Məhkəmə qərarları › İş №2(007)-2160/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2160/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2160/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.07.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd Samsung markalı TV üçün 3895 (üç min səkkiz yüz doxsan beş) manat ödənilməmiş hissə, 426 (dörd yüz iyirmi altı) manat dəbbə, 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89435 olan Samsung Galaxy A30 markalı telefon üçün, 265 (iki yüz altmış beş) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 4668 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4698 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 01.07.2019-cu il və 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, 2 ədəd Samsung markalı TV, İMEİ kodu **********89435 olan Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 4668 (dörd min altı yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5161 manat (24 ay x 195 manat + 481 manat ilkin ödəniş) 2 ədəd Samsung markalı TV üçün ümumilikdə, 4321 (dörd min üç yüz iyirmi bir) manat omaqla ondan, 3895 (üç min səkkiz yüz doxsan beş) manat ödənilməmiş hissə, 42 5 (dörd yüz iyirmi altı) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 manat (12 ay x 46 manat + 24 manat ilkin ödəniş) İMEİ kodu **********89435 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 347 (üç yüz qırx yeddi) manat olmaqla ondan, 265 (iki yüz altmış beş) manat ödənilmən iş hissə, 82 (səksən iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1577 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 576 manat olan Samsung Galaxy A30 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.07.2019-cu il tarixli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 5161 manat olan 2 ədəd Samsung markalı TV almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 23 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 19 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.07.2019-cu il tarixli müqavilə üzrə 3895 manat əsasə borc, 426 manat dəbbə pulu olmaqla ümumilikdə 4321 manat borcu, 10.07.2019-cu il tarixli müqavilə üzrə 265 manat əsas borc, 82 manat dəbbə pulu olmaqla ümumilikdə 347 manat borcu borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeharasında bağlanmış 01.07.2019-cu il tarixli və 10.07.2019-cu il tarixli müqavilələr və ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən əşyalar almışdır. Cavabdeh müqavilələr üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 01.07.2019-cu il tarixli və 10.07.2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 01.07.2019-cu il tarixli müqavilə üzrə 3895 manat əsas borc, 40 manat dəbbə borcu, 10.07.2019-cu il tarixli müqavilə üzrə 265 manat əsas borc, 20 manat dəbbə borcu olmaqla, ümumilikdə 4160 manat əsas borc, 60 manat dəbbə pulu və 30 manar ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 01.07.2019-cu il tarixli müqavilə üzrə 3895 manat əsas borc, 40 manat dəbbə borcu, 10.07.2019-cu il tarixli müqavilə üzrə 265 manat əsas borc, 20 manat dəbbə borcu olmaqla, ümumilikdə 4160 manat əsas borc, 60 manat dəbbə pulu və 30 manar ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar