Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2120/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 420.60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanını 2005-ci ildə almışdır. Qeyd olunan yaşayış binası elə həmin ildə alıcılara təhvil verilmişdir. Lakin indiyədək həmin mənzildə yaşayış olmamışdır. Bu il mənzilin rəsmiləşdirilməsi ilə bağlı sənədlər toplayarkən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən yaşayış olmayan mənzilə borc hesablanmışdır. X1 tərəfindən ona verilən məlumata görə, orta aylıq hesablama nəticəsində bu günə borc 395.44 manat, sayğac quraşdırma xidmətinə görə 25.16 manat borc yaranmışdır. Cavabdehə həmin mənzilin təmirsiz olması və yaşayışın mümkün olmaması ilə bağlı məlumat verərək borcun silinməsini tələb etsə də, nəticəsiz qalmışdır. Mənzildə yaşayış olmadığından hər hansı qəbz təqdim edə bilmir. Cavabdeh tərəfindən verilmiş saldodakı hesablama da tam aydın deyil.
İş materialları :
3. Abonent kartının surətindən görünür ki, abonent kodu **********50040 olan İddiaçı hesabına işıq sərfiyatına görə cari borc 0 manat göstərilməklə, ayrı-ayrılıqda 127.71 manat 292.73 manat borc hesablanmışdır.
4. Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2006-ci il tarixli, 003248 nömrəli orderindən görünür ki, İddiaçı 4 nəfər ilə birlikdə Bakı şəhəri, E.Süleymanov küçəsi, ev 57, mənzil 62 də yaşamaq hüququ var.
Tərəflərin izahatları :
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən zaman cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş, lakin izahatında iddiaçının borcu olmadığını, abonent saldosunda olan borcların dondurulmuş, həmçinin iddia müddəti keçdiyi üçün tələb müddəti keçmiş borclar olduğunu, sadəcə həmin borcların məhkəmə qərarı ilə silindiyini bildirmişdir.
İşin faktiki halları.
8. İddiaçı məxsus ünvan 2 ünvanında cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2007-ci il tarixdə AMPY(5235A) tipli, A210710545M38654 nömrəli, işıq sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılan vaxtadək Barmek tərəfindən İddiaçı məxsus mənzilə işıq sərfiyyatına görə 127.71 manat və 292.73 manat borc hesablanmışdır.
Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
11. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:
1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi :
135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı olan “borcun silinməsi” tələbini Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 5-də yerləşən 40 nömrəli mənzili aldığı 2005-ci il tarixdən hazırki vaxtadək həmin mənzildə yaşayış olmamasına baxmayaraq "xxxx" ASC tərəfindən əsassız şəkildə borc yazılması ilə əsaslandırmışdır.
15. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, İddiaçı işıq sərfiyyatına görə 420.44 manat borc hesablanmışdır.
16. Belə ki, iddiaçıya həmin borc məbləğinin hesablanması tərəflərin izahatı mülki iş materiallarına əlavə olunmuş abonent saldosu ilə də öz təsdiqini tapmışdır.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında İddiaçı bugünki tarixə borcu olmadığını, abonent saldosunda qeyd edilən borc məbləğinin Bakı Elektrik Şəbəkəsindən onlara hüquq varisliyi qaydasında keçən, dondurulmuş, tələb etmə müddəti keçmiş borclar olduğunu, lakin məhkəmə qərarı olmadığı halda onlar tərəfindən silinə bilmədiyini bildirmişdir.
18. Mülki iş materialları və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, yazılmış borc “tələb olunmayan borclar” qrafasına aid edilməsinə baxmayaraq, qeyd edilən borcun silinməsi orqanının səlahiyyətində deyil.
19. Məhkəmə qeyd edir ki, ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş borc məbləğinin silinməməsi hazırda iddiaçının hüquqlarını pozur. Belə ki, həmin borcun iddiaçıya dair sənədlərdə qeydiyyatının mövcudluğu onun həmin mənzili özgəninkiləşdirməsinə və mənzilə dair digər hüquqlarının həyata keçirilməsinə maneə olur.
20. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli **********50040 abunə kodu üzrə hesablanmış və ödənişi tələb edilməyən borc abonentin hesabından silinməlidir.
21. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, əsassız şəkildə hesablanmış 420.60 manat borcun silinməsini xahiş etmişdir.
22. Məhkəmə iclasında tədqiq edilmiş abonent saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ayrı-ayrılıqda 127.71 manat və 292.73 manat olmaqla, cəmi 420.44 borc hesablanmışdır.
23. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Məhkəmə Xərcləri :
24. “Dövlət rüsumu haqqında Qanunun” 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlər rüsumu ödəməkdən azad olduqları üçün hazırki iddia tələbi üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə :
25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri, Şərifli küçəsi, ev 5, mənzil 40 (Abunə kodu: **********50040) aid edilən və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 420.44 (dörd yüz iyirmi manat qırx dörd qəpik) manat borc silinməlidir.
26. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QətEtdi:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Şərifli küçəsi, ev 5, mənzil 40 (Abunə kodu: **********50040) aid edilən və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 420.44 (dörd yüz iyirmi manat qırx dörd qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva