Məhkəmə qərarları › İş №2(007)-2173/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2173/2024

02.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2173/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərişıq” ASC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “enerji sərfiyyatına görə yazılmış borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “enerji sərfiyyatına görə yazılmış əsassız borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “enerji sərfiyyatına görə yazılmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Bakı Elektrik Şəbəkə“ ASC tərəfindən abunə haqqı üzrə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 46, 126 saylı mənzil X1nun adına xüsusi mülkiyyətdə olmuş mənzilə yazılmış 1742.77 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, 126 saylı mənzil X1nun adına xüsusi mülkiyyətdə olmuş və bu barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. Onlar ailəsi ilə birlikdə uzun müddətdir ki, həmin mənzildə yaşayırlar və mənzilə quraşdırılmış sayğacların göstəricisinə əsasən kommunal xidmətlərin haqqını vaxtlı-vaxtında ödəyirlər. Sayğacda ödəniş olmadıqda mənzilə quraşdırılmış xidmətlərin verilməsi avtomatik olaraq dayandırılır. X1 xx.xx.2023-cü il tarixində “Kəllə daxili travma” nəticəsində dünyasını dəyişmişdir. Bu barədə Azərbaycan Respublikası Masallı Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ № 384700 saylı “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Qeyd edir ki, yaşadıqları mənzilə **********6126 “№1 i abonent kodu quraşdırılmış və sonuncu dəfə o, abunə haqqında arayış aldıqda məlum olmuşdur ki, yaşadığı mənzilə guya köhnədən qalmış 1742.77 borcun yazıldığını müəyyən etmişdir. O zaman o, bunun hansı əsasla yazıldığını soruşduqda onlar bunun səbəbini bilmədiklərini, lakin borc yazılıbsa, ödəmək lazım olduğunu bildirmişlər. O, onlara etiraz etmiş və bildirmişdir ki, yaşadığı mənzilə quraşdırılmış sayğaca uyğun olaraq həmişə verilmiş bildirişə əsasən ödənişləri etmişlər və onların heç vaxt "xxxx" ASC-yə heç bir borcları olmamışdır. Belə ki, ona təqdim edilmiş abunə haqqında arayışda 2001-ci ilin dekabr ayına kimi mənzilə quraşdırılmış sayğaca əsasən heç bir borc yazılmadığı halda, köhnə borc qrafasında 1742.77 manat borc yazılmışdır. Hesab edir ki, yaşadığı mənzilə köhnədən heç bir hüquqi əsası olmadan yazılmış borc əsasızdır və silinməlidir.

Tərəflərin izahatı:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, borc məbləği "xxxx" MMC-nin dövründə yaranıb. Hazırda borc və bununla bağlı akt yoxdur, istehlakçı cərimə də olunmamışdır. Borc tələb olunmayandır.

İş materialları:

6. XVİ-ЖГ seriyalı 480843 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə, Masallı rayonunda anadan olmuşdur. X1, anası X3r.

7. AZ-İİ seriyalı 384700 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 dekabr 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 dekabr 2023-cü il tarixdə 1024 nömrə ilə qeyd edilmişdir.

8. Abonentin saldosundan görünür ki, X7 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1742.77 manat məbləğində borcu vardır.

İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, 126 saylı mənzilə "xxxx" MMC tərəfindən 1742.77 manat borc hesablanmışdır. Borc tələb olunmayan borcdur. Hazırda iddiaçı "xxxx" MMC tərəfindən əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

10. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun:

16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:

1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür. 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

14. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

15. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

16. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, abonent saldosundan göründüyü kimi borcu "xxxx" ASC hesablamışdır. İddiaçı cavabdeh qismində "xxxx" Açıq Səhmdar Cəmiyyətini qoymaqda haqlıdır. Belə ki, "xxxx" ASC-nin hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir.

17. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının atasının mülkiyyətində olmuş mənzilə hesablanmış borcla əlaqədar akt tərtib edilməmişdir. Həmçinin hesablanmış borc məbləğinin nəyin əsasında hesablanması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi kimi iddiaçı cərimələnməmiş və istehlak etdiyi enerjini vaxtında ödəmişdir. Cavabdehin təqdim etdiyi saldodan da görünür ki, cari borc “0” qeyd olunmuşdur. Qeyd olunan 1742.77 manat borc isə tələb olunmayan borcdur. Odur ki, "xxxx" ASC tərəfindən hesablanmış borc silinməlidir.

18. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən hesablanmış borc silinməlidir.

19. Məhkəmə silinməli olan borc məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, "xxxx" ASC tərəfindən 1742.77 manat borc hesablanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hesablanmış 1742.77 manat borc silinməlidir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmə xərcləri:

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ("xxxx" ASC) tərəfindən X5 **********60126 abonent kodu üzrə hesablanmış 1742.77 manat məbləğində borc silinməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC ("xxxx" ASC) tərəfindən X5 **********60126 abonent kodu üzrə hesablanmış 1742.77 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar