Məhkəmə qərarları › İş №2(007)-1925/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1925/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1925/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 02 avqust 2018-ci il və 09 noyabr 2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********25316 olan “Samsung Galaxy S9+” markalı telefon, “Samsung LED TV” almış və nəticədə 2435 (iki min dörd yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02 avqust 2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2875 (iki min səkkiz yüz yetmiş beş) manat (24 ay x 115 manat + 115 manat ilkin ödəniş) İMEİ kodu **********25316 olan “Samsung Galaxy S9+” markalı telefon üçün ümumilikdə, 841 (səkkiz yüz qırx bir) manat olmaqla ondan, 634 (altı yüz otuz dörd) manat ödənilməmiş hissə, 207 (iki yüz yeddi) manat dəbbə pulu hesablanmışdır. Cavabdeh digər müqavilənin də şərtlərini pozmuş və nəticədə 09 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1588 (min beş yüz səksən səkkiz) manat (18 ay x 88 manat + 4 manat ilkin ödəniş) “Samsung LED TV” üçün ümumilikdə, 1594 (min beş yüz doxsan dörd) manat olmaqla ondan, 1264 (min iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 330 (üç yüz otuz) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2565 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. 02 avqust 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25316 olan “Samsung Galaxy S9+” markalı telefon üçün 634 (altı yüz otuz dörd) manat ödənilməmiş hissə, 207 (iki yüz yeddi) manat dəbbə pulu, 09 noyabr 2019-cı il tarixli müqaviləsinə əsasən, “Samsung LED TV” üçün, 1264 (min iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 330 (üç yüz otuz) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 2435 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2465 manat pulun Cavabdeh alınaraq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, izahatında göstərdi ki, o, turizm şirkətində işləməklə bir müddət malların dəyərindən ödəniş etmiş, lakin sonradan pandemiya ilə əlaqədar sərhədlər bağlandığı üçün ödənişlərində gecikmələr yaranmışdır. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 02 avqust 2018-ci il və 09 noyabr 2019-cu il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 02 avqust 2018-ci il və 09 noyabr 2019-cu il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh həmin tarixli müqavilələr üzrə əşyaları (malları) “xxxx” MMC-dən təhvil almışdır; - “xxxx” MMC tərəfindən cavabdehə ünvanlanmış 31 avqust 2020-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 03 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; -“xxxx” MMC-nin 02 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 avqust 2018-ci il və 09 noyabr 2019-cu il tarixli müqavilələr üzrə müvafiq olaraq 634 manat əsas borcu, 207 manat dəbbə borcu və 1264 manat əsas borcu, 330 manat dəbbə borcu olmaqla, cəmi 2435 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 avqust 2018-ci il və 09 noyabr 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) “xxxx” MMCdən təhvil almışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 02 avqust 2018-ci il və 09 noyabr 2019-cu il tarixli müqavilələr əsasında iddiaçı “xxxx” MMC-dən müvafiq əşyalar (mallar) almış, lakin o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 634 manat əsas borc, 63 manat dəbbə pulu (cərimə) və 09 noyabr 2019cu il tarixli alqı-satqı müqaviləsi üzrə 1264 manat əsas borc, 126 manat dəbbə pulu (cərimə), ümumilikdə cəmi 2087 manat borc Cavabdeh alınaraq, “xxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 avqust 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 634 (altı yüz otuz dörd) manat əsas borc, 63 (altmış üç) manat dəbbə pulu (cərimə) və 09 noyabr 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 1264 (min iki yüz altmış dörd) manat əsas borc, 126 (yüz iyirmi altı) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 2087 (iki min səksən yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar