Məhkəmə qərarları › İş №2(007)-2508/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2508/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2508/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə aralarında bağlanmış 26 oktyabr 2018-ci il tarixli, 00348870 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 684 manat dəyərində “Samsung Galaxy J 6 Plus” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, hər ay 38 manat olmaqla, borcu 18 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. Lakın, Cavabdeh üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, 522 manat məbləğdə ödənişlər etmiş, ödəmənin qalan hissəsinin borclu qalmışdır. Onun əsas borcun məbləği 162 manat, cərimə 16 manat olmaqla, cəmi 178 manat borcu qalmışdır. Bundan əlavə, 07 mart 2019-cu il tarixli, 00549029 saylı nisyə alqısatqı müqaviləsinə əsasən, cavabdeh onlardan 840 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 70 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. Lakın, Cavabdeh bu müqavilə üzrə də, üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməmiş, 460 manat məbləğdə ödənişlər etmiş, ödəmənin qalan hissəsini borclu qalmışdır. Onun əsas borcunun məbləği 380 manat və cərimə 38 manat olmaqla, cəmi 418 manat borcu qalmışdır. Bundan əlavə, 23 iyun 2019-cu il tarixli, 00737853 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh onlardan 464 manat dəyərində “X6 Piko Full Glass Xiaomi” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 8 manat məbləğində ilkin ödəniş edəcək, qalan borcu hər ay 38 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, onlara ödəyəcəkdir. Lakın, Cavabdeh bu müqavilə üzrə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 351 manat məbləğdə ödənişlər etmiş, ödəmənin qalan hissəsinin borclu qalmışdır. Onun bu müqavilə üzrə əsas borcunun məbləği 113 manat və 11 manat cərimə olmaqla, cəmi 124 manat borcu qalmışdır. Cavabdeh hər üç müqavilələr üzrə 655 manat məbləğində əsas borcu və 65 manat cərimə olmaqla, ümumillikdə 720 manat həcmində borcu qalmışdır. Həmin borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsümün cavabdehdən alınması və "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 26 oktyabr 2018-ci il tarixli, 00348870 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 684 manat dəyərində “Samsung Galaxy J 6 Plus” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, hər ay 38 manat olmaqla, borcu 18 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. İşə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 07 mart 2019-cu il tarixli, 00549029 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 840 manat dəyərində “Samsung Galaxy A7” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, ilkin ödəniş etmədən, borcu hər ay 70 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. İşə əlavə olunmuş, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 23 iyun 2019-cu il tarixli, 00737853 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh onlardan 464 manat dəyərində “X6 Piko Full Glass Xiaomi” markalı mobil telefonu əldə etmişdir bu şərtlə ki, 8 manat məbləğində ilkin ödəniş edəcək, qalan borcu hər ay 38 manat olmaqla 12 ay ərzində cədvəl üzrə o, ödəyəcəkdir. İşdə olan 26.10.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Eldar oğlu iddiaçıdan 684 manat dəyərində “Samsung Galaxy J 6 Plus” markalı mobil telefonu əldə etmişdir. İşdə olan 03 mart 2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh Eldar oğlu iddiaçıdan 464 manat dəyərində “X6 X5 Xiaomi” markalı mobil telefonu əldə etmişdir. İşdə olan 23.06.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh Eldar oğlu iddiaçıdan 684 manat dəyərində “Samsung Galaxy J 6 Plus” markalı mobil telefonu əldə etmişdir. İşdə olan hər üç müqavilələr üzrə hesablanmış maliyyə arayışları və ödəniş cədvəllərindən görünür ki, cavabdeh X1 26 oktyabr 2018-ci il tarixli, 00348870 saylı, 07 mart 2019-cu il tarixli, 00549029 saylı və 23 iyun 2019-cu il tarixli, 00737853 saylı nisyə alqı-satqı müqavilələr üzrə iddiaçı "xxxx" MMC-yə ümumi olaraq 655 manat əsas borcu və 65 manat cərimə olmaqla, ümumillikdə 720 manat məbləğində borcu qalmışdır. İşdə olan bildirişlərdən (pretenziyalardan) görünür ki, iddiaçı "xxxx"MMC Cavabdeh onun MMC-yə hər üç müqavilələr üzrə borcu olduğunu və həmin borcun vaxtında ödənilmədiyi halda onun barəsində tərbir görüləcəyi bildirilmişdir. İşdə olan ********* nömrəli ödəniş qəbzdən görünür ki, iddiaçı "xxxx"MMC tərəfindən məhkəməyə iddia verilməsindən ötrü 30 manat məbləğində dövlət rüsümü ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 26.10.2018-ci il, 07.03.2019-cu il və 23.06.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələr üzrə götürdüyü öhdəliyə əməl etməmiş, müəyyən edildiyi müddətdə qalan borcu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 26.10.2018-ci il, 07.03.2019-cu il və 23.06.2019-cu il tarixli nisyə alqı satqı müqavilələr üzrə 655 manat əsas borcu və 65 manat cərimə olmaqla, ümumi 720 (yeddi yüz iyirmi manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar