Məhkəmə qərarları › İş №2(007)-2071/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2071/2023

05.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2071/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Masallı Regional “Asan xidmət” mərkəzi cəlb olunmaqla “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Masallı Regional “Asan xidmət” mərkəzi cəlb olunmaqla “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ilə X4 1991-ci ildə ailə həyatı qurublar. Birgə nikahdan 16 iyul 1992-ci ildə bacısı İlahə, 28 noyabr 1994-cü ildə bacısı Ləman, 10 fevral 1998-ci ildə isə o özü doğulmuşdur. Onlar Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində yaşamışlar. Bacıları Rusiya Federasiyasının vətəndaşlığını almışlar. Atası orada ticarətlə məşğul olmuş və onlar ilin müəyyən müddətini Rusiyada, müəyyən müddətini isə Bakı şəhərində qalmışlar. Böyük bacısı İlahə 2009-cu ildə X34 ilə ailə həyatı qurmuş, onların birgə nikahdan iki uşaqları var və hazırda Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərində qeydiyyatda olmaqla orada yaşayırlar və onların hər ikisi Rusiya vətəndaşıdır. X5 24 noyabr 2013-cü ildə ölmüş, atalarının meyitini Cəlilabad şəhər qəbirstanlığında dəfn etmişlər. X3 isə 04 sentyabr 2020-ci ildə ölmüş və onlar analarının meyitini Bakı şəhərində Hövsan qəbiristanlığında dəfn etmişlər. X2 adına ünvan 1 ünvanında, ümumi sahəsi 80,10 kvadratmetr olan daşınmaz əmlakı, evi vardır. Həmin mənzilə anası adına 17 iyul 2019-cu ildə daşınmaz əmlakın reyestr nömrəsi **********09-05101-093033, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. X4 04 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. X4 vəfat etdikdən sonra Rusiya Federasiyasının vətəndaşı olan, Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25-də qeydiyyatda olan və yaşayan bacısı Cavabdeh1 05 may 2021-ci il tarixdə, yəni anasının ölümündən 8 ay sonra anasının adına ünvan 2 ünvanda olan daşınmaz əmlak olan yaşayış evini, Cəlilabad rayon NO-nun 4Ə-352 reyestr nömrəli 05 may 2021-ci il tarixli "bağışlama müqaviləsi" əsasında tərtib edilmiş ********** qeydiyyat nömrə ilə öz adına çıxarış almışdır. Bundan başqa X2 adına olan ünvan 4 ünvanında yerləşən 0,015 ha həyətyanı torpaq sahəsi Cəlilabad rayon notariat kontorunun 03 may 2021-ci il tarixli 4Ə- 344 qeydiyyat nömrəli “alqı-satqı” müqaviləsinə əsasən X1. Həmin torpaq sahəsi X21 adına 26 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydiyyata alınmışdır. O, həm “bağışlama” müqaviləsinin, həm də “alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli 2(007)-2973/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, "Qət Etdi" hissəsində göstərilmişdir ki, X7 ünvan 6 ünvanda yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci ildə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş "bağışlama müqaviləsi" etibarsız hesab edilmiş, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilmişdir. ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin satılmasına dair X15 ilə alıcı X34 arasında Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanmış və reyestrdə 4Ə- 344 nömrə ilə qeydə alınmış 03 may 2021-ci il tarixli AN-1 ******* saylı "daşınmaz əmlakın alqı-satqısı" müqaviləsi etibarsız hesab edilmiş, həmin torpaq sahəsinin X21 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli 2(007)- 2973/2022 nömrəli qətnaməsi 10 ferval 2023-cü il tarixdə qanuni qüvvəsini almış və qətnamə icra olunması üçün 13 fevral 2023-cü ildə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cəlilabad rayon 1 saylı Notariat Ofisinə göndərilmişdir. Bununla bağlı ərizəsi əsasında mərhum anası X6 qalmış əmlak barəsində qanun üzrə vərəsəlik işi açılmış və o göstərilən ünvanlardakı mülklərə, yəni daşınmaz əmlaklara çıxarış almaq istəyərkən müəyyən olunmuşdur ki, bacısı Cavabdeh1 X2 ölümündən sonra onun adından Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci ildə bağlanmış reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş "bağışlama” müqaviləsinə əsasında əldə etdiyi ünvan 6 ünvanda yerləşən mənzilini onun iddia ərizəsinə məhkəmədə baxılan zaman Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirmişdir. Həmin mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. O 2021-ci ildən, yəni anası X16 öldükdən sözügedən mənzildə yaşayır. Bu günə kimi həmin mənzilə alıcı qismində gələn olmamış və kimsə ona mənzili aldığını bildirməmişdir. Bütün bunlar göstərir ki, bacısı İlahə saxta yolla mənzili öz xeyrinə özəlləşdirmək məqsədi ilə indiyə kimi mənzillə maraqlanmayan, mənzilə gəlib baxmayan Lənkəran rayonunda yaşayan Cavabdeh2 satmışdır. Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(007)-2973/2022 nömrəli qətnaməsi ilə Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci ildə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş "bağışlama müqaviləsi" etibarsız hesab edilmiş, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edildiyindən Cavabdeh2 Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış mənzil üzərində Cavabdeh2 mülkiyyət hüququ ləğv edilməlidir. Rusiya Federasiyasının vətəndaşı olan Rusiya Federasiyası, Kemerov vilayəti, Novokuznetsk şəhəri, Kurako prospekti 4, mənzil 25 ünvanında qeydiyyatda olan və yaşayan bacısı Cavabdeh1 Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olması barədə məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şükürova X19 rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Göstərilənlərə əsasən, Cavabdeh1 ilə Cavabdeh2 ünvan 6 ünvanında yerləşən mənzili Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış mənzil üzərində mülkiyyət hüququnun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddia əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. Belə ki, 31 iyul 2022-ci ildə Masallı Regional “ASAN Xidmət” mərkəzində ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 83.1 kv/m olan məzillə bağlı alqısatqı müqaviləsi bağlanıb. Müqavilə mülkiyyətçi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nadir Şərbətov və onun tərəfindən imzalanıb. Daha sonra müqavilə Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisində xüsusi notarius X12 tərəfindən təsdiqlənib. AN-İN 1052265, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ikinci səhifəsinin son abzasında xüsusi notarius X12 tərəfindən təsdiqlənib ki, özgəninkiləşdirilən əmlakın Cavabdeh1 məxsus olması yoxlanılıb. Alqı-satqının həyata keçirilməsi üçün hər hansı bir mane olmayıb. Mənzilin ipoteka yüklülüyü, vərəsəlik predmeti və alqı-satqıya mane olacaq digər hər bir hansı halın olmadığı müəyyən ediləndən sonra rəsmiləşdirilib. xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə görə, 701 №-li Məktuba əsasən Notariusun “Kapital bankın” Cənub fillialında olan depozit hesabına 61433.70 (altımış bir min dörd yüz otuz üç manat yetmiş qəpik) manat köçürülüb. Kod 201304. xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli ünvan 9-ə tam pay sahibli olmağı ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən çıxarılış verilib. Daşınmaz Əmlakın icbari sığortası həyata keçirlib. 50 manat sığorta haqqı ödənilib. Şəhadətnamə nömrəsi RPA**********. Ödənilən qəbzlər onu təsdiqləyir ki, alıcı kimi aldığı bu evlə bağlı mübahisə olduğunu bilmirdi. Əgər bilsəydi evin alınmasına görə 61433.70 (altımış bir min dörd yüz otuz üç manat yetmiş qəpik) manat pul köçürməzdi və bu evi sığorta etdirib 50 manat da əlavə köçürməzdi. Mənzil alınarkən tərəfindən baxış keçirilib. Mənzil vəziyyəti qənaətbəxş olmaqla yanaşı həmin vaxt evdə kənar şəxs olmayıb. Mənzillə bağlı hər hansı problemli bir danışıq olmayıb. Ev sahibi İlahə xanımın və ailəsi haqqında xoş sözlər deyilib. Hazırda ailə vəziyyəti ilə əlaqədar qaynanası ilə birlikdə yaşadığından daimi olaraq mənzildə yaşamasa da həmin mənzil onun mülkiyyətindədir. Son vaxtlar həyat yoldaşı ilə danışıqlar zamanı evə köçməyə qərar vermişlər. 2023-cü ilin 05-08 iyul ayında mənzilə gedib evə aid qalan əşyalarını qoymaq istəmişdir. Lakin qapının açarı dəyişdirilmişdir. Qapını döydükdən sonra dəqiqləşdirmişdir ki, evdə tanımadığı şəxs yaşayır. Həmin şəxs mənzilinin qapısını qıraraq evinə girib. Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə mənzili əsassız olaraq zəbt edən şəxsin oradan çıxarılmasını tələbi ilə məlumat vermişdir. Lakin onlar bu mübahisənin məhkəmə qaydasında həll edilməli olduğunu bildirdilər. Artıq yaşadıqları müddət ərzində işıq, qaz və sudan istifadə etməklə xeyli miqdarda borc yığıblar. Eyni zamanda evə daşıdığı əşyaları da ya satıblar, ya da istifadə edirlər. Bu barədə məlumatı yoxdur. Sonradan ona məlum oldu ki, mənzilini zəbt edən evi aldığı İlahə adlı şəxsin bacısı Aynurədir. 10. Qeyd edilənlərə əsasən mənzili qanunsuz zəbt edən İddiaçı evindən çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehin ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı ünvan 9 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, anası rəhmətə gedəndən sözügedən evdə yaşamışdır. Onlar anası ilə birlikdə Rusiyaya getmişlər, anası da Rusiyada rəhmətə getmişdir. 2016-cı ildə hamı Novokuznetskdən gəlib burada ev almışdır. İlahə onlar Bakıya gələndə artıq ailə qurmuşdur. X14 ailə qurmuşdu, İlahənin yoldaşı Cəlilabadlı idi. İlahə 2010-2011-ci ildə səhv etmirsə ailə qurub. Onlar üç bacıdır. Digər bacısı Türkiyədə yaşayır. İlahə Novokuznetskdə yaşayırdı, onlar evi alanda bir müddət o, yoldaşı ilə yaşadı, sonra o və anası yaşamışdır. Anası vəfat edəndən bəri burada yaşayır. Notariusa vərəsəlik üçün gedəndə onlara deyirdilər ki, “hamı vərəsəlik üçün bura gəlməlidir”. Üç aylıq bacısının yanına Türkiyəyə 2022-ci ilin fevral ayında getmişdir. 2022-ci ilin may ayında qayıdanda görmüşdür ki, evin açarını dəyişdiriblər. Polis bölməsinə müraciət etmişdir ki, evin qıfılını dəyişiblər. Evə girə biləcəyini soruşanda evə daxil ola biləcəyini demişdilər. Onun bütün əşyaları, sənədləri evdə idi. O da qıfılı dəyişdirib evə daxil olmuşdur. İlahə 2022-ci ildə Rusiyada yaşayırdı. Evin açarı onda olub, o, Nüşabə xanımın o evə gəldiyini görməmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilmiş 12 may 2023-cü il tarixli sorğu ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 adına 21 may 2021-ci il tarixdə qeydiyyatda alınmış, 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüququ 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır. 26 avqust 2022-ci il tarixli sorğu ilə müəyyən olunmuşdur ki, mənzil İlahənin adınadır. Lakin 12 may 2022-ci il tarixdə sorğu ilə müəyyən olunmuşdur ki, mənzil 03 avqust 2022-ci il tarixdə Nüşabənin adına özgəninkiləşdirilib. Onlar məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə təmin edilmiş və həmin mənzilin üzərinə həbs qoyulmuşdur. Aynurə altı-səkkiz ay ərzində üç dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin sənədləşmə qaydaları düzgün olmadığı üçün ərizəsi geri qaytarılmışdır. İlahə və Elnur vərəsə payı almışlar. Vəfat etmiş bir adamın etibarnaməsi ilə mənzili Elnurun adına keçirdiblər. Məhkəmədə proses getdiyi halda alqı-satqı müqaviləsi eibarsızdır. Bunu həyata keçirən notarius isə onların qohumlarıdır və anasının yas mərasimində iştirak etmişdir. Yəni Mətanətin öldüyünü, etibarnaməsinin qüvvədən düşdüyünü bilmişdir. 2023-cü ildə sorğu vermişlər və məlum oldu ki, xx.xx.2022-ci ildə ev Nüşabəyə satılıb. Onlara cavab veriləndə artıq ev satılmışdı. İlahə xanım anasının yasına belə gəlməyib. Onlar sorğu vermişlər və məlum olub ki, İlahə xanım axırıncı dəfə Azərbaycana 2019-cu ildə daxil olub. 1-2 ay qalıb ondan sonra da gedib. Fizuli 14 oktyabr 2022-ci ildə akt yazdırıb. Makler də yoxa çıxıb. Fizuli maklerə deyib ki, “evi 120000 manata satıram”. Makler deyib ki, “ev bahadır, ev köhnə evdir, bu qiymətə getməz”. xx.xx.2023-cü ildə Şükürova X11 102-ə yığıb deyib ki, “evimə kimsə girib”. 102 Xidməti də bunu araşdıranda Nüşabə xanım izahat verib və Nüşabə xanım deyib ki, “evi İlahə və Elnurdan 170000 manata alıblar.” Müstəntiq bu sualı iki dəfə verib. Lakin qarşı tərəfin vəkilinin tədqim etdiyi sənədlərdən görünür ki, guya ev 66000 manata alınıb. Göstərilənləri nəzərə alaraq, ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Masallı Regional “Asan xidmət” mərkəzi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə həmin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib izahatında bildirmişdir ki, evi yoldaşı və o almışdır. Yay ayında evi bəyənib almışlar. Yoldaşı evi makler vasitəsilə tapmışdır. O, evə bir dəfə baxmışdır. Pulun hamısını yoldaşı verib. Bir ildir evi almışdır, evə girə bilmir. Yoldaşı ticarətlə məşğuldur, Rusiyaya gəlib gedir. Bakıda da ticarətlə məşğul olub. Yoldaşı Novokuznetsk şəhərinə gəlib gedirdi. O, heç Aynurə xanımı əvvəl görməmişdir. İlahə xanım ev yiyəsi idi, onu görmüşdür. 62000 manata evi almağa razılaşmışlar. Pulu yoldaşı vermişdir, polisə müraciət etmişlər ki, evin qıfılı dəyişdirilib. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsi notariusda bağlanaraq rəsmiləşdirilmişdir. Nüşabə xanım hazırkı iddiaya münasibətdə vicdanlı alıcıdır. Qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, iddiaçı ilə, cavabdeh İlahə onun nəvələridir. Cavabdeh1, onun yoldaşı Elnur və qayınatası Füzuli Aynurəyə haqsızlıq edirlər. Vəfat edən qızı Mətanət Rusiyadan pulu onun adına göndərmiş və evi onun adına alacağını demişdir. Lakin İlahənin yoldaşı Elnur, o yaşlı olduğu üçün, evi onun üçün özünün axtarıb tapacağını demişdir ki, o yorulmasın. Sonradan bilmişdir ki, Elnur evi öz adına alıb. Mətanət narazılıq etdiyindən evi onun adına keçirmişlər. Sonra o, yaşlı olduğundan evi bağışlama müqaviləsi ilə qızı Mətanətin adına keçirtmişdir. Ev vəfat edən qızı Mətanətin adına olmuş, evdə qızı Kəmalə və nəvəsi Aynurə yaşayıblar. Elnur və Füzuli evi satanda heç kimə deməmişlər. 2020-ci ildə Mətanət rəhmətə gedəndə o evə getmişlər və qapını açarkən Füzulinin qapının kilidini dəyişdirdiyini görmüşlər. Füzuli qonşulara da tapşırmışdır ki, heç kim evə girməsin. Daha sonra polis və Füzulinin müşayiəti ilə qapını açmış və bəzi əşyalar götürmüşlər. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, Aynurənin xalasıdır. “Corona” vaxtı bacısı açarı onlara vermişdir. Bacısını dəfn etdikdən sonra, yeddisində evə gedəndə onlara məlum olmuşdur ki, evin açarı dəyişdirilib. Sonra polisin nəzarəti ilə Füzuli qapını açmışdır. O zaman hələ ev satılmamışdı. Füzuli qonşunu pulu ilə öz tərəfinə çəkmişdir. Qonşu bu səbəbdən onları görəndə hay-küy salmışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Aynurənin qonşusudur. 1991-ci ildən orada yaşamışdır. Həmin evdə çoxları yaşamış və çıxmışdır. Beş il olar, onlar o evi alıblar. Evdə Aynurə yaşamışdır. Evə kiminsə almaq üçün baxmağa gəldiyini və ya hər hansı bir əşya gətirdiyini görməmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X26 ifadəsində göstərmişdir ki, o, evin satılması prosesində iştirak etmişdir. O, evi 5-6 ay idi ki, axtarırdı. 60000-70000 manat pulu var idi. Ev almaq istəyirdi. O da 2-3 aydan bir gedib gəlir. Ona zəng edib dedilər ki, belə bir ev var. O da evə baxmağa getmişdir. Evdə 1 nəfər kişi və 1 nəfər qadın var idi. Evi bəyənmiş, razılaşmışlar və Asan Xidmətə getmişlər. Onlara evi göstərən özünü makler kimi təqdim etdi. Evə 1 dəfə girmişdir, şəklini göstərməmişdilər. Evi göstərən və evi satan başqa adam idi. Pulu Masallıya gələn kişiyə vermişdir. Evi bütün əşyalar ilə ona satmışlar. Ev 7-ci mərtəbədə idi, 4 otaqlı idi. Evin yiyəsini soruşmamışdır. X8 yazılmışdı. O, Lənkəranlıdır, alqı-satqını edənlər dedilər ki, Cəlilabadlıdırlar. Pulu verdiyi adamın adını soruşmuşdur, amma adı yadında qalmayıb. O, evə baxanda Aynurə xanımı görməmişdir. Evdə problem yox idi, olsa idi onu almazdı. Onlar təxminən avqust ayında sənədləri Lənkərandan gəlib görmüşlər ki, qapı bağlıdır, polisə getmişdir. Evin açarı indi də ondadır. Ev alınan vaxtı Bakıda olmuşdur, təxminən həmin vaxt yay vaxtı olmuşdur. Birinci dəfə o, özü tək gəlib danışmışdır, sonra yoldaşı ilə gəlib evə baxmışdır, yoldaşı ilə gələndə pulu da özü ilə gətirmişdir. Öz maşını ilə evə baxmağa gəlmişdir. Evə yoldaşı ilə girmişlər, evi onlara makler göstərdi. Evdə bir qız və bir kişi var idi. Ortayaşlı 30-35 yaşında bir qız var idi, adı səhv etmirsə İlahə ya da İradə idi. Pulu danışanda həm qız, həm də kişi orda idi. Əvvəl evin qiymətini 65000 manata deyirdilər, o da 62000 saldırmışdır. Alqı-satqını Masallı Asan Xidmətdə bağlamışlar. Etibarnamə göndərən, evin sahibi özü də cənublu idi. Adına etibarnamə olan adam alqısatqıya gəlmişdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin mahiyyətini nəzərə alaraq, hər iki tələbə qarşılıqlı hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)- 2973/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməsi, X7 ünvan 6 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4-Ə352 nömrə ilə qeyd edilmiş "bağışlama müqaviləsi" etibarsız hesab edilməsi, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin satılmasına dair X15 ilə alıcı X34 arasında Cəlilabad rayon 1 saylı notariat ofisində bağlanılmış və reyestrdə 4Ə-344 nömrə ilə qeydə alınmış 03 may 2021-ci il tarixli AN-İ ******* saylı "daşınmaz əmlakın alğı-satqısı" müqaviləsi etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin X21 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməsi qət edilmişdir. - 13 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsi 10 fevral 2023-cü il tarixdə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəlmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 saylı Notariat ofisinin 18 may 2023-cü il tarixli, 624 saylı məktubundan görünür ki, ünvan 10 küçəsi 127 inzibati bina ünvanında qeydiyyatda olan İddiaçı ərizəsi əsasında mərhum X4ndan qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmış və İddiaçı, Cavabdeh1 və X9 mərhum X7 qanun üzrə vərəsələri olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon 1 saylı Notariat ofisinin 18 may 2023-cü il tarixli, 622 saylı məktubundan görünür ki, X10 məxsus ünvan 6 ünvanında yerləşən mənzilin bağışlamasına dair 05 may 2021-ci il tarixli, 4-Ə352 reyestr nömrəli müqavilə və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin alqı-satqısına dair 03 may 2021-ci il tarixli, 4Ə-344 reyestr nömrəli müqavilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsi əsasında ləğv edilmiş və bu barədə müvafiq qeyd aparılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 25 may 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil 21 may 2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatda alınmış, lakin Masallı regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 özgəninkiləşdirilmişdir. Cavabdeh2 həmin mənzilə mülkiyyət hüququ 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil üzərinə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16(007)-43/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 37, 31 saylı mənzil 17 iyul 2019-cu il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş 4Ə-352 reyestr nömrəli, 05 may 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. - AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X27 (Cavabdeh1 əvəzinə) ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 83.1 kv.m olan mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır, həmin mənzilin müqabilində Cavabdeh2 Cavabdeh1 satdığı tam hissəni 61.433,70 manat qiymətinə almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsi ilə sübuta yetirilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarına əsasən ünvan 6 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda X7 adına qeydiyyata alınmışlar. Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən X15 (əvəzində X35) ünvan 6 ünvanında yerləşən mənzilini qızı Cavabdeh1 (əvəzində X36) bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən həmin mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən müqaviləni mübahisələndirmiş, məhkəmənin həmin qətnaməsi ilə, X7 ünvan 6 ünvanında yerləşən mənzilini Cavabdeh1 bağışlamasına dair Cəlilabad rayon 1 saylı notariat ofisində 05 may 2021-ci il tarixdə bağlanaraq reyestrdə 4Ə-352 nömrə ilə qeyd edilmiş “bağışlama müqaviləsi” etibarsız hesab edilsin, həmin mənzilin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** nömrəli çıxarış ləğv edilmişdir. İlkin iddia üzrə iddiaçı, tərəflər arasında yuxarıda qeyd olunan mübahisə yaranması Cavabdeh1 məlum olduqdan sonra mənzilin qanunsuz olaraq özgəninkiləşdirildiyini, buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edildiyindən Cavabdeh2 Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə sözügedən mənzildən ilkin iddia üzrə iddiaçının çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə yuxarıda göstərilən işin faktiki hallarını da nəzərə alaraq, hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə bu yerdə qeyd etməyi zəruri bilir ki, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mənzil barədə suallar verilən zaman ziddiyyətli cavablar vermiş, alqı-satqı müqaviləsinin təxminən 62000 manat müqabilində bağlandığını qeyd etdiyi halda, barəsində toplanmış material üzrə Nizami RPİ-nin 24-cü PŞ-də izahat verən zaman həmin məbləğin 170.000 manat təşkil etməsi ilə bağlı yaranmış ziddiyyətli məqamlara (qeyd olunan mənzilin real bazar qiymətinin daha yüksək olması məhkəmə iclasında inkar olunmamışdır) aydınlıq gətirə bilməmiş, əksinə məhkəmə araşdırması zamanı sözügedən alqı-satqı müqaviləsi bağlandığı dövrdə ilkin iddia üzrə iddiaçının həmin mənzildə yaşadığı, alqı-satqı müqaviləsini bağlayan tərəflərin isə hər ikisinin “təsadüfən” Rusiya Federasiyasının, Kemerovo vilayətində yaşamaqla tanışlıq münasibətlərinin olması məlum olmuş, qarşılıqlı iddia üzrə iddiaçı tərəf bunun əksini sübuta yetirə bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2973/2022 saylı qətnaməsində göstərilən hallar da məhkəmə araşdırması zamanı nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İlkin iddia təmin edilməli, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən mənzilə dair bağlanmış və Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı” müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh2 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 “cavabdeh İddiaçı ünvan 2 ünvanından çıxarılması” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 6 ünvanında yerləşən mənzilə dair bağlanmış və Masallı regional "ASAN Xidmət" mərkəzinin notariat ofisində təsdiq edilmiş 31 iyul 2022-ci il tarixli, 4Ə-566 reyestr nömrəli "alqı-satqı” müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh2 adına 03 avqust 2022-ci il tarixdə qeydiyyata alınmış həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 “cavabdeh İddiaçı ünvan 2 ünvanından çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar