Məhkəmə qərarları › İş №2(007)-1907/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1907/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1907/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Abşeron rayon 2 nömrəli DNK-nın 17 sentyabr 2005-ci il tarixli 4Ə-9-1077 nömrəli alqı-satqı müqaviləsi ilə ona məxsusdur. Bununla bağlı, JN-1865H saylı kod 30800118 olan torpağın mülkiyyətə verilməsinə dair onun adına şəhadətnamə verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qurumun 15 mart 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, JN-1865H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibi ilə şəxsiyyəti təsdiq edən sənəddə kəskin fərq olduğu aşkarlanmışdır. Belə ki, JN- 1865H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “Ərizəçi oğlu” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də, JN-1865H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-1865 saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və ona əlavə edilmiş 13 mart 2006-cı il tarixli torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin şəhadətnamə Abşeron rayon 2 nömrəli DNK-nun 17.09.2005-ci il tarixli 4Ə-9-1077 nömrəli qərarı ilə bağ evi tikintisi üçün 0,06 ha torpaq sahəsi ilə bağlı verilmişdir, qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi qrafasında “Ərizəçi oğlu” qeyd edilmişdir; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1968-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 15 mart 2021-ci il tarixli, **********34 saylı məktubundan görünür ki, JN-1865H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibi ilə şəxsiyyəti təsdiq edən sənəddə kəskin fərq olduğu aşkarlanmışdır. Belə ki, JN-1865H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “Ərizəçi oğlu” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Qeyd olunanlarla bağlı, ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Abşeron rayon 2 nömrəli DNK-nun 17.09.2005-ci il tarixli 4Ə-9-1077 nömrəli qərarı ilə bağ evi tikintisi üçün 0,06 ha torpaq sahəsi ilə bağlı ərizəçiyə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüləri tərtib edilmişdir. AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsində vətəndaş “Ərizəçi” kimi qeyd olunduğu halda, sözügedən JN-1865H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “Ərizəçi oğlu” kimi göstərilmişdir. Bununla əlaqədar ərizəçi bağ sahəsini mülkiyyəti kimi adına qeydiyyata aldıra bilməmişdir. Ərizəçi müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, JN-1865H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-1865H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar