Məhkəmə qərarları › İş №2(007)-2159/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2159/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2159/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.08.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 149 (yüz qırx doqquz) manat dəbbə, 02.08.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı TV üçün 1640 (min altı yüz qırx) manat ödənilməmiş hissə, 432 (dörd yüz otuz iki) manat dəbbə pulu, ümumilikdə, 2749 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2779 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 02.08.2019-cu il və 02.08.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung markalı paltaryuyan, Samsung markalı TV almış və nəticədə 2749 (iki min yeddi yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 852 (səkkiz yüz ətli iki) manat (12 ay x 71 manat + 0 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün ümumilikdə, 677 (altı yüz yetmiş yeddi) manat olmaqla ondan, 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 149 (yüz qırx doqquz) manat dəbbə borcu hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1844 (min səkkiz yüz qırx dörd) manat (18 ay x 96 manat +116 manat ilkin ödəniş) Samsung markalı TV üçün ümumilikdə, 2072 (iki min yetmiş iki) manat olmaqla ondan, 1640 (min altı yüz qırx) manat ödənilməmiş hissə, 432 (dörd yüz otuz iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 528 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh 26.03.2021-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlinin surətindən görünür ki, Cavabdeh 02.08.2019-cu il tarixli Samsung markalı paltaryuyan üçün ümumilikdə 677 manat, 10.11.2019-cu il tarixli Samsung markalı TV üçün ümumilikdə 2072 manat, cəmi 2749 manat ödənilməmiş borcu vardır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 02.08.2019-cu il tarixli 00820518 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 852 manat dəyərində Samsung markalı paltaryuyan əldə etmiş və həmin məbləği aylıq 71 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. - 02.08.2019-cu il tarixli bildirişdən görünür ki, 02.08.2019-cu il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00820518 nömrəli müqaviləyə əsasən Samsung markalı paltaryuyanı tam qüsursuz halda təhvil almışdır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 10.11.2019-cu il tarixli 01041205 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 116 manat ilkin ödənişlə 1844 manat dəyərində Samsung markalı TV əldə etmiş və həmin məbləği aylıq 96 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. - 10.11.2019-cu il tarixli bildirişdən görünür ki, 10.11.2019-cu il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 01041205 nömrəli müqaviləyə əsasən Samsung markalı TV-ni tam qüsursuz halda təhvil almışdır. - “xxxx” MMC-nin 08.05.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh qısa bir zamanda borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 29.03.2021-ci il tarixdə 30,0 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 02.08.2019-cu il tarixli və 10.11.2019-cu il tarixli müqavilələr bağlanmışdır. 02.08.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 852 manat məbləğində Samsung markalı paltaryuyanu ilkin ödənişsiz, aylıq ödənişi 71 manat olmaqla, 12 ay müddətinə və 10.11.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1844 manat məbləğində Samsung markalı TV-ni 116 manat ilkin ödənişlə, aylıq ödənişi 96 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilələrin predmeti olan əşyaları “xxxx” MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh borc müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq, hesab edir ki, Samsung markalı paltaryuyan üçün 149 manat miqdarında cərimə pulu 528 manat miqdarında ödənilməmiş hissə məbləğinə, Samsung markalı TV üçün 432 manat miqdarında cərimə pulu 1640 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” MMC ilə Cavabdeh arasında 02.08.2019-cu il tarixli və 10.11.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Cəmiyyət tərəfindən müqavilə öhdəlikləri icra edilsə də, borclu müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə cəmiyyət qarşısında borcu yaranmışdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 02.08.2019cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, cəmi 553 manat, 10.11.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı TV üçün 1640 (min altı yüz qırx) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə, cəmi 1720 manat, ümumilikdə 2273 manat borc, 24,80 manat ödənilmiş dövlət rüsumu, cəmi 2297,80 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5,20 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02.08.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 528 (beş yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə, cəmi 553 manat, 10.11.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı TV üçün 1640 (min altı yüz qırx) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə, cəmi 1720 manat, ümumilikdə 2273 manat borc, 24,80 manat ödənilmiş dövlət rüsumu, cəmi 2297,80 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5,20 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar