Məhkəmə qərarları › İş №2(007)-2175/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2175/2023

07.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2175/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X10 və X11 cəlb edilməklə cavabdeh Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə qarşı “mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətinin buraxılmasının üzrlü hesab edilməsi və həmin müddətin bərpa edilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin ötürülməmiş hesab edilərək, payların bərabər müəyyən edilməsi vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X3 mülkiyyətində olmuş 1998-ci il “Opel-Astra” markalı, **-FP-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilinə dair mirasın qəbulunun müddətinin ötürülməmiş hesab edilərək payların bərabər müəyyən edilməsi və ona vərəsəlik hüququ şəhadətnaməsinin verilməsinin cavabdeh 12 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X8 04 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Nizami Rayon Qeydiyyat şöbəsindən atasının vəfatı ilə bağlı ölüm haqqında şəhadətnaməni əldə edərək, doğum haqqında şəhadətnaməni də mərhum atası X1 qalmış miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətəmənin verilməsinə dair Əmlak Xidmətləri Məkanında Notariat Ofisinə rəsmi ərizə təqdim etmişdir. Notariat ofisi ona 05 iyul 2021-ci il tarixdə rəsmi cavab məktubu təqdim edərək digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkünsüzlüyünü bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəmisinə vərəsəlik şəhəadətnaməsinin ləğvinə dair iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2(005)-3928/2021 saylı, 16 sentyabr 2021-ci il taixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisi 22 fevral 2022-ci il tarixli, № 219 saylı məktubu ilə mirasın qəbulu ilə bağlı nəzərdə tutulmuş müddəti buraxmağına dair və mirasın faktiki idarəçiliyinə dair sübut təqdim etməməsi səbəbindən imtina etmişdir. Mərhum atasının mirası əmlakından pay almaq hüququndan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur. Məhkəmə tərəfindən X14, X10 və X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3563/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mərhum X1 qalmış 1998-ci il buraxılışlı, “Opel- Astra” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsinin səbəbləri üzrlü sayılmaqla, həmin müddətin bərpa edilməsi, İddiaçı atası X1 miras qalmış 1998-ci il buraxılışlı, “Opel-Astra” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzərində ¼ hissədə məcburi payı müəyyən edilsin və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3563/2022 saylı qətnaməsində aşağıdakı düzəliş edilərək, qətnamənin mətnində “məcburi pay” sözləri “pay” sözləri ilə əvəz edilmişdir. Bakı Apellasiya Məhkəməsinin Mülki Kollügiyasının 2(103)-2563/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X14 və X11 cəlb edilməklə “mirasın qəbul edilmə müddətinin ötürülməmiş hesab edilməsi, payların bərabər müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. O, iddia tələbini dəqiqləşdirir və iddianı payların bərabər müəyyən edilməsi və ona vərəsəlik hüququ şəhadətnaməsinin verilməsinin cavabdeh 12 saylı Notariat Ofisinə həvalə edilməsi hissəsində geri götürür. Qeyd edilənlərə əsasən mərhum atası X3 mülkiyyətində olmuş 1998-ci il “Opel-Astra” markalı, **-FP-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətinin buraxılması üzrlü hesab edilməsini və həmin müddət bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ № 109693 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 955 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci tarixdə vəfat etmiş atası X2 qalmış mirası qəbul etmək və vərəsəlik hüququnun rəsmiləşdiriləməsi ilə balı xx.xx.2021-ci il tarixdə ərizəsinə əsasən nəzərə çatdırılır ki, ardır digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 3928/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisində 10 /2021 saylı vərəsəlik işi ilə bağlı 2 V -41 nömrə ilə qeyd edilmiş 1998-ci il olan Opel Astra minik markalı, ** FP *** dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə dair X12, X6 və X7 14 iyun 2021-ci il tarixdə verilmiş şəhadətnamə ləğv edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci tarixdə vəfat etmiş atası X2 miras qalmış əmlaklara dair qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmışdır, o cümlədən miras əmlakların faktiki idarəçiliyinə dair İddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Odur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, “Opel-Astra” markalı, **-FP-*** markalı dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixli AD257078 nömrəli şəhadətnamə ilə X3 xüsusi mülkiyyətinə keçmişdir. Sorğuya cavab verilən xx.xx.2022-ci il tarixə digər bir şəxsin mülkiyyətinə keçməmişdir və heç şəxsə həmin nəqliyyat vasitəsini idarə etmək hüququ etibar edilməmişdir. “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formalarından rəhmətə getmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı atası X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ölümündən sonra “Opel Astra” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil qalmışdır. Mərhumun ölümündən sonra sözügedən nəqliyyat vasitəsinə oğulları X14, X10 və həyat yoldaşı X5 hər birinin 1/3 hissədə payı tanınmaqla şəhadətnamə verilmişdir. İddiaçı mərhumdan qalmış miras qəbul etmək və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etdikdə, ona imtina edilmiş və digər vərəsələrin artıq mirası qəbul etdikləri, bərəsəlik şəhadətnaməsi aldıqları açıqlanmışdır. Bununla əlaqədar olaraq iddiaçı məhkəməyə müraciət edərək adıçəkilən 14 iyun 2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci tarixdə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün təkrarən notariat ofisinə müraciət etmiş, lakin ona qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığından, həmçinin miras əmlakların faktiki idarəçiliyinə dair sübutlar təqdim eə bilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda məhkəməyə müraciət edən iddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətinin buraxılması üzrlü hesab edilməsini və həmin müddət bərpa edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə,ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı növbəlik. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, ərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərində mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsinə görə, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 108-ci bəndində qeyd edilmişdir ki, xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həminəmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246 və 1248.1-ci maddələrində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Belə ki mülki işin materiallarından da müəyyən edilir ki, iddiaçı atasının vəfatından sonra xx.xx.2021-ci il tarixdə ərizə ilə notariat ofisinə müraicət etsə də, artıq digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu zaman iddiaçı mirasın qəbulu üçün müyyən edilmiş müddəti ötürsə də (27 gün gecikməklə), bundan sonra iddiaçı digər vərəsələrin – X13, X5 və X4 vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş, həmin iddia təmin edildikdən sonra təkrarən notariat ofisinə müraciət etmiş və bu zaman qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxıldığından, o cümlədən miras əmlakların faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyindən ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı mərhumun qızı olaraq birinci dərəcəli vərəsəsidir, o, miras əmlakı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə isə digər vərəsələrin vərəsəlik şəhadətnamələri ləğv etdirmiş, qeyd edilənlər mirasın qəbulu üçün müddətinin ötürülməsinə səbəb olmuşdur. Məhkəmə mirasın qəbulu müddətinin keçməsi səbəblərini üzrlü hesab etdiyindən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış 1998-ci il buraxılışlı, “Opel- Astra” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qəbulu üçün müyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsi üzrlü hesab edilməsi və həmin müddət bərpa edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi dövlət rüsumu tələb etmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış 1998-ci il buraxılışlı, “Opel-Astra” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qəbulu üçün müyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsi üzrlü hesab edilsin və həmin müddət bərpa edilsin. Məhkəmə xərclərinə aid olan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar