Məhkəmə qərarları › İş №2(007)-1963/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1963/2023

27.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1963/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Bayramov Orxan Nizami oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında 18 fevral 2023-cü il tarixdə bağlanmış, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən 18 fevral 2023-cü il tarixdə 3M-756 nömrə ilə reyestrdə qeydə alınmaqla təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında 18 fevral 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsi ilə “Borc verən” Cavabdeh ona 16000 manat məbləğində pul borc verir. O, həmin borc məbləğini xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndi ilə müəyyən edilmişdir ki, kreditin verilməsi faizsiz şərtləndirilir. Müqavilənin həmin bəndinə zidd olaraq 8-ci bəndi ilə müəyyən olunmuşdur ki, “Borc alan” müqavilə ilə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Cavabdeh ilə bağlanmış kredit müqaviləsi Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 18 fevral 2023-cü il tarixdə 3M-756 nömrə ilə reyestrdə qeydə alınmaqla təsdiq edilmişdir. Faktiki olaraq onunla Cavabdeh arasında 18 fevral 2023-cü il tarixdə kredit müqaviləsi bağlansa da həmin müqavilə ilə ona 16000 manat məbləğində pul verilməmişdir. Onun həmin müqaviləni bağlamağına səbəb X2 onu və Cavabdeh aldatma yolu ilə ona məxsus 30000 manat məbləğində pul vəsaitini və Cavabdeh məxsus 60000 manat məbləğində pul vəsaitini əlinə keçirməsi olmuşdur. Cavabdeh onun vasitəsilə X5 tanımışdır. Ona görə onu tanıdıqlarından onun yanında ona verdikləri 60000 manat pulu ondan tələb etmişlər. İddiaçının onlara olan etirazına, pulun Elcan Nərimanova verilməsini onunla razılaşmadan, öz aralarında olan danışıqla pulun verilməsini razılaşmalarını bildirməyinə baxmayaraq ondan polis orqanlarına şikayət edəcəklərini, onun barəsində mətbuat, digər informasiya vasitələrində onlara məxsus 60000 manat məbləğində pullarını aldığı barədə məlumatlar yaymaqla rüsvay edəcəklərini bildirdikləri üçün o, 18 fevral 2023-cü il tarixdə X1 60000 manat məbləğində pulu borc olaraq aldı. Fəzail Musayevdən aldığı 60000 manat pulu Cavabdeh həmin gün həyat yoldaşı Samir Abdinovun iştirakı ilə ödəmişdir. İddiaçı ona 60000 manat pulu ödədikdən sonra bildirdi ki, həmin pulu bankdan kredit götürüb Elcana verib. Kreditə görə 16000 manat faiz ödəyib. Ödədiyi faiz, məbləğinə görə ondan 16000 manat pulu da ödəməyini tələb etdi. Onun həmin pulu ödəməyə imkanı olmadığından və təkrar kiməsə müraciət edib borc almağa imkanı olmadığını bildirdi. Cavabdeh bildirdi ki, həmin məbləği verməsə barəsində polisə şikayət edib, mətbuatda, kütləvi informasiya vasitələrində ona qarşı dələduzluq etdiyi barədə şikayət edəcək, məlumatlar yayacaqdır. O, məcburiyyət qarşısında qalaraq onunla razılaşdı ki, aralarında borc müqaviləsi bağlansın. O, həmin borcu 05 mart 2023-cü il tarixə qaytaracaqdı. Faktiki olaraq 18 fevral 2023-cü il tarixdə onun X1 borc olaraq aldığı 60000 manat pulu Cavabdeh və onun yoldaşı Samirə ödədikdən sonra, ondan aldığı 60000 manat pulun 16000 manatını çıxarıb notariat kontorunda saydılar. Pul ona verilmədən Cavabdeh həyat yoldaşı Samir Abdinov cibinə qoydu. 18 fevral 2023-cü il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 iştirakı ilə ona 16000 manat pul borc verilməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, görüşəndə Cavabdeh əri Samir pulu əlbəəl Elcana vermişdir. 60000 manat pul cavabdehə qaytarılıb. 16000 manat pulu isə o, götürməyib sadəcə müqavilə bağlanıb, 60000 manat pulu Cavabdeh əri Abdinov Samir götürmüşdür. Səs yazısında 16000 manat əlavə faiz alacağını bildirir. Bu da sübut edir ki, o, 16000 manat pulu almayıb Cavabdeh. Müqavilə formal bağlanıb. Ona görə müqavilə etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, Elcan adlı şəxs özünü onlara nüfuzlu şəxs kimi, Həsənov Həsənin köməkçisi kimi tanıtmışdır. Aygün pulu əlbəəl Elcana vermişdir. İddiaçıya zəng gəldiyi üçün 5 dəqiqəlik çıxmışdır və gələndə görüb ki, onlar artıq razılaşıblar. Azadxan Fəzaildən 60000 manat pul alıb Aygün xanımgilə qaytarmışdır. Sonra isə pulu Fəzailə qaytarmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, oğlu dövlət imtahanından keçə bilmədiyi üçün iddiaçı ona oğlunu universitetə düzəldəcəyi barədə vəd vermişdi və bunun müqabilində ondan 60000 manat pul almışdır. Azadxan 60000 manatı 18 fevral 2023-cü il tarixdə notariusda qaytardı, lakin elə həmin vaxt notariusda olan zaman 16000 manat təcili lazım olduğunu bildirib və xx.xx.2023-cü il tarixədək qaytaracağına söz verdiyi üçün 16000 manat yenidən notariusda kredit müqaviləsi bağlamaq şərti ilə Azadxana verib. Azadxan pulu xx.xx.2023-cü il tarixədək qaytarmalı idi. Lakin pulu qaytarmadığı üçün notarius icra qeydi verdi. İcra qeydi verildikdən sonra icra şöbəsinə də çağırıb icra məmuruna izahat verib həmin izahatda da 16000 manat borcunun olduğunu etiraf edir, daha sonra vaxt qazanmaq üçün hazırki iddia ilə məhkəməyə müraciət edib. CD diskdə olan səs yazısını isə bəli deyib ancaq o sözləri deməsini ona İddiaçı bildirmişdir, çünki Azadxan o səs yazısını barəsində cinayət işi gedən Elcan adlı şəxsə dinlətdirəcəkdi ki, o Azadxandan aldığı pulları qaytarsın. Yəni deyilənlər Azadxanın öz ssenarisi əsasında deyilmişdir. İddiaçı neçə adamı aldadıb və bir neçə yerdə məhkəmə işi və araşdırmalar gedir barəsində. Artıq işdən də çıxardıblar onu. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı xx.xx.2023-cü il müddət üçün vaxtında ödənilməmiş 16000 manat tutulması qeyd edilmişdir. Bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16025 manat pul tutulması qeyd edilmişdir. - Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 fevral 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 16000 manat məbləğində pul vəsaitini İddiaçı vermişdir. İddiaçı krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh onunla İddiaçı arasında 3M- 756 saylı reyestrlə 16000 manat məbləğinə dair xx.xx.2023-cü il tarixədək ödəmək şərti ilə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Göstərilən məbləğ borclu tərəfindən götürdüyü öhdəliyin yerinə yetirilməməsi səbəbdən 18 fevral 2023-cü il tarixli 3M-756 saylı reyestrlə qeydə alıınmış kredit müqaviləsinin icraya yönəldilməsini xahiş etmişdir. - Bakı şəhəri 43 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 16000 manat borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir. - "xxxx" ASC Mərkəz filialının xx.xx.2023-cü il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh 16000 manat pulu notariusun depozit hesabına yerləşdirmişdir. - İddiaçı Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsində verdiyi izahatdan görünür ki, İddiaçı 8İ-4940 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən borcunu hissə-hissə ödəməyə razı olduğunu qeyd etmişdir. O, hər ay 1600 manat olmaqla 10 ay ərzində borcu bağlayacağını bildirmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X8 izahatında bildirnişdir ki, o, İddiaçı restoranları icarəyə vermək adı ilə aldadaraq müxtəlix məbləğlərdə təxminən 75000 manat pul almışdır. Bundan əlavə Azadxanın tanışı Samirin oğlu X6 düzəltmək adı ilə ayrı-ayrı vaxtlarda Azadxan və Samirdən ümumilikdə 60000 manat məbləğində pul alaraq onları aldatmışdır. İddiaçı izahatında bildirmişdir ki, Natiq adlı şəxs onu və qardaşını Elcan Nərimanov adlı şəxslə tanış etmişdir. Elcan obyektin Həsən Həsənova məxsus olduğunu bildirmişdir. Obyektin aylığı 2500 manat olmaqla razılaşmışlar və ödənişi Elcana vermişlər. Sonradan Elcan onlara başqa obyekt təklif etmiş və Elcana 5000 manat məbləğində pul vermişlər. Bu ərərfələrdə Aygün və Samir adlı şəxs oğullarını Polis Akademiyasına düzəldə biləcək şəxs axtarırdılar. Elcan onlara köməklik edəcəyini bildirmiş və onlar Elcana 50000 manat sonradan 10000 manat pul vermişlər. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh oğlunu Polis Akademiyasına düzəltmək müqabilində aldığı 60000 manat pulu 18 fevral 2023-cü il tarixdə Cavabdeh notariusda qaytaran zaman İddiaçı 16000 manat təcili lazım olduğunu bildirib və xx.xx.2023-cü il tarixədək qaytaracağına söz verdiyi üçün Cavabdeh 16000 manat pulu yenidən notariusda kredit müqaviləsi bağlamaq şərti ilə İddiaçı vermişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 16000 manat məbləğində pul vəsaitini İddiaçı vermişdir. İddiaçı krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Cavabdeh xeyrinə İddiaçı xx.xx.2023-cü il müddət üçün vaxtında ödənilməmiş 16000 manat tutulması qeyd edilmişdir. Bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 16025 manat pul tutulması qeyd edilmişdir. Hazırda İddiaçı Cavabdeh ilə onun arasında 18 fevral 2023-cü il tarixdə bağlanmış Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən 18 fevral 2023-cü il tarixdə 3M-756 nömrə ilə reyestrdə qeydə alınmaqla təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 338-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi kredit müqaviləsi 18 fevral 2023-cü il tarixdə bağlanmışdır. İddiaçı borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu müddət ərzində iddiaçı müqaviləni mübahisələndirməmişdir. Hətta icra qeydi veriləndə də məlumatı olmuşdur. Belə ki, notariat işinin təsdiq olunmuş surətində olan xx.xx.2023-cü il tarixli bildiriş və onun göndərilməsi barədə qəbzdən görünür ki, icra qeydi verilən zaman notarius tərəfindən İddiaçı xəbərdar olunmuşdur. Daha sonra icra qeydi icra məmurunun icraatında olan zaman borclu İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsində izahat verərək 8İ-4940 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən borcunu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. O, hər ay 1600 manat olmaqla 10 ay ərzində borcu bağlayacağını qeyd etmişdir. Deməli, İddiaçı Cavabdeh borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflər arasında 18 fevral 2023-cü il tarixdə bağlanmış müqavilə Plenum Qərarında qeyd olunan zəruri hallara riayət olunmaqla bağlanmışdır. Belə ki, qanunda nəzərdə tutulmuş formaya uyğun (Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.) notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Digər hal gərəkli razılığın verilmiş olmasıdır, hansıki tərəflər öz iradə ifadələri ilə notariat orqanında borcun qaytarılma müddəti də müəyyən edilməklə kredit müqaviləsi bağlamışlar. Plenum Qərarında qeyd olunan müqavilənin etibarlılıq şərtlərindən biri də əqdi bağlayan şəxslərin anlaqlı olmasıdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman anlaqsız olmasına şübhə doğuran yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş CD diskdə olan səs yazısına münasibətdə isə məhkəmə bildirir ki, əgər həqiqətən də 60000 manat pulu qaytardıqdan sonra hansı ki, işin mübahisəsiz halıdır hər iki tərəf etiraf edir, İddiaçı yenidən Cavabdeh 16000 manat götürməyibsə və cavabdehin dediyi kimi əlavə faiz pulu olaraq 16000 manat pulu formal olaraq tələb edirsə, yuxarıda qeyd edildiyi kimi notariusun xx.xx.2023-cü il tarixli bildirişini aldıqdan sonra müqaviləni mübahisələndirmək yerinə iki ay sonra xx.xx.2023-cü il tarixdə heç bir təzyiq və təsir olmadan İcra Şöbəsində izahat verərək “xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən borcunu hissə-hissə ödəməyə razı olduğunu və hər ay 1600 manat olmaqla 10 ay ərzində borcu bağlayacağını” qeyd etməzdi. Bundan başqa iddiaçı 18 fevral 2023-cü il tarixdə bağlanmış müqaviləni 02 iyun 2023-cü il tarixdə mübahisələndirmişdir. Həmçinin iddiaçı müqavilənin formal bağlanmasını sübut edən başqa sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə "xxxx" ASC Mərkəz filialının xx.xx.2023-cü il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh 16000 manat pulu notariusun depozit hesabına yerləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 18 fevral 2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ilə onun arasında 18 fevral 2023-cü il tarixdə bağlanmış Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən 18 fevral 2023-cü il tarixdə 3M-756 nömrə ilə reyestrdə qeydə alınmaqla təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ilə onun arasında 18 fevral 2023-cü il tarixdə bağlanmış Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən 18 fevral 2023-cü il tarixdə 3M-756 nömrə ilə reyestrdə qeydə alınmaqla təsdiq edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar