Məhkəmə qərarları › İş №2(007)-1989/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1989/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1989/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17.09.2019-cu il tarixli müqaviləyə əsasən X3 markalı kombi, qaz requlyatoru üçün 1855 (min səkkiz yüz əlli beş) manat ödənilməmiş hissə, 522 (beş yüz iyirmi iki) manat dəbbə, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********83361 olan Samsung Galaxy A10 markalı telefon üçün 525 (beş yüz iyirmi beş) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, ümumilikdə 3007 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3037 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə 17.09.2019-cu il və 02.12.2019-cu il tarixli müqavilələrə əsasən X3 markalı kombi, qaz requlyatoru və İMEİ kod **********83361 olan Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 3007 manat borc yaranmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayədəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh 17.09.2019-cu il və 02.12.2019-cu il tarixli müqavilələr üzrə 2380 manat əsas, 627 manat dəbbə pulu, cəmi 3007 manat ödənilməmiş borcu vardır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17.09.2019-cu il tarixli 00920225 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 2 manat ilkin ödənişlə 2090 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 116 manat olmaqla 18 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli 01096174 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 525 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 25 manat olmaqla 21 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 17.09.2019-cu il və 02.12.2019-cu il tarixli bildirişlərdən görünür ki, bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilələrdə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00920225 və 01096174 nömrəli müqavilələrə əsasən əşyaları tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin 26.05.2020-ci il tarixli məktubunun surətindən görünür ki, cavabdeh qısa müddətdə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 01.03.2021-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 17.09.2019-cu il və 02.12.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən cavabdeh iddiaçıdan cəmi 2615 manat məbləğində əşyalar almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixlərdə də müqavilələrin predmeti olan əşyaları “xxxx” MMC-dən təhvil almışdır. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 17.09.2019-cu il tarixli müqavilə üzrə X3 markalı kombi, qaz requlyatoru üçün 522 manat miqdarında cərimə pulu 1855 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 02.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kod **********83361 olan Samsung Galaxy A10 markalı telefon üçün 105 manat dəbbə pulu 525 manat ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq müvafiq olaraq 90 manat və 25 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 17.09.2019cu il tarixli müqaviləyə əsasən X3 markalı kombi, qaz requlyatoru üçün 1855 manat ödənilməmiş hissə, 90 manat cərimə, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83361 olan Samsung Galaxy A10 markalı telefon üçün 525 manat ödənilməmiş hissə, 25 manat cərimə, ümumilikdə 2495 manat borc, 24,9 manat ödənilmiş dövlət rüsumu, cəmi 2519,9 manat Cavabdeh alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5,1 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.09.2019-cu il tarixli müqaviləyə əsasən X3 markalı kombi, qaz requlyatoru üçün 1855 manat ödənilməmiş hissə, 90 manat cərimə, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********83361 olan Samsung Galaxy A10 markalı telefon üçün 525 manat ödənilməmiş hissə, 25 manat cərimə, ümumilikdə 2495 manat borc, 24,9 manat ödənilmiş dövlət rüsumu, cəmi 2519,9 manat Cavabdeh alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5,1 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar