Məhkəmə qərarları › İş №2(007)-2349/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2349/2025

26.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2349/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cvabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə bildirir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin ½ hissəsi üzrə ¼ hissədə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin X2 əldə etdiyi (½ hissə) hissəsi üzrə ¼ hissədə, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləği üzərində 5/8 hissədə paylarını qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə keçirmək istəyir. Bununla bağlı aidiyyəti üzrə notariat orqanına ərizə ilə müraciət etmiş, Notariat orqanı qanuni əsas olmadan ərizənin təmin edillməsindən imtina etmişdir. Hazırda bu hərəkətin qanunsuz hesab edilərək sözügedən miras əmlaklarla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Lakin, iddiaçının iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 15 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən mərhumun vərəsələri- X1, X4, X3, X6, X2 miras qalmış əmlak üzərində vərəsələrinin paylarının müəyyən edilməmişdir. Bu səbəbdən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bununla da iddiaçı cavabdeh təşkilatın iddiaçının məhkəmə qətnaməsi ilə payı müəyyən edilən yalnız bir əmlakına dair şəhadətnamə verilməsindən imtina etməsi ilə bağlı məktub qoymuş, cavabdeh təşkilatın digər əmlaklara vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilməsi ilə bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cvabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar