Məhkəmə qərarları › İş №2(007)-1988/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1988/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1988/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə 27 sentyabr 2019-cu il və 19 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, X4, X5, Alyans-Paris dolab, Zeta mebel, Microsoft Windows 10 əməliyyat sistemi və Asus markalı notbuk almış və nəticədə 7050.6 (yeddi min əlli manat altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3480 (üç min dörd yüz səksən) manat (24 ay x 145 manat+ 0 manat ilkin ödəniş) X4, X5, Alyans-Paris dolab, Zeta mebel üçün ümumilikdə, 3422 (üç min dörd yüz iyirmi iki) manat olmaqla ondan, 2900 (iki min doqquz yüz) manat ödənilməmiş hissə, 522 (beş yüz iyirmi iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2992.6 (iki min doqquz yüz doxsan iki manat altmış qəpik) manat (12 ay x 232.8 manat +199 manat ilkin ödəniş) Microsoft Windows 10 əməliyyat sistemi və Asus markalı notbuk üçün ümumilikdə, 3628.6 (üç min altı yüz iyirmi səkkiz manat altmış qəpik) manat olmaqla ondan, 2793.6 (iki min yeddi yüz doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 835 (səkkiz yüz otuz beş) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 779 manat təşkil edir. 27 sentyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, X4, X5, Alyans-Paris dolab, Zeta mebel üçün 2900 (iki min doqquz yüz) manat ödənilməmiş hissə, 522 (beş yüz iyirmi iki) manat dəbbə; 19 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən Microsoft Windows 10 əməliyyat sistemi və Asus markalı notbuk üçün, 2793.6 (iki min yeddi yüz doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 835 (səkkiz yüz otuz beş) manat dəbbə pulu olmaqla, ümumilikdə, 7050 manat 60 qəpik borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7080 manat 60 qəpik pulun Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 117 saylı MKİS-nə, o cümlədən Bakı şəhəri Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 27 sentyabr 2019-cu il və 19 yanvar 2020-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 27 sentyabr 2019-cu il və 19 yanvar 2020-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh həmin tarixli müqavilələr üzrə əşyaları (malları) "xxxx" MMC-dən təhvil almışdır; - "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 21 sentyabr 2020-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 01 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 sentyabr 2019-cu il və 19 yanvar 2020-ci il tarixli müqavilələr üzrə müvafiq olaraq 2900 manat əsas borcu, 522 manat dəbbə borcu və 2793,6 manat əsas borcu, 835 manat dəbbə borcu olmaqla, cəmi 7050 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il və 19 yanvar 2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan müvafiq şərtlərlə və dəyərdə əşyalar (mallar) almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də onların predmeti olan əşyaları (malları) "xxxx" MMCdən təhvil almışdır. Lakin cavabdeh aldığı malların dəyərini ödəməklə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 27 sentyabr 2019-cu il və 19 yanvar 2020-ci il tarixli müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar (mallar) almış, lakin o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2900 manat əsas borc, 290 manat dəbbə pulu (cərimə) və 19 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2793,6 manat əsas borc, 279,36 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 6262,96 manat borc Cavabdeh alınaraq, "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 sentyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2900 (iki min doqquz yüz) manat əsas borc, 290 (iki yüz doxsan) manat dəbbə pulu (cərimə) və 19 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2793,6 (iki min yeddi yüz doxsan üç manat, altmış qəpik) manat əsas borc, 279,36 (iki yüz yetmiş doqquz manat, otuz altı qəpik) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 6262,96 (altı min iki yüz altmış iki manat, doxsan altı qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar