu istədiyini bildirmişdir. Abil müəllimə bildirmişdir ki, sizin mənə verdiyiniz hissə hissə 90 000 manatdan 12 000 manatını katlavana vermişəm. Ordan təxmini 3000 manat öz xərcləri olmuşdur bir neçə ay içində. Qalan məbləği geri qaytarmaq üçün ona vaxt verməsini xahiş etmişdir. Abil müəllim ona bildirmişdir ki, sən pulu gətirib qaytardıqdan sonra heçbir problem olmayacaq və Fədai müəlimlə görüş nə lazımdırsa yoluna qoyulsun. Bu danişiqdan 2 gün sonra 8 may 2023 cü il tarixində Fədai ona zəng edərək təcili Nərimanov Rayon "xxxx" MMC-yə məxsus ofisə təkidlə tez- tez gəlməsini, tez ol deyərək gəlməsini, gəlmədiyi təqdirdə onun başına oyun açacaq deyə bildimişdir. Onun kim olduğunu bilmirsən səni içəri basdiracam sözlərini ona demişdir. O, “heçnədən qaçmıram gəlirəm” demişdir. O, bu danışıqdan sonra Nərimanov ərazisində yerləşən ofisə getmişdir. Ofisin qapısında PPX- nin əməkdaşları olmuşdur. Artıq 1 uşaq anası olduğu və uşağı az yaşlı olduğu üçün qorxu və həyəcan hissi yaşamışdır. Uşağını bir daha görməyəcək deyə çox qorxmuşdur. Buna baxmayaraq içəri daxil olmuşdur. Fədai müəllimlə görüşdüyü zaman ona yüksək səslə qışqıraraq “sən ağlını kime veribsən” deyərək “mən keçmiş polis orqanı işçisiyəm sənin kimlərin çox görmüşəm sənin basıb gözünü çıxardaram tez otur mənim dediklərimi yaz” . O, demişdir ki, Abil müəllim olmadan heçnə yazmayacaq və telefonunu əlinə alıb ailə üzvlərinə zəng etmək istəmişdir. Ona yüksək səslə qışqıraraq telefonu yerə qoy və telefonu əlindən alaraq heçkimə zəng edə bilməyəcəyini ona bildirmişdir. Onun sol ayağına vuraraq yüksək təzyiq göstərərək iltizam ərizəsini yazmağı ondan məcbur tələb etmişdir. Belə ki, hər bir sözündə Fədai müəllimə elədiyi hərəkətin qanunsuz olduğunu bildirmişdir. O, Azərbaycan xanımıdır, onun da qızı var. Ona hörmət qoymasını xahiş etmişdir. Bu yalvarışlarına məhəl qoymayan Fədai müəllim öz çirkin əməllərini, hədə qorxularını təzyiqlərini davam etdirərək ayaqlarına vura-vura yazdırmışdır. İltizam aktını yazdığı zaman onun çöldə gördüyü PPX-nin əməkdaşları gözlədiyini, iltizamı yazmadığı təqdirdə onu tutacaqlarını bildirmişdir. Bu an çöldə gördüyü PPX əməkdaşının biri qapını döymüş və Fədai müəllimdən hərşeyin qaydasında olub olmadığını soruşmuşdur. Fədai müəllim də hər şey qaydasındadır yazır narahatlıq yoxdur. Bundan sonra o, Fədai müəllimə bildirmişdir ki, o, düzgün hərəkət eləmir. O, Abil müəllimə qarşı dələduzluq etməmişdir. O, ona hədə qorxu gələrək bunları yazdırmışdır. O, şirkətdən aldığı hissə-hissə pulları iltizam aktında qeyd edərək ona bildirmişdir ki, o, pulları nə zaman qaytaracağını deməlisən və bu pulları kimə verdiyini qeyd elməlisən, iltizamda pulu tikinti üçün yox sənədləşmə üçün aldığını və sənədləşmə üçün kimə verdiyini qeyd etməlisən. Belə bir şey olmadığını dediyi halda isə bax ağıllı ol mən deyəni yaz yoxsa çöldəkilər səni gözləyir aparacaqlar-deyə bildirmişdir. Onsuzda demirsən verəcəm pulu sən mən dediyimi yazmalısan. Tanıdığın layihə sənədləşmə işinə kim var tanışlarda onlarında adlarını qeyd etməlisən. Çox təkid və hədə qorxudan və onu vurduqdan sonra bu işlə əlaqəsi olmayan adlar yazmaq məcburiyyətində qaldığı üçün yazmışdır. Bildirmişdir ki, ona iltizam aktını hədə-qorxu altında yazdırıblar və qeyd edilən məbləği faktiki aldığı yuxarıda qeyd etdiyi şəxsləri məhkəmə prossesi zamanı çağırıb dinlənilən zaman pulların bir qismini 12 000 manat, yəni katlavan və qazıntı işlərinin aparılmasının ödəniş etdiyi şirkətin sahibinə ödəmişdir. Öz xərclərini 3000 manat bildirsə də, beləliklə 75 000 manat verəcəyinə baxmayaraq ona hədə qorxu gələrək nə deyirsə onu yazmağını tələb etmişdir. Ona iltizam aktını yazdırdığı zaman gördüyü və təhvil verdiyi iş üçün 4600 manatı 5000 manat kimi 90 000 manatın üzərinə gəlib və beton zavoda 10 000 manat, ƏDV-1800 manat olmaqla ümumilikdə 1 1800 manat hesab edərək 95000 manat üzərinə köçürməni gəlib 106 800 manat yazmağını tələb etmişdir. O, Fədai müəllimə bildirmişdir ki, hissə -hissə aldığı 90 000 manat üzərinə əlavə etdiyi 4600 manat 5000 manat kimi göstərdikləri pulu gördüyü ofisdəki təmirlə bağlı Abil müəllimin işlərinə nəzarət edən Elsəvər müəllim işi tam təhvil vermişdir. Belə olduğu halda bu pulu iltizam aktına əlavə etməsi qanunsuz və əsassızdır. Betona gəldikdə isə betona olan 1 1800 ƏDV daxıl olan pul 1 manatından belə xəbəri olmadığını bildirmişdir. Onlara onu nə zaman istəsələr ya beton verilə bilər, yada pulun qaytarılmasını təmin edə biləcəyini bildirmişdir. Ona bildirilmişdir ki, o onuda öhdəliyinə götürsün və ora qeyd eləsin. İltizam aktını yazıb ofisdən çıxdığında polisləri hələdə ofisin giriş qapısında görmüş və dərhal ordan uzaqlaşmışdır. Betonla bağlı Tural ilə əlaqə saxlamış və soruşmuşdur ki, onların betona köçürdükləri pulu geri qaytara bilərlər mi. Tural tərəfindən ina bildirilmişdir ki, heçbir problem yoxdur. O, ordan istifadə etmiş olduğu 5740 manatlıq betonun pulunu beton zavodla danışıb geri ödəyəcəyini, pulun 1 1800 manat ƏDV daxil Abil müəllimgilin hesabına geri qaytarma edəcəyini bildirmişdir. Belə ki , Əsgərov Tural tərəfindən 5740 manat geri ödənilmiş və beton zavoda bildirilmişdirki , Abil müəllimgilin şirkətinə pulun geri vurulması barədə tapşırıq verilsin. Beton zavodun müqaviləsində göstərilən faktiki ünvana Fədai və Elsəvər müəllim getmiş özlərinədə məlum olmuşdurki, o pul yox beton zavoddadır. Beləki iltizam aktında pulu verəcəyi vaxtı deməsinə baxmayaraq və iltizam aktında göstərilən 160 800 manatın 11 800 manat hissəsinin beton zavodda olmasına baxmayaraq, ofisin təmir xərcləri 4600 manat olduğu halda 5000 manat kimi orda ona məcbur qeyd elətdirmişdir. Fədai müəllim və Elsəvər müəllim yanlarında adlarını bilmədiyi 2 şəxs ilə birlikdə birinində polis leytinantı olduğunu bildirərək qapılarını möhkəm sındıracaqmış kimi döyərək atasını çağırıb və “sizin qızınızın bizə borcu var deyərək” atasına təzyiqlər etmişlər. Atası bu işdən xəbərinin olmadığını, qızı işdən gəlsin öyrəndikdən sonra deməsini xahiş etmişdir. Atası ona zəng edərək harda olduğunu soruşduqda o, atasının hədsiz dərəcədə narahat olduğunu hiss etmişdir. Atasına Sumqayıtda olduğunu və narahat olmamasını və evə gəldiyndə hər şeyi danışacağını bildirmişdir. Evə gəldiyi zaman atasına bildirmişdir ki, Fədai təhlükəli adamdır. İltizam aktını ona hədə qorxu ilə yazdırmışdır. O, atasından bu məsələni ata-bala öz aralarında həll etməsi üçün ona köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra atası bu məsələni ondan kiçik qardaşı olan Hüseynlə paylaşmışdır. X5 müəllimlə əlaqə saxlayaraq görüşmüş, məsələnin həll edilməsi üçün borcun verilməsi ilə bağlı vaxt istəmiş, həmin vaxt görüş zamanı Fədai qardaşının üstünə hücum çəkərək bildirmişdir ki, sənin bacının başına oyun açacam o pulun iki qatını sizdən alacam. Hüseyn tərəfindən Fədaiyə bildirilmişdir ki, siz mənim bacıma hədə qorxu ilə iltizam yazdırmısınız, mənim bacım sizə 95000 manat yox 75000 manat borcu var. Fədai qardaşına bildirmişdirki, sən bunu sübut edə bilməzsən. Mən köhnə polis işçisi olmuşam nəyin necə olacağını yaxşı bilirəm. Əgər mənim səbrimi daşırtsan bacını bir zəngimlə həbs etdirərəm. Qardaşı ordan çıxdıqdan sonra evə gəlib demişdir ki, Fədai çox şərxata və təhlükəli adamdır. Sən necə bunlarla ilə iş görməyə razılıq vermisən. Bundan sonra atası, o və qardaşı razılığa gəlmişdilər ki, ailə üzvlərindən anası və yoldaşım bu məsələni bilməsin. Ondan xəbərsiz atası və qardaşı ilk öncə 18 may 2023 cü il tarixində 20 000 manat, daha sonra isə 26 may 2023-cü il tarixində 15 000 manat Abil müəllimgilə borcdan pul ödəmişdir. Hər iki ödənişlə bağlı akt tərtib edərək ümumi borcdan 35 000 manat çıxmaqla ödəmə aktında 60 000 manat borc qeyd edilmişdir. Bir müddət sonra Fədai atası və qardaşına müxtəlif hədə qorxular gələrək bildirmişdir ki. Hüseyn səndə bacının dələduzluq əməllərinə himayədarlıq edirsən. Sənidə bacınla birlikdə həbs etdirəcəm. Qardaşı ona elədiyi bu hərəkətlərin Allahsızlıq və imansızlıq olduğunu bildirmişdir. Sizində qızınızın başına belə bir iş gələrsə nələr edəcəyinizi bilmək istərdim.Bir neçə gün keçdikdən sonra Fədai qardaşına zəng edərək təzyiq edərək gəlin sizin Mərdəkan qəsəbəsində yerləşən evinizi girov qoyaq bizim üçün 100 000 manat biznes krediti götürək krediti siz ödəyərsiniz deyə bildirdilər. Qardaşı Fədaiyə acıqlanaraq sən bizi ne hesab edirsən bizim sizə borcumuz 60 000 manat yox 42 000 manat borcumuz var buna görə sizə niyə 100 000 manat götürüb verməliyik, dünya dərəbəylik deyil qayda var qanun var haq var hüquq var deyə bildirmişdir. Bundan sonra Fədai tərəfindən ona zəng gəlməmişdir.Tam vaxtı xatırlamasa da, bundan sonra bir müddət sonra Elsevər tərəfindən ona zəng vurulmuşdur və ondan qalıq borcu soruşduqdao bildirmişdir ki, mənim sizə borcum 60 000 manat deyil, 42000 manatdır. Bugün üçün o pulu ödəyə bilməyəcəyini bildirmişdir. Ona və ailəsinə yaxın işlərini apardığı yaxın bir adamın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən super təmirli həyət evi faktiki 95000 manat satışda olduğunu Elsəvər bəyə bildirmiş, razılaşarsa əgər onu sizə verərək borcu tam si fırlaya biləcəyini qeyd etmişdir. Barter elədiyi üçün 60 000 manat çıxıb yerdə qalan məbləği onlar tərəfindən ev sahibinə ödənməsini təklif edərək xahiş eləmişdir. Təxmini 2-3 ay bu razılaşmanı əldə edənə qədər sonuncu sözləri belə olmuşdur ki, ya 60 000 manat borc əvəzi verirsiniz yada lazım deyil. Bizə pulu pul şəklində qaytar. O, artıq bezdiyi üçün ev sahibi ilə razılaşmışdır ki , onlara gördüyü işlərin pulundan kredit kimi tutulmasını istəmiş və bunun üzərindən ev sahibi ilə razılaşaraq 60 000 manat borcu silsinlər və 5000 manat sahibinə verilməsi üçün razılaşmışdır, Elsevər müəllim bir neçə həftə sonra zəng edərək demişdir ki, onlar Abil müəllimlə razılaşmışlar, Abil müəllimin qardaşı Cavabdeh şirkətinin sahibi Abbas müəllimlə elə gəlib baxmalı idilər.Bir neçə gün sonra SAT İNVEST Şirkətinin sahibi Abbas müəllim, Elsəvər müəllim, Fədai müəllim birlikdə gəlib evə baxmışdılar. Onun iltizam yazdığı SAT İNVEST şirkətinin rəhbəri Abbas müəllim tərəfindən evin götürülməsinə razılıq verilmişdir. Bu razılıqdan təxmini 2 ay sonra Elsəvər bəylə bir-birlərinə razılıq haqda fikirlərini bildirmişlər. Bu razılaşmadan sonra 2024-cü ilin aprel ayının sonlarında Fədai müəllim ona zəng edərək borcu nə zaman qaytaracağını soruşmuşdur. O, ona Abil müəllimlə razılıqlarına əsasən Zabrat 2 qəsəbəsində təklif etdiyi evi verə biləcəyini bildirmişdir. 2024-cü ilin may ayında Fədai müəllim ona whatsapp vasitəsilə zəng edib yenidən hədə qorxu gələrək sənin bizə artıq 60 000 manat yox, 116 000 manat borcun var demişdir. Bundan sonra Fədaiyə üsyan edərək bildirmişdir ki, “siz məni sahibsiz yiyəsiz hesab edirsiniz deyəsən, bu ölkədə qanun var”. Belə ki, yuxarıda adlarını qeyd etdiyi şəxslər yəni, X3, Katlavan qazıntısını həyata keçirən Babək müəllimi, beton mühasibi Bəxtiyar müəllim, qardaşı Hüseyn Rüstəmzadəni, atası Rüstamov Vaqifi məhkəmə prossesi zamanı çağırıb məhkəmə tərəfindən dinlənilməsini xahiş etmişdir. SAT İNVEST Rəhbəri Abil müəllimdən aldığını 90 000 manatdan 12 000 manat qazıntı işlərini aparan Babəkə vermişdir. 35 000 manat qardaşı və atası Abil müəllimə ödəmişdir. İltizam aktına əlavə edilən 95 000 manat 5000 manat hissəsi 4600 manat ofis təmiri üçün alıb təmir edib təhvil vermişdir. Betona köçürülən 11800 manat geri qaytarılmışdır. Qaytarılan borcu hesabladıqda 106800 manatdan 63600 manat borc geri ödənilib. 42 000 manat borcu olduğunu məhkəməyə bildirir.Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, onun tərəfindən 08 may 2023-cii il tarixdə yazılmış iltizam hədə qorxu altında yazılmışdır. O, da hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

İş materialları :

3. İş materiallarına xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar əlavə edilmişdir.

4. İş materiallarına sadə yazılı qaydada tərtib edilmiş iltizamnamə əlavə edilmişdir.

5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraicət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.

7. İddiaçı və Cavabdeh-nin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.

Tətbiq edilən hüquq :

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6.işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.

9. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

10. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır.

12. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

13. İşin faktiki hallarından görünür ki, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş, hər dəfə məhkəmə hazırlıq iclası tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi, işin hallarının əlavə araşdırılması üçün təxirə salınmışdır. Tərəflərə iddiaçı tərəfindən qeyd edilən ünvanlara məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, zərflərin üzərində “bu ünvanda yaşamır”, “ünvan tam deyil” qeydləri aparılmaqla bildirişlər geri qaytarılmışdır. Həmçinin iddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılaraq məhkəmə iclaslarında iştirak etməsinin vacib olması bildirilmiş və həmin mobil telefon nömrəsinə sms-xəbərdarlıq göndərilmişdir. Məhkəmə tərəfindən iddiaçıya növbəti məhkəmə hazırlıq iclasları və məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Həmçinin Cavabdeh-nin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddia tələbinə münasibət bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir.

Nəticə :

14. Beləliklə, məhkəmə qeyd edir ki, işə iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı Cavabdeh-yə qarşı “hədə-qorxu nəticəsində yazılmış iltizamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

15. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; əməliyyat İD:470496583; qəbzin nömrəsi : 4372; büdcə səviyyə kodu: 142211; GPP qəbz nömrəsi :**********; tarix:xx.xx.2024, saat: 15:52) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı Cavabdeh-yə qarşı “hədə-qorxu nəticəsində yazılmış iltizamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; əməliyyat İD:470496583; qəbzin nömrəsi: 4372; büdcə səviyyə kodu: 142211; GPP qəbz nömrəsi:**********; tarix:xx.xx.2024, saat: 15:52) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar