Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2272/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC tərəfindən yazılmış 2656 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 152.1.10-cu maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarının: 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 24-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyrihökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Məhkəmə qeyd edir ki, mübahisənin mahiyyətindən görünür ki, tərəflər arasındaki mübahisə, onlar arasında həyata keçirilən sahibkarlıq fəaliyyətindən və bu fəaliyyət də müqavilə münasibətlərindən yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan məsələ üzrə İddiaçı "xxxx" MMC-nin direktoru olduğundan, sudan istifadə ilə bağlı məsələ İddiaçı şəxsi tələbatını ödəmək məqsədi daşımadığından, xx.xx.2022-ci il tarixli, № 601801 nömrəli akt üzrə "xxxx" su istehsalı istehlakçı kimi qeyd olunduğundan, akt MMC tərəfindən istifadə olunan su üzrə tərtib edildiyindən Cavabdeh ASC kimi su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün sudan istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalı olduğundan iş üzrə Cavabdeh ASC və "xxxx" MMC arasında bağlanmış müqavilə əlavə olunmasa da belə iddialara ümumi məhkəmədə baxıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə Cavabdeh ASC və "xxxx" MMC arasında bağlanmış müqavilə, məhkəməyə qədər nizamlama (pretenziya) qaydası ilə bağlı mediasiya sessiyasında iştirak barədə arayış, əgər bu məsələ tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisənin həmin qaydaya riayət edilməsi ilə bağlı sənəd işə əlavə edilməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Beləliklə, hesab edirəm ki, iddianın yolverilməzliyinə, yəni irəli sürülən tələbə ümumi məhkəmədə baxılmasına yol verilmədiyinə görə iddianın qəbul edilməsindən imtina edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli, № 601801 nömrəli aktın ləğv olunması və Abonent haqqında məlumat vərəqəsində göstərilmiş 2656 manat borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2126/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş və İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilmək hüququ izah edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçı izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2272/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2272/2022
04.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver