Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2170/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Baıramova İvettanın maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi Baıramova İvettanın, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9, X1 iştirakları ilə, Ərizəçi Baıramova İvettanın maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Ərizəçi Baıramova İvetta maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini, anası X3 fəaliyyət qabiliyyəti olmayan hesab edib, onu (qızı) X2 qəyyumu kimi tanınmasının təmin edilməsindən ötrü qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Baıramova İvetta dəqiqləşdirmə ərizəsi yazaraq, iddia ərizəsində maraqlı şəxs qismində qeyd olunmuş Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Orqanının, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Orqanı ilə əvəz edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X10 xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olub. Anası X3 yeganə övadıdır. Anası ilə atası 15 yaşı olan zaman nikahları pozulmuşdur. Evlidir, 3 uşağı var. Uşaqların böyüməsində və tərbiyəsində onun, anasının rolu böyükdür. Bakı Neft texnikomunu qırmızı diplomla bitirib. 17 yaşından müxtəlif yerlərdə işləyib anası ilə yardım edib. Rusiya Federasiyasında "Fiks prays" dükan şəbəkələrində 11 dükanın divizion direktoru vəzifəsində işləyib. Hal-hazırda o, Bakıda "Beloruski" adlanan dükanlar şəbəkəsində işləyir. Pandemiya ərəfəsində anası onlarla Rusiya Federasiyasında yaşamışdır. Təxmini 2022-ci ilin yanvar ayından etibarən anası bir müddət Bakıda, bir müddət Rusiyada yaşayırdı, gedib-gəlirdi. Onlarla yaşadığı ərəfədə artıq anasında müxtəlif simptomlar əmələ gəlməyə başlamışdır, onlar bunu ağır xasiyyəti kimi qiymətləndirmişdir. Lakin həkimin dediyinə görə, artıq erkən simptomların nəticəsi imiş. Təxmini 2024-cü ilin yanvar ayından anasında paranoya hissinin olduğunu aşkar edib. İlk öncə əhəmiyyət verməyib, lakin sonradan bu hissin dərinləşdiyi nəzərinə çarpıb. Anası təxmini elə yanvar ayında evinə-Bakıya qayıdıb. O, onunla təbii ki, daimi telefon əlaqəsində olub. Təxmini oktyabr ayının sonlarına yaxın o, anasında artıq dərin dəyişiklərin baş verdiyini anlayarkən Bakıya gəlib. Hal-hazırda tam olaraq, əqli vaxtlıvaxtsız şəkildə gedib-gəlir. Stabil deyil. Bütün bunlara görə, o, Bakıda qalmağa məcburdur, halbuki, onun bütünlüklə həyatı Rusiya Federasiyasındadır. Təxminən 2023-cü ilin noyabr ayında anası qeydiyyatda olduğu və yaşadığı ünvandan əşyalarını toplayaraq onun rəfiqəsinin evinə gəlmiş və onu müxtəlif səslərin evdə narahat etdiyini və onlardan qorxduğu üçün evi tərk etdiyi haqqında demişdir. Evi tərk edən zaman anası evin giriş açarlarını qapının üstündə qoyub çıxmışdır. Bundan onun Bakıda olan rəfiqəsi xəbər tutmuşdur. Ağlında olan səslər onu o qədər narahat etmişdir ki, o, rəfiqəsigilə getmək səbəbini belə izah etmişdir ki, həmən səslər evdən gəlir çıxdım ki, o səsləri bir daha eşitməyim. Bundan başqa o, Bakıya gəldiyində divarda anası təfindən yazılan divar kağızında belə bir yazı aşkar edib. Foto şəkili nəzərə çatdırır, ki, şəkildə rus dilində "Я в заложниках. Я не хочу умирать. Голодаю. Люди стирают не дают спать. Не дают. Бахтияр не убийца нe убийца. Не знаю кто они???". Həmən yazını aşkar etdiyində üstünü başqa bir kağızla yapışdıraraq örtüb. Habelə, anasının başqa şəxslərlə fiziki olaraq danışmadığını, yalnız bu danışıqların beynində olan xəstəlik nəticəsində olduğunu anası anlayır. Anası ilə rəfiqəsinin səs danışıqlarının səs yazısını nəzərə çatdırır. Bundan başqa Bakıya gəldiyində anasının şəxsiyyət vəsiqəsinin qayçı vasitəsi ilə doğrandığını aşkar edib, sonradan onu özü kəsdiyini ona etiraf etmişdir. O, anasının yeganə övladıdır, onun anasından, anasının isə ondan başqa kimsəsi yoxdur. Anası ilə arxa-arxaya verərək ömür sürüblər. Anasının qeydinə qalmaq onun bir övlad kimi borcudur. Anasının ömrü qaldığı müddət ərzində anasına özü baxmaq istəyir və niyyətlidir. O, yuxarıda qeyd etdiyi kimi Rusiya Federasiyasının vətəndaşıdır və daimi olaraq orada yaşayır, anasınıda özü ilə Rusiya Federasiyasına aparıb orada onun qeydinə qalmaq istəyir. Lakin qanunun müddəalarına görə bu yalnız anasının məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsindən və onun bir qəyyum kimi müəyyən edilməsindən sonra mümkündür. Hal-hazırda o, yuxarıda qeyd olunan ünvanda anası ilə birlikdə yaşayır. Azərbaycan Respubilkasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi onda var. Bundan başqa anası dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında yatıb müalicə almışdır. Bu o zamanlar olur ki, anası həkimin yazdığı dərmanları içməkdən imtina edir, o isə öz növbəsində heç cürə onu yola gətirə bilmir. Xəstəxanada ona diaqnoz qoyulmuş və ona ambulator kitabçadan çıxarış verilmişdir. Hal-hazırda anası yenidən həmin klinikaya yerləşdirilmişdir, vəziyyətinin ağırlaşdığı səbəbindən, dərmanları içməkdən qətiyyən imtina edir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən ərizəçi Baıramova İvetta ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X12 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
İş materialları:
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan çıxarışdan görünür ki, X4 “üzvi damar mənşəli sayıqlama pozuntuları, koqnitiv funksiyaların enməsi” diqnozu qoyulmuş, sahə psixatrının nəzarəti məsləhət görülmüşdür.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 21 avqust 2025-ci il tarixli, 2758 saylı rəyindən görünür ki, X5 üzvi sayıqlama pozuntusu aşkar olunur. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur.
İşin faktiki halları:
8. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi Baıramova İvettanın xx.xx.1959-cu il təvəllüdlü anası X8 “üzvi sayıqlama pozuntusu” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə 21 avqust 2025-ci il tarixli, 2758 saylı rəy verilmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəllənin:
28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.
Məhkəmənin mövqeyi:
11. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir.
12. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qızı Baıramova İvetta ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olması barədə müvafiq rəy verilmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair əsalar olduğunu qeyd etmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Nəticə:
14. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1959-cu il tarixdə Qazaxıstan Respublikası Karaqanda şəhərində anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
15. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki qətnamə X8 üzərində qəyyum təyin edilməsi üçün əsasdır.
16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Qazaxıstan Respublikası Karaqanda şəhərində anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada veridldiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova