Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2292/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-nin Nizami Rayon İdarəsinə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ona məxsus olan mənzilin sayğacında ona aid olmayan borcun silinməsi və sayğacın onun adına keçirilməsi vəzifəsinin Cavabdeh ASC-nin Nizami Rayon İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olduğu üçün xx.xx.1999 cu ildən xx.xx.2012-ci ilədək ünvan 1 ünvanda yerləşən 3 saylı Uşaq Evində təhsil almış və orada da yaşamışdır. Orta məktəbi bitirib dövlətin, xüsusilə də Azərbaycanın İ vitse prezidenti əziz Mehriban xanım Əliyavanın diqqət və qayğısının nəticəsi olaraq, DİM-nin imtahanlarından müvəffəqiyyətlə keçərək Xəzər Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetdə oxuduğu müddətdə də daim Mehriban xanımın diqqət və qayğısını hiss etmişdir. Universitetdə təhsil almaqla yanaşı eyni zamanda xx.xx.2012-ci il tarixdən Baki Metropolitenində gecə növbəsində izoləedici (tunel fəhləsi) peşəsində işləməyə başlamışdır. İşə düzəldikdən sonra uşaq evini tərk edərək kirayə mənzil tutaraq yaşamışdır. 2022-il tarixindən etibarən X3 dəstəyi ilə ünvan 2 ünvanında daimi yaşayış yeri ilə təmin olunmuşdur. xx.xx.2023-cü il tarixində qeyd etdiyi ünvana pasport qeydiyyatına alınmış və sonra mənzili özəlləşdirmək üçün Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən Sərəncamla təmin edilmişdir. X3 dəstəyi ilə qeyd etdiyi ünvanda əvvəllər uşaq evi və internat məktəblərinin məzunları arasından olan gənclər (xüsusilə Dövlət Neft Şirkətində peşə təhsili alan və işləyən) yerləşdirilmişdir və bu zaman komunal ödənişlərin sayğacları həmin şəxsələrin adına olmuşdur. Sonradan həmin məzunlar evlə təmin edilsə də sayğaclar onların adına qalmışdır. Ona məxsus olan K.Balakişiyev 25, mənzil 7 ünvanının da sayğacı həmçinin uşaq evinin məzunu olan, qeyd etdiyi ünvanda əvvəllər müvəqqəti yaşayan X1 adına qalmışdır və sayğacda 3500 manatdan artıq borc yığılmışdır. Bununla əlaqədar sayğacda olan borcun (ona məxsus olmayan) silinməsi və işıq sayğacının onun adına keçirilməsi ilə bağlı Cavabdeh ASC-nin Nizami rayon İdarəsinə etdiyi çoxsaylı müraciətləri nəticəsiz qalmış, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan faktlar ərizəyə əlavə olunan sənədlərlə də tam təsdiq olunur. Belə hesab edir ki, cavabdehin hərəkəti əsassız hesab olunmalı, yaşadığı mənzilin sayğacında olan borcun silinməsi və sayğacın adıma keçirilməsi vəzifəsi cavabdehin - Azərbaycan Respublikasi Cavabdeh ASC-nin Nizami rayon İdarəsinin üzərinə qoyulmalıdır.
İş materialları :
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyata alınmışdır.
4. Cavabdeh ASC-nin bildirişindən görünür ki, X1 adına olan P**********4 nömrəli sayğac üzrə 3414.15 borc vardır.
5. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Xətai rayonu 3 nömrəli uşaq evin tərəfindən verilən arayışdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı, o həqiqətən xx.xx.1999 -cu ildə Xətai rayonu 3 saylı uşaq evinə təhvil verilmişdir. Uşaq evində yaşayıb, tərbiyə aldığı müddətdə valideynləri haqqında məlumat olmayıb. xx.xx.2012 - ci ildə 18 yaşı tamam olduqdan sonra öz ərizəsi ilə uşaq evini tərk elmişdir. Müəssisədə valideynləri haqqında məlumat yoxdur.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
7. “Dövlət rüsumu haqqında” Qanun :
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Məhkəmənin mövqeyi :
8. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
10. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı yaranmış işıq borcunun silinməsi və sayğacın dəyişdirilməsini tələbi ilə məhkəməyə müraciət etdiyi Nizami rayonu K.Balakişiyev ev 25, 7 saylı mənzilin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamla onun adına keçirilməsini qeyd etməsinə baxmayaraq iş materiallarına nə sərəncam, nə də həmin mənzilin həqiqətən onun adına keçirilməsini təsdiq edən mötəbər sübutlar əlavə edilməmişdir.
11. Məhkəmə həmçinin cavabdehə izah etməyi zəruri hesab edir ki, cavabdeh qismində Cavabdeh ASC-nin Nizami Rayon İdarəsinə yox "xxxx" ASC-yə tələb yönəldilməlidir.
Nəticə :
12. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı mülki prosessual qanunvericiliyin 149-cu maddəsinin tələbinə əməl olunmadığı üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
13. İddiaçıya yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümui qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva