Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-220/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənzil sahəsinin artıq hesablanmış 16,5 kv.metr hissəsinin dəyərini təşkil edən, ödənilmiş 15675 manat pulun, 16,5 kv.metr üçün artıq ödədiyi 114 manat kommunal xidmət haqqının, əldən çıxmış faydaya görə 7000 (yeddi min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 22825 (iyirmi iki min səkkiz yüz iyirmi beş) manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı mənzili 12.07.2019-cu il tarixli 0596 saylı müqaviləyə əsasən o, hər kv.metri 950 (doqquz yüz əlli) manat olmaqla, cəmi 120175 (yüz iyirmi min yüz yetmiş beş) manat ödəməklə almışdır. Bağlanmış müqaviləyə əsasən mənzilin ümumi sahəsi 126,5 kv.metr göstərilmişdir. Lakin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 126,5 kv.metr deyil, cəmi 110 kv.metrdir. O, mübahisəni məhkəmədən kənar həll etmək üçün 20.08.2021-ci il tarixdə pretenziya məktubu ilə MMC-nin rəhbərliyinə müraciət edərək müqavilədə mənzil sahəsinin artıq hesablanmış 16,5 kv.metr sahəsinin dəyərini təşkil edən ödədiyi 15675 manat pulun qaytarılmasını xahiş etmişdir. Lakin mübahisəni məhkəmədən kənar həll etmək mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Pretenziyaya cavab məktubunda qeyd edilir ki, bağlanmış müqaviləyə əsasən mənzilin ümumi sahəsinə mənzilin yaşayış, yardımçı, balkon sahələri, divar altı sahə daxildir. Mənzildə yaşadığı 01.01.2020-ci il tarixdən 01.08.2021-ci il tarixədək hər ay 44 (qırx dörd) manat əvəzinə 50 (əlli) manat kommunal xərc ödəmişdir ki, bu da 114 (yüz on dörd) manat artıq ödəniş deməkdir. 01.08.2021-ci il tarixdən isə MMC-nin rəhbərliyinin verdiyi qəbzə əsasən 44 manat kommunal xərc ödəyir. O, cavabdehlə müqaviləni 12.07.2019-cu ildə bağladığına və həmin vaxt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvədə olduğuna görə həmin məcəllənin 59.3-cü maddəsi imperativ norma olaraq nəzərə alınmalı idi. Lakin cavabdeh həmin imperativ normanı nəzərə almayaraq mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələrini, divar altı sahəni qanuna zidd olaraq daxil etmiş və qanunun tələblərini pozmuşdur. İddiaçı 26.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehdən mənzil sahəsinin artıq hesablanmış 16,5 kv.metr hissəsinin dəyərini təşkil edən, ödənilmiş 15675 manat pulun, 16,5 kv.metr üçün artıq ödənilmiş 114 manat kommunal xidmət haqqının, Mərkəzi Bankın 2019-2021-ci illər üçün iki illik uçot dərəcəsi 8% olmaqla 2508 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 18327 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyil. Bağlanmış müqavilənin düzgün tərtib edilmədiyini, cavabdeh tərəfindən mənzilin ölçüləri düzgün aparılmadığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə iradə azadlığı əsasında tərtib edilmiş, iddiaçı tərəfindən mənzil təhvil verildiyi zaman heç bir etiraz və pretenziya verilməmiş, müqavilə şərtləri qanunvericiliyə uyğun olaraq tərəflər arasında müəyyənləşdirilmişdir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza rəyinin nəticəsi ilə razıdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış 12.07.2019-cu il tarixli 0596 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsindəki “MY HOME” Yaşayış Komleksində yerləşən B.9.5 saylı mənzili İddiaçı hər kv.metrini 950 (doqquz yüz əlli) manat olmaqla, cəmi 120175 (yüz iyirmi min yüz yetmiş beş) manat ödəməklə almışdır. Bağlanmış müqaviləyə əsasən mənzilin ümumi sahəsi 126,5 kv.metr göstərilmişdir. - 12.07.2019-cu il tarixli MA-429 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış 0596 saylı, 12.07.2019-cu il tarixli "Nəğd satış" müqaviləsinin predmeti sayılan Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilməkdə olan B bloku, B.9.5 №-li mənzil üçün borc 12.07.2019-cu il tarixində tam ödənilmişdir. 12.07.2019-cu il tarixində müştərinin heç bir borcu yoxdur. - İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı müqavilədə mənzil sahəsinin artıq hesablanmış 16,5 kv.metr (yəni 126,5-110 = 16,5) sahənin dəyərini təşkil edən 15675 (16,5 x 950 manat = 15675) manat pulun ona qaytarılması barədə qərar qəbul edilməsini cavabdehdən xahiş etmiş, əks halda mübahisənin həlli üçün məhkəməyə müraciət edəcəyi ilə bağlı cavabdehi xəbərdar etmişdir. - Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış 17.09.2021-ci il tarixli 61 saylı cavab məktubundan görünür ki, 12.07.2019-cu il tarixli, 0596 nömrəli müqavilənin 1.2-ci bəndinin tələblərinə əsasən mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. Müqavilə şərtlərinə uyğun olaraq ümumi sahəsi 126,5 kv.metr olan mənzil ididaçıya təhvil verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 56, 58 Mənzil b.9.5 (yeni qaydada ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 110 kv.metrdən ibarət mənzil iddiaçının adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə 09.08.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən 05.08.2021-ci il tarixdə tərtib edilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 56, 58 Mənzil b.9.5 (yeni qaydada ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 110 kv.metrdən ibarətdir. - Məhkəmə tərəfindən təyin olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24.01.2022-ci il tarixli 10/6160 saylı məhkəmə-tikinti texniki ekspertizasının rəyindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 0596 saylı müqavilənin 1.2-ci bəndində göstərilmiş qaydada, mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahənin daxil olması nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 56, 58, mənzil B.9.5 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzilin ümumi sahəsinin 126,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh MMC arasında mübahisəli mənzilə dair 12.07.2019-cu il tarixli 0596 saylı müqavilə bağlanmış, mənzilin dəyəri olan 120175 manat iddiaçı tərəfindən tam olaraq ödənilmiş, mənzil iddiaçıya təhvil verilmişdir. Bundan sonra, həmin mənzilə iddiaçının mülkiyyət hüququ tanınmış və mənzil üzərində bu mülkiyyət hüququ 09.08.2021-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda işin mübahisəli halı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 56, 58, mənzil B.9.5 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzilin sahəsi ilə bağlıdır. Belə ki, iddiaçı hazırki tələbi irəli sürərkən tərəflər arasında mübahisəli mənzilə dair bağlanan müqaviləyə istinad edərək mənzilin sahəsinin 126,5 kv.metr kimi göstərildiyi halda, ona verilən dövlət reyestrindən çıxarışda isə mənzilin sahəsinin 126,5 kv.metr deyil, 110 kv.metr olduğunu, nəticədə tərəfindən MMC-yə artıq pul ödənildiyini qeyd etmişdir. Cavabdeh isə iddia ərizəsinə etiraz edərək sözügedən müqavilənin iradə azadlığı prinsipi əsasında tərtib edildiyini və mənzil təhvil verildiyi zaman etiraz və pretenziya edilmədiyini bildirərək iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə tərəfindən yaranmış mübahisə ilə əlaqədar tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertin 24.01.2022-ci il tarixli 10/6166 saylı rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 0596 saylı müqavilənin 1.2-ci bəndində göstərilmiş qaydada, mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahənin daxil olması nəzərə alınmaqla mənzilin ümumi sahəsi 126,5 kv.metrdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirmiş, göstərilən sahədə mənzil təhvil vermişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinin şərtlərinə əsasən mənzilin müqavilə üzrə şərtləşdirilmiş ümumi sahəsinə - yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələrin də daxildir. Belə ki, bağlanmış müqavilənin düzgünlüyü prezumpsiyası qüvvədə olduğunundan iddiaçı müqavilənin şərtlərinin onun iradəsinə uyğun olmadığını irəli sürürsə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə ki, məhkəmə araşdırması zamanı müqavilə şərtlərinin iddiaçının iradəsinə uyğun olmaması, yəni mənzilin ümumi sahəsi hesablanarkən ümumi sahəyə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahələrin də daxil edilməsi barədə məlumatlı olmaması, iddiaçıya müqaviləyə uyğun razılaşdırılmış sahədə mənzilin verilməməsi və cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetirməməsi halları müəyyən edilmədiyindən, iddia ərizəsində göstərilən hallar təsdiqini tapmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Belə ki, iş üzrə ekspertiza rəyinə əsasən mübahisəli mənzilin faktiki ümumi sahəsinin 126,5 kv.metrdən ibarət olması halı öz təsdiqini tapmışdır. Lakin hesablama Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aparıldıqda mənzilin ümumi sahəsinin 110 kv.metrdən ibarət olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetirmiş, müqavilədə qeyd edilən (126,5 kv.metr) sahədə mənzili iddiaçıya təhvil vermişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması halı müəyyən edilmədiyindən iddia tələbi “mənzil sahəsinin artıq hesablanmış 16,5 kv.metr hissəsinin dəyərini təşkil edən, ödənilmiş 15675 manat pulun qaytarılması” hissəsində təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi “ödənilmiş 15675 manat pulun qaytarılması” hissəsində təmin edilmədiyindən və tələbin digər hissələri də ondan törəyən tələb olduğundan iddia tələbi “16,5 kv.metr üçün artıq ödənilmiş 114 manat kommunal xidmət haqqının, Mərkəzi Bankın 2019-2021-ci illər üçün iki illik uçot dərəcəsi 8% olmaqla 2508 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun ona qaytarılması” hissələrində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan 24.01.2022-ci il tarixli 10/6166 nömrəli ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri hər biri 50 (əlli) manat təşkil etmişdir. İddia tələbi təmin edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu ona aid edilməli və məhkəmə ekspertizasının dəyəri, 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 31 manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri, 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ**********0000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-220/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-220/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver