Məhkəmə qərarları › İş №2(007)-1938/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1938/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1938/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.07.2019-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********91160 olan iPhone X markalı telefon üçün 1570 (min beş yüz yetmiş) manat ödənilməmiş hissə, 471 (dörd yüz yetmiş bir) manat dəbbə, 08.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple markalı qulaqlıq üçün 530 (beş yüz otuz) manat ödənilməmiş hissə, 159 (yüz əlli doqquz) manat dəbbə, ümumilikdə 2730 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2760 manat cavabdeh X2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 30 iyul 2018-ci il və 08 iyul 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********91160 olan iPhone X markalı telefon, Apple markalı qulaqlıq almış və nəticədə 2730 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.07.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4227 (dörd min iki yüz iyirmi yeddi) (yəni 24 ay x 157 manat + 459 manat ilkin ödəniş), İMEİ Kodu **********91160 olan iPhone X markalı telefon üçün ümumilikdə 2041 (iki min qırx bir) manat olmaqla ondan 1570 (min beş yüz yetmiş) manat ödənilməmiş hissə, 471 (dörd yüz yetmiş bir) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 708 (yeddi yiiz səkkiz) manat (12 ay x 59 manat 0 manat ilkin ödəniş) Apple markalı qulaqlıq üçün ümumilikdə, 689 (altı yüz səksən doqquz) manat olmaqla ondan, 530 (beş yüz otuz) manat ödənilməmiş hissə, 159 (yüz əlli doqquz) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2835 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının qeyd etdiyi əsas borc məbləği ilə razıdır. Lakin hesab edir ki, cərimə məbləğləri şişirdilmişdir. Hazırda işləmir və maddi vəziyyəti ağıdır. Göstərdiklərinin nəzərə alınmasını və dəbbə pulunun silinməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2018-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 4227 manat olan İMEİ Kodu **********91160 olan iPhone X markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 708 manat olan Apple markalı qulaqlıq almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 22 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 20 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 iyul 2018-ci il tarixli müqavilə 1570 manat əsasə borc, 471 manat dəbbə pulu olmaqla ümumilikdə 2041 manat borcu, 08 iyul 2019-cu il tarixli müqavilə üzrə 530 manat əsas borc, 159 manat dəbbə pulu olmaqla ümumilikdə 689 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2018-ci il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 4227 manat olan İMEİ Kodu **********91160 olan iPhone X markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 708 manat olan Apple markalı qulaqlıq almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 30 iyul 2018-ci il və 08 iyul 2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh X4 alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 iyul 2019-cu il tarixli müqavilə üzrə, 1570 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla cəmi 1650 manat, 08 iyul 2019-cu il tarixli müqavilə üzrə, 159 manat ödənilməmiş hissə, 20 manat dəbbə olmaqla, cəmi 179 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30 iyul 2019-cu il tarixli müqavilə üzrə, 1570 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu olmaqla cəmi 1650 manat, 08 iyul 2019-cu il tarixli müqavilə üzrə, 159 manat ödənilməmiş hissə, 20 manat dəbbə olmaqla, cəmi 179 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar