Məhkəmə qərarları › İş №2(007)-1959/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1959/2023

09.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1959/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış 1555 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən fərdi yaşayış evi faktiki olaraq ona məxsus olmaqla onun istifadəsindədir. Cavabdeh tərəfindən evində təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. Tərəfindən mütəmadi olaraq smart kart vasitəsi ilə sayğaca pul vəsaiti yüklənilir. Onun xəbəri olmadan cavabdeh tərəfindən həmin fərdi yaşayış evinə dair «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmin aktda qeyd olunur ki, sayğacda qutu plomb yoxdur. Sayğacın giriş gözündə dəlik aşkarlanmışdır. Nəticədə ona 1555 manat borc məbləği yazılmışdır. O, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Belə ki, nə o, nə də ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə ASAN Kommunal xidmətinə etdiyi müraciətlər nəticəsiz qalmış, şifahi qaydada ona borcun silinməsi barədə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. O, ASAN xidmətə çağırılan zaman ona əgər borcu hissə-hissə ödəməyi qəbul etsə, qazı bərpa edəcəklərini bildirmişlər. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi X3 iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, iddianı qəbul etmir və hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçının kənar təsiri nəticəsində (sayğacın çıxış plastmas borusunun deşilməsi) sayğacın istifadə olunan qaz sərfiyyatını qeydə almadığı aşkar olunmuşdur. Bu barədə istehlakçının iştirakı ilə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib olunmuş, aşkar edilmiş nöqsanlar istehlakçıya bildirilmiş və sayğac dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın rəyinə əsasən də sayğaca müdaxilə edildiyi öz təsdiqini tapmışdır. Bundan sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək 1555,20 manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, sözügedən ev yaşamadıqları bağ evidir. Sayğac evdən kənarda çöldə yerləşir. Sayğacı onlara məlumat vermədən dəyişiblər. Bütün bunları qonşu görmüşdür. Onun iştirakı olmadan akt yazıblar. Sayğaca onlar tərəfindən müdaxilə edilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh nümayəndəsi X3 bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Sayğac istismar müddəti bitdiyindən xx.xx.2023-cü il tarixdə dəyişilmişdir. Sayğac dəyişiləndə abonentə bildirilməlidir. Sayğacı dəyişənlərlə danışıb, aktda mobil nömrə də vardır. Özü iştirak etməsə də telefon vasitəsilə onlarla danışmışdır. Akt yoxlamadan qayıdandan sonra tərtib edilmişdir. Dövlət yoxlamasının rəyini təqdim etmək üçün evə gedəndə heç kim evdə olmamışdır. Aktda qeyd olunan nömrə iddiaçının anasınındır. Evin anasına aidiyyatı yoxdur. Cərimə 90 gün müddətinə 1555 manat hesablanmışdır. Elektron sayğacın çıxış plastmas borusu deşilib. Bunu yalnız sayğacdan başı çıxan şəxs edə bilər. Normalda bunu kimsə edə bilməz. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 26 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Sabunçu rayonu Albalılıq qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın nominal və minimal sərfiyyatdan 100% xətaya işləməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. - Qaz sayğacının yoxlanması barədə 25 aprel 2023-cü il tarixli, MSK-14-2-2/3-5- 4289-1 nömrəli aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi. Pastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. - Abonentin saldosundan görünür ki, Sabunçu rayonu Albalılıq qəsəbəsi Bağ massivində yerləşən fərdi yaşayış evində İddiaçı adlı abonentə xx.xx.2023-cü il tarixdə ZENNER G4T SMART markalı, **********532 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00015-dir. Abonentə sayğacdan kənar qoşulma üçün 1555 manat borc hesablanmışdır. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x24x90=1555 - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, çıxarılan qutu plombu yoxdur. Sayğacın giriş borusunda dəlik aşkarlandı. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 26 aprel 2023-cü il tarixli akta əsasən İddiaçı məxsus Sabunçu rayonu Albalılıq qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Sayğac nominal və minimal sərfiyyatdan 100% xətaya işləyir. Sayğac istismara yararsızdır. İddiaçıya 1555 manat borc hesablanmışdır. Hesabat müddəti 90 gün qəbul edilmişdir. İddiaçı həmin cərimənin silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğac elektrondur. Həmin sayğaca müdaxilə etmək üçün xüsusi bilik lazımdır. Göründüyü kimi elektron sayğacın plastmas borusu deşilmişdir. İddiaçı bildirmişdir ki, həmin ev onların yaşamadıqları bağ evidir. Cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edə bilməmişdir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir. Cavabdeh tərəfindən hesablanmış cərimə 90 gün qəbul edilməklə hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Cavabdeh İB-nin nümayəndələri hər ay sayğaclara baxış keçirirlər. Cavabdeh İB-nin nümayəndəsi iddiaçının nə zamandan qazdan sayğacdan kənar sərf edildiyi sübuta yetirə bilmədi. Göründüyü kimi Cavabdeh İB qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6x24x90=1555) hesablanmışdır. Buna görə də sərf olunmuş qaza görə hesablanmış 1555 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00015 abonent kodu üzrə hesablanmış 1555 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00015 abonent kodu üzrə hesablanmış 1555 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar