Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2283/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğlunun, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğlu cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X4 işlədiyi müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Yığım Fondunda yığılmış 65329,34 manat vəsaitin miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunması və ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 ilə 02 dekabr 1990-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurublar. Birgə nikahları dövründə 03 fevral 1992-ci il tarixdə qızları Həbibova (Quliyeva) Zümrüd İsmayıl qızı anadan olub. Həyat yoldaşı X6 ürək çatmamazlığı nəticəsində 05 iyul 2022-ci ildə vəfat edib. Ailə qurduqdan sonra həyat yoldaşının vəfat etdiyi günə kimi birgə təsərrüfat aparıblar. Həyat yoldaşı öldükdən sonra bütün yas mərasimlərinin xərclərini özü ödəyərək, birgə nikah döründə əldə etdikləri bütün əmlaklara sahiblik etməyə və idarə etməyə faktiki başlayaraq mirası qəbul etdiyini şəksiz nümayiş etdirib. Nəzərə çatdırır ki, şəxsin Dövlət Sosial Müdafiə Fondunda yığılmış yığım fondunun varislərinə verilməsi qaydası barədə məlumatı olmadığından, həmçinin birgə nikah dövründə əldə etdikləri əmlakları idarə etməklə mirasın tərəfimdən qəbul olunmasını şəksiz nümayiş etdirdiyindən mirasın qəbul edilməsi barədə notariat kontoruna müraciət etməyib. Sonradan 05 yanvar 2023-cü ildə zəruri sənədləri təqdim etməklə Cavabdehna müraciət edib, lakin vərəsəlik işi ilə məşğul olan işçinin olmaması ilə əlaqədar başqa gün müraciət etməyini tövsiyyə ediblər. 14 yanvar 2023-cü il tarixdə etdiyi müraciətə isə notariat ofisi tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürüldüyü bildirilərək sənədlərin icrasından imtina edilibdir. Notariat Ofisinin 16 yanvar 2023-cü il tarixli 72/2023 saylı məktubu ilə mirasın qəbul edilməsi üçün qanunvcrciliklə müəyyənləşdirilmiş müddət ötürüldüyünə görə rəsmi müraciətinin icrasından imtina edilib, həmçinin bildirilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə müvafiq olaraq mirasın qəbulu faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciətinə əsasən mərhum X4 fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitlərdən digər məqsədlər üçün istifadə olunması qanunvericilikdə nəzərdə tutulmayıb. Təqdim olunmuş “sığortaolunanın hesabı” cədvəli üzrə sığortaolunan X4 hesabında yığılmış pensiya kapitalının məbləği “Azərneftyağ” X10 işlədiyi 2006-2014-cü illər üzrə 23168,95 manat, “Neftqazelmitədqiqatlahiyə” institutunda işlədiyi 2015-2022-ci illər üzrə 22438,86 manat, Heydər Əliyev adına “X10” işlədiyi 2015-2022-ci illər üzrə 19721,53 manat, cəmi 65329,34 manat pul məbləğinin yığılması təsdiq olunmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, miras əmlakın qəbul edilməsi müddəti bərpa olunaraq ona vərəsəlik şəhadətnaməsi verilməlidir. Bildirir ki, mərhum həyat yoldaşının yeganə varisidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair vərəsəlik işinin açılmasına dair təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alıb, vərəsəyə mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərlə əlaqədar, məhkəmə mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti bərpa etdiyi halda vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olacaqdır. Həmçinin, iş yükünün çoxluğu ilə əlaqədar keçiriləcək iclasa və növbəti iclaslara onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı verilmiş 3-17-1/2-Q-132528/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunanın qanunvericiliklə müəyyən olunmuş pensiya təminatı hüququ yarandığı hallarda fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabının yığım hissəsində toplanan vəsaitlərdən istifadə edə biləcəyi, sosial sığorta ödənişlərinin digər məqsədlər üçün istifadə olunmasının qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmişdir. Hər bir sığortaolunan şəxsə fərdi şəxsi hesab açılır və həmin bu hesaba sığortaedən və sığortaollunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün), könüllü sosial sığorta üzrə daxil olan sığorta haqqı daxil olunur. Həmin bu hesabda toplanan vəsaitlər dövlət sosial müdafiə fondunda cəmləşdirilir və sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Tərəflərindən aparılmış araşdırma zamanı “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara (Forma B3) və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölməsində sığortaolunan N.Quliyevanın **********108 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmuş, könüllü pensiya kapitalı qeydə alınmamışdır. Qanunvericiliyin şərhinə uyğun olaraq iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur və sosial sığorta şəhadətnaməsinə yığılan kapitalın iddiaçıya ödənilməsi nəzərdə tutulmamış və mirasa daxil deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğlu iddia tələbini müdafiə edib iddia ərizəsinin və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum arvadının vərəsələri o və qızıdır. Qızı notariat ofisinə ərizə ilə müraciət edərək, mirasdan imtina edib. Mərhum arvadı sağ ikən əmək pensiyası almırdı, hələ pensiya yaşına çatmayıb. Mərhumun pensiyasının alınması ilə bağlı müraciət etməyib. Mərhumun başqa əmlakı olmayıb. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan pul məbləği fərdi hesabın sığorta hissəsinə yığılmış məcburi dövlət sosial sığorta haqlarıdır. Hansı ki, hər bir şəxsin özünəməxsus fərdi hesabının sığorta hissəsi olur. Tutaq ki, şəxs hər hansı bir işdə işləyir, məcburi dövlət sosial sığorta haqqları ödəyir, məbləğ şəxsin fərdi hesabının sığorta hissəsinə yığılır ki, gələcəkdə həmin məbləğ şəxsə pensiya təyin olunmasında və ya digər ödənişlərdə istifadə olunsun. İddiaçı isə həmin məbləği pul şəkilində almaq istəyir. Ölkənin qanunvericiliyində bununla bağlı hər hansı bir norma yoxdur. Beynəlxalq praktikada şəxsin fərdi hesabının sığorta hissəsinə yığılmış pensiya kapitalı onun mülkü sayılır, amma qanunvericilikdə belə hesab olunmur. Ailə üzvü sadəcə vəfat etmiş şəxsin pensiyasını ala bilər. Həmin yığılmış vəsait gələcəkdə iddiaçı ailə başçısının itirilməsi üçün pensiya təyin olunması üçün müraciət edərsə, nəzərə alına bilər. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ № 261100 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 719 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, notariat ofisinə xx.xx.2023-cü il taixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğlu tərəfinfən müraciət daxil olmuşdur. Müraciət edən şəxs ərizəsində göstərir ki, arvadı X6 xx.xx.2022ci il tarixdə vəfat etmiş və miras Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Yığım Fondundan olan vəsaitdən ibarətdir. Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğlunun nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə müvafiq olaraq mirasın qəbulu faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilər. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğluna ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Adı çəkilən Qanunun 3-cü maddəsində qeyd olunduğu kimi dövlət sosial sığortası məcburilik prinsipi əsasında həyata keçirilir və həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulan əmək pensiyası və digər sosial sığorta hadisələri baş verdikdə sığorta ödəmələri verilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əsasən sığortaolunan qanunvericliklə müəyyən olunmuş pensiya təminatı hüququ yarandığı hallarda fərdi hesabının sığorta hssəsində qeydə alınan və fərdi hesabının yığım hissəsində toplanan vəsaitlərdən istifadə edə bilər. Həmçinin Qanunun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək), həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatmış, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Nəzərə çatdırırlar ki, mərhum X4 fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitlərdən digər məqsədlər üçün istifadə olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. - X5 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş miras qoyan anası X2 qalmış miras əmlakdan çatan qanun üzrə vərəsəlik payını qəbul etməyib, miras əmlaka sahiblik etməyib, onun idarəçiliyində iştirak etməyib və idarəçilik etməyə başlamayıb. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməyib. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəi Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-7429/2023 saylı məlumatından görünür ki, Nailə Quliyevanın xx.xx.1990-cı ildə xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ilə nikahı Bakı nikah evində qeydə alınmışdır. Həmin nikahdan doğulmuş xx.xx.1992-ci il təvəllüdlü X3 doğumu xx.xx.1992-ci ildə 446 nömrəli akt qeydi ilə Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar yoxlanılarkən Nailə Quliyevanın nikahının pozulmasına dair hər hansı məlumat aşkar olunmadı. Həmçinin bildirilir ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində N.Quliyevanın əmlakı ilə bağlı vərəsəlik işinin açılması faktı aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı olan X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı Qulı̇ yev İsmayıl Mı̇ kayıl və onun qızı X5 mərhumun vərəsələridir. Sonuncu mərhumda qalmış miras əmlakından qəbul etməyib, ona sahiblik etməməyi ilə bağlı notariat ofisinə müraciət etmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət etmiş, notariat ofisi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə müvafiq olaraq mirasın qəbulu faktının müəyyən edilməsi, mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə biləcəyi ilə bağlı iddiaçıya məlumat vermişdir. Hazırda iddiaçı mərhum həyat yoldaşı X4 işlədiyi müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Yığım Fondunda yığılmış 65329,34 manat vəsaitin miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunması və ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Qanunvericiliyin mənasına görə mirasın qəbul edilməsi, eləcə də mirasdan imtina vərəsənin icra etdiyi birtərəfli əqdlərdir. Mirasın qəbul edilməsi, eləcə də imtina zaman daxilində geriyə qüvvə ilə fəaliyyət göstərir. Bu o deməkdir ki, mirası qəbul edən vərəsənin təkcə mirası qəbul etmə anında mövcud olan əmlaka deyil, eləcə də vərəsəliyin açılma anında mövcud olan bütün əmlaka hüququ vardır. Miras - əmlakın sahibliyinə faktik daxil olma dedikdə miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Söhbət o hərəkətlərdən gedir ki, onlar vərəsənin miras əmlaka özününkü kimi münasibət bəslədiyini hesab etməyə əsas verir. Sahibliyə əmlakın bir hissəsi ilə faktik daxil olma nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq bütün mirasın qəbul edilməsi kimi nəzərdən keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı növbəlik. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərində mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246 və 1248.1-ci maddələrində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hazırda iddiaçı miras əmlakı kimi mərhum həyat yoldaşı X4 işlədiyi müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Yığım Fondunda yığılmış 65329,34 manat vəsaiti göstərmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.1-ci maddəsinə əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 1.1.10-cu maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitidir. 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 3-cü maddəsinə əsasən dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın prinsiplərindəndir. 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr və sair sığorta ödəmələri verilir. 19.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 18.5-ci maddəsinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara (Forma B3) və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölməsində sığortaolunan Nailə Quliyevanın **********108 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmuş, könüllü pensiya kapitalı qeydə alınmamışdır. Nailə Quliyevanın fərdi hesabının sığorta hissəsində toplanan vəsaitdən (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər) onun pensiya hüququ yarandığı hallarda istifadə edilə biləcəyi, qanunvericilikdə həmin vəsaitdən digər məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda X4 işlədiyi müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Yığım Fondunda yığılmış 65329,34 manat vəsait miras əmlakı kimi hesab edilmir. Qeyd edilir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 18.5-ci maddəsinə istinad edərək iddia tələbini əsaslandırsa da, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən əmək pensiyaçısının fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünsə də, həmin qanunun 1.0.9-cu maddəsinə əsasən fərdi şəxsi hesabın yığım hissəsi sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. Hazırda isə mərhumun könüllü pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Yığım Fondunda yığılmış 65329,34 manat vəsait miras kütləsinə daxil olmadığından həmin əmlakın miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunmasına və iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur və miras kimi göstərilən vəsait miras əmlakına daxil olmadığından həmin əmlaka münasibətdə mirasın qəbul üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi və iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi üzrə əlavə araşdırma aparılması zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddət bərpa edilsə idi, həmin qətnamə iddiaçıya müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas olacaqdı və bu baxımdan qətnamədə bununla bağlı ayrıca qeyd edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı “mərhum həyat yoldaşı X4 işlədiyi müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Yığım Fondunda yığılmış 65329,34 manat vəsaitin miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunması və ona vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən və iddiaçının bununla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qulı̇ yev İsmayıl Mı̇ kayıl oğlunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə qarşı “mərhum həyat yoldaşı X4 işlədiyi müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Yığım Fondunda yığılmış 65329,34 manat vəsaitin miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa olunması və ona vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2283/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2283/2023
27.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver