Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2193/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçınun Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC tərəfindən 09 mart 2022ci il tarixdə qeyri-qanuni olaraq № 007304 nömrəli akt tərtib olunmuş və akta əsasən ondan 4104 manat pul tələb edilir. Aşağıdakı səbəbdən hesab edir ki, həmin akt ləğv olunmalıdır və ondan həmin pulun tələb edilməsi tam qanunsuz və əsassızdır. Aktda qeyd olunmuşdur ki, guya abonent bazasında olan d-20 mm olan əlavə su xətti aşkar edilmişdir. Həmin əlavə xəttdən qeyri-qanuni istifadə etdilir. Bu tamamilə yalan və məntiqsizdir. Belə ki, həmin sayğacı Cavabdeh ASC-nin əməkdaşları quraşdırmışdır. Onun heç bir müdaxiləsi ola bilməz. Həmin saycac isə çöldə yerləşir. Eyni zamanda bildirir ki, onun oğlu X1 əlili olmuşdur. O, 10 mart 2020-ci ildə vəfat etmişdir. Mahirin uşaqlarına da o baxıram. Ona görə də, maddi vəziyyətim çox çətindir. Qeyd edilənlərə əsasən Cavabdeh ASC-nin 09 mart 2022-ci il tarixli, № 007304 nömrəli aktın ləğv olunması və Abonent haqqında məlumat vərəqəsində göstərilmiş 4104 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, kənar su xəttinin istifadə etməmişdir və hər zaman dövlətin qanunlarına riayət etmişdir. Onun oğlu müharibə iştirakçısı olmuşdur və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, iddiaçını evinə yoxlanışa getdiyi zaman görmüşdür. İdarənin nəzarətçiləri tərəfindən sayğacların işlək olub-olmaması ilə bağlı yoxlanış aparırlar. İddiaçının ünvanında dəfələrlə olmuşlar. İddiaçının evinin qapısı bağlı olduğuna görə yoxlanış həyata keçirilə bilməmişdir. Sonuncu dəfə 2022-ci ilin mart ayında aparılan yoxlanış zamanı sayğacın işlək olmadığı aşkar edilmiş və videoçəkilişdən göründüyü kimi sayğacdan suyu bağladıqları zaman iddiaçının obyektində suyun işlədiyi aşkar edilmişdir. Sayğac yerində idi, lakin klapan bağlı idi. Onlar iddiaçı barəsində cərimə yazdıqdan sonra iddiaçının istifadə etdiyi su 13-14 ton olmuşdur. Cərimə etməmişdən qabaq isə iddiaçının istifadə etdiyi su 1 kub metr olmuşdur. İddiaçının evinə baxış keçirildiyi zaman iddiaçının evində qapısı bağlı yer var idi. Əgər sayğacın qoşulduğu müddət müəyyə edilə bilmirsə, Nazirlər Kabinetinin qərarına əsasən, 1 illik müddət olan cərimə hesablanır. Sayğaca baxış keçirildiyi vaxtda 1 ay əvvəl iddiaçının evinə baxış keçirilmişdir, lakin tam baxış keçirilə bilməmişdir. Həmin vaxt iddiaçının sayğac üzrə borcu yox idi. 2021-ci iln fevral ayından 2022-ci ilin mart ayına kimi iddiaçının evinə baxış keçirilmişdir. İddiaçının evinin birinci mərtəbəsi qeyri-yaşayış obyektidi. Evin ikinci mərtəbəsi yaşayış evidi, üçüncü mərtəbəsi isə obyektdir. Evin və obyektlərin sayğacları açıq yerdə yerləşir. 2017-ci il tarixində iddiaçı ilə müqavilə bağlanmış və həmin vaxtda iddiaçı 136 kub metr su istifadə etmişdir. Evin qapısı bağlı olduğuna görə tam baxış keçirilə bilmirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh ASC-nin SSTŞ-nin mühəndisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 007304 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında su sayğacından keçməyən d-20 mm olan əlavə su xətti aşkar edilmişdir. Həmin əlavə xətdən qeyri-qanuni istifadə etdiyi üçün tərəflərindən xətt ləğv edilmiş və dəymiş ziyan aktı tərtib edilmişdir. Aktı hər üç nümayəndə imzalanmış, abonentin isə imzalamaqdan imtina etdiyi göstərilmişdir. - İddiaçı məxsus olan obyektdə su təchizatı xəttində aşkarlanmış kənar xəttə görə hesablanacaq sərfiyyat haqqında məlumatdan görünür ki, İddiaçı 4104 manat məbləğində cərimə hesablanmışdır. - Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh ASC-nin Apellyasiya Şurasına ünvanladığı xx.xx.2022-ci il tarixli Ə- 10960 nömrəli müraciətə baxılmışdır. Bildirirlər ki, “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndinin tələbinə görə Apellyasiya Şurası tərəfindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus hüquqi şəxsin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verilən müraciətlərə baxılır. Qeyd edirlər ki, şikayət yuxarıda adı çəkilən Əsasnamənin 5.1-5.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla, işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda, şikayət baxılmamış saxlanılır. Belə ki, Əsasnamənin 5.5-ci bəndinə uyğun olaraq, şikayət Apellyasiya Şurasına daxil olduqdan sonra işçi qaydada sizinlə əlaqə saxlanılmış, müraciətində göstərilən nöqsanlar barədə ona məlumat verilmişdir. Lakin hüquqi şəxs yatarmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən sənəd (VÖEN) təqdim edilməmiş, həmçinin şikayət üzrə aşkar olumuş nöqsanlar tərəfindən aradan qaldırılmamışdır. Bununla da bildirirlər ki, Apellyasiya Şurasına ünvanlandığı şikayət Şura tərəfindən baxılması üçün əsasnamənin 5-ci bəndində əks olunmuş şikayətə dair tələblərə cavab vermədiyi üçün şikayəti Apellyasiya Şurası tərəfindən mahiyyəti üzrə baxılmamış saxlanılır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 09 mart 2022-ci il tarixində ''Azərsu'' ASC-in əməkdaşları tərəfindən Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 13 ünvanında yerləşən İddiaçı məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və sayğacdan kənar su xəttinin olması səbəbi ilə 007304 nömrəli akt tərtib edilmiş və 4104 manat cərimə məbləği hesablanmışdır. Həmin akt tərtib olunarkən istehlakçı İddiaçı iştirakının təmin edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci maddəsinə görə, sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinin tələbinə görə, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-ci maddəsinəə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə görə Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun: 67-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat) - içməli məqsədlər və ya su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir. 30-cu maddəsinə əsasən 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59-cu maddəsinin 3-cü bəndinə əsaəsn su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna, müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının: 2.1.4-cü maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisələrinin vəzifəsidir. 5.1.5-ci maddəsinə əsasən, istehlakçıların verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Qanunvericiliyin göstərilən normalarını işin faktiki hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış borcun əks olunduğu akt Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edildiyi üçün həmin sənəddə göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin mübahisəli aktda iddiaçıya məxsus ünvanda kənar xəttinin vasitəsi ilə sudan istifadə olunması qeyd olunsa da, buna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş akt və sözügedən obyektdə cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş “əlavə xətt” ilə bağlı videonun əks olunduğu diskə baxış keçirərək onları mötəbər sübut qismində qiymətləndirməmişdir. Belə ki, həmin video çəkilişlərə əsasən, “su sayğacından kənar d-20 mm-lik qeyri-qanuni xətt”in hansı xəttə birləşdirilməsini müəyyən etmək, obyektdə bil il müddətində sözügedən “kənar xətt”dən istifadə olunması, iddiaçıya hesablanan cərimə məbləğinni həmin borcunun diametrinə uyğun hesablanması ilə bağlı cavabdehin dəlillərinin həqiqiliyini müəyyən etmək olmur. Bununla yanaşı, mübahisəli aktı tərtib edənlər bilavasitə Cavabdeh ASC-nin əməkdaşları olduqları, iddiaçı və ya kənar şəxslər tərəfindən imzalanmadığı və iddiaçının akta imza etməkdən imtina etməsinə dair qeyd mübahisələndirilən aktın etibarlılığını şübhə altına qoyur. Göründüyü kimi tərtib olunan akt qüsurlu şəkildə tərtib edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğacdan kənar xəttin çəkilməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, ünvan 2 ünvanına İddiaçı adına əsassız hesablanmış 4104 manat borcun silinməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 007304 saylı akta əsasən Nizami rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 042835 olan obyektə baxış keçirilən zaman su və tullantı tullantı sularının axıdılması xidmətlərindən qeyriqanuni istifadəyə görə 4104 manat məbləğində borc hesablanmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 007304 saylı akt ləğv edilməli, həmin akta əsasən hesablanmış borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 007304 saylı akt ləğv edilsin və həmin akta əsasən Nizami rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 042835 olan obyektə hesablanmış 4104 (dörd min bir yüz dörd) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 61,04 (altmış bir manat 04 qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2193/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2193/2022
24.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver