Məhkəmə qərarları › İş №2(007)-2288/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2288/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2288/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh evin kirayəyə haqqı olaraq xx.xx.2024-cü il tarixdən məhkəmə prosesi davam etdiyinə görə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərinə hesablanmış 2760 manat (690x4=2760), hüquqi xidmətin göstərilməsinə görə 20 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 manat olmaqla, cəmi 2829 manat pulun tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Cavabdeh iddiaçılardan xx.xx.2024-cü tarixindən xx.xx.2025-ci il tarixinədək notarius təsdiqi ilə kirayə götürüb, amma xx.xx.2024 tarixdən kirayə pulunu və kommunal xidmətlərə görə haqqı vermir, hələ üstəlik xx.xx.2024-cü il tarixdən isə cavabdehlə heç bir əlaqə saxlamaq mümkün deyil, yəni kirayə götürdüyü evdə yoxdur. Telefon nömrələrinə edilən zəngləri qaldırmır və whatsappda mesajlara baxmır. Bununla da cavabdeh kirayə müqaviləsini dəfələrlə pozur. Ondan əlavə cavabdeh İddiaçı1 (evin sahiblərindən biri) 100 manat borc götürmüş, icarə pulu ilə birlikdə geri qaytaracağına dair söz vermişdir. Cavabdehlə əlaqələr kəsildiyi gündən bir neçə gün əvvəl o, tanışlarını aldadaraq bəzilərindən pul, bəzilərindən satılıq əşyalar götürmüşdür. Ona görə də onu polisə veriblər və onda məlum olub ki, cavabdeh dəfələrlə məhkum olmuşdur. Bunuda bildirək ki, onlar tərəfindən cavabdehə müqavilənin pozulması barədə cavabdehin qeydiyyatdakı ünvanına poçtla (sənəd var) bildiriş göndərilib. Eləcə də sahə müvəkkili (müraciətlərinə əsasən) mülkiyyətçinin iştirakı ilə evə baxışı olub və cavabdehin sözü gedən evdə qiymətli əşyası qalmadığı məlum olmuşdur. Amma təəssüf ki məsuliyyətsizlikdən sahə müvəkkili (dəfələrlə onlar tərəfindən edilən xahişlərə və sahə müvəkkilinin yanında yazılan baxış ərizəsinə baxmayaraq) akt yazıb verməmişdir.

Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

4. “Dövlət rüsumu haqqında” Qanun :

8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2 iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda-30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi :

5. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

6. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.

7. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.

Nəticə :

8. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264,268 maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva İş № 2(007)-2288/2024

PROTOKOL məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi

xx.xx.2024-cü il Bakı şəhəri

Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Starə Vidadil qızı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:30-da başlandı. Prosessual hərəkət tərəflərin iştirakı olmadan keçirildi. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, qərardad qəbul etdim. Prosessual hərəkət saat 17:40-da qurtardı. Protokolu xx.xx.2024-cü il tarixdə tərtib etdim və imzaladım.

Hakim: Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar