Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1976/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh Mənsimova (Karaköse) Xəyalə Mahir qızına qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh Mənsimova (Karaköse) Xəyalə Mahir qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 aprel 2019-cu il tarixli müqaviləsinə əsasən Morion markalı su filtri, Hoffmann markalı mini soba, Verda markalı tava üçün 952 (doqquz yüz əlli iki) manat ödənilməmiş hissə, 95 (doxsan beş) manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 1047 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1077 manat cavabdeh Mənsimova (Karaköse) Xəyalə Mahir qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 13.04.2019-cu il tarixli müqaviləsinə əsasən, Morion markalı su filtri, Hoffmann markalı mini soba, Verda markalı tava almış və nəticədə 1047 (min qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.04.2019-cu iltarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1278 manat olan Morion markalı su filtri, Hoffmann markalı mini soba, Verda markalı tava üçün ümumilikdə 1047 (min qırx yeddi)manat olmaqla, ondan 952 (doqquz yüz əlli iki)manat ödənilməmiş hissə, 191 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 95 (doxsan beş) manat cərimə borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 326 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmindəmübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Mənsimova (Karaköse) Xəyalə Mahir qızı arasında bağlanmış 13 aprel 2019-cu il tarixli müqavilə və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Mənsimova (Karaköse) Xəyalə Mahir qızına ümumi dəyəri 1278 manat olan Morion markalı su filtri, Hoffmann markalı mini soba, Verda markalı tava satılmışdır. Mənsimova (Karaköse) Xəyalə Mahir qızı müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyaın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşya həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 05 iyun 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Mənsimova (Karaköse) Xəyalə Mahir qızının 13 aprel 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 952 manat, cərimə borcu üzrə 95 manat olmaqla, ümumilikdə 1047 manat borcu vardır. İşə əlavə olunmuş 05 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh Mənsimova (Karaköse) Xəyalə Mahir qızı 13 aprel 2019-cu il tarixli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 13 aprel 2019-cu il tarixli müqavilə üzrə 952 manat əsas borc, 95 manat cərimə borcu olmaqla, ümumilikdə 1047 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Mənsimova (Karaköse) Xəyalə Mahir qızından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1976/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1976/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver