Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1947/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində istifadədə olan 0,0744 ha torpaq sahəsində yerləşən 65A nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində ümumi sahəsi 59,9 k.m olan, 3 otaqlı 40 nömrəli mənzil tam mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə, ********* nömrəsi ilə qeydiyyata alınmış və buna dair MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan və yuxarıda göstərilən ünvanda yerləşən mənzildə qardaşı, Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd etmişdir ki, qardaşı həmin mənzilə daha əvvəl, mənzil onun mülkiyyətinə keçməmişdən əvvəl də qeydiyyatda olmuşdur. Qeyd edilənlərə əsasən qardaşına kompensasiya ödənilməklə mənzildən istifadə hüququra xitam verilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 5000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 10000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməısini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək, kompensasiya məbləği artırılaraq 15000 manat verilərsə özünə ev yaxud torpaq sahəsi ala bilər. Bu səbəbdən iddiaçı kompensasiya məbləğini artırsa istifadə hüququna xitam verilməsinə etiraz etməyəcəyini bildirdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil iddia tələbini qismən etiraf edərək, cavabdehin izahatına uyğun izahat verdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarış ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - Məhkəmənin qərardadına əsasən mübahisəli mənzilin qiymətləndirilməsi həyata keçirilmişdir, “X1 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli YDQM 007- 088/2022 nömrəli hesabat aktından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1-ın hazırki bazar qiyməti 90.700 manat, mənzilin orta aylıq kirayə haqqı isə 290 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırki mübahisə predmeti olan ünvan 1 İddiaçı tam payda xüsusi mülkiyyətindədir, bu barədə daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona verilmiş çıxarış, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının qardaşı olmaqla həmin ünvanda qeydiyyatdadır. İddiaçı mülkiyyətçi kimi onun tərəfindən cavabdehə 10000 manat kompensasiya ödənilməklə ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə nəzərə alır ki, mübahisəli mənzil 16 mart 2007-ci il il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Bundan əlavə, Cavabdeh qeyd olunan mənzil sosial kirayə müqaviləsi atası ilə bağlanan zamandan həmin mənzildə yaşamış mənzilə istifadə hüququ yaranmışdır. Atası vəfat etdikdən sonra cavabdeh həmin mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə razılıq vermişdir, bu hal məhkəmə araşdırması zamanı hər iki tərəfin izahatları ilə təsdiq edilmişdir, hansı ki, bu işin mübahisəsiz halıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdeh iddianı, kompensasiya verilməklə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsində faktiki olaraq qəbul edir, onun mübahisələndiryi hal yalnız kompensasiyanın məbləği ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 3 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Həmçinin, cavabdeh əmək qabiliyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olubolmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istifadə hüquqlarını nəzərə almışdır. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırki bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 10000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Buna görə məhkəmə hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, istifadə hüququ əmlakdan (əşyadan) hər hansı formada fayda götürmək və ya istifadə etməklə şərtləndirilir, başqa sözlə, istifadə hüququ əmlakdan (əşyadan) fayda, bəhər götürmək və istifadə etməklə əlaqəlidir. Bu isə, öz növbəsində Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş həmin hüquqdan da istifadənin məhz zərurətdən doğan, başqa sözlə, onsuz keçinməyin mümkünsüz olması (başqa yaşayış yerinin olmaması) anlamına gəlməyə əsas verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 10000 manat kompensasiya verilməklə xitam verilməli, İddiaçı 10000 manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 10000 manat kompensasiya verilməklə xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. İddiaçı 10000 manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1947/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1947/2022
12.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver