Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2524/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsinə qarşı “əsassız borcun silinməsi və hüquqların müdafiəsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsinə qarşı “əsassız borcun silinməsi və hüquqların müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsi tərəfindən əsassız hesablanmış 195.84 manat məbləğində borcun tam silinməsi və mənzillərində nasaz və etibarsız sayğacın çıxarılması və yeni, texniki cəhətdən etibarlı mexaniki su sayğacının quraşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi aydın şəkildə göstərilməli olmasına baxmayaraq, hazırki iddia tələbi aydın deyildir.
5. İşdən görünür ki, məhkəməyə hazırki iddia tələbi ilə iki iddiaçı-İddiaçı1 və İddiaçı2 birgə müraciət etmişlər.
6. Onlar birgə iddiaçı kimi müraciət edərək məhkəmədən "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsi tərəfindən əsassız hesablanmış borcun silinməsi və mənzillərində nasaz və etibarsız sayğacın çıxarılması və yeni, texniki cəhətdən etibarlı mexaniki su sayğacının quraşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin iddia tələbində hansı abonentə-iddiaçıya məxsus olan mənzilə borc yazıldığı, o cümlədən hansı ünvana borc yazıldığı, abonent kodu ərizədə qeyd edilməmişdir. Həmçinin mənzilin kimə məxsus olmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Nəzərə alınamlıdır ki, ərizədə hansı ünvana borcun yazıldığının dəqiq göstərilməsi məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün də zəruridir.
7. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir.
8. İddia ərizəsində cavabdeh hüquqi şəxsin eyniləşdirmə məlumatları qeyd edilməmişdir.
9. Məhkəmə onu bildirməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdeh qismində "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsi cəlb edilsə də, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı və “Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı ləğv edilmiş və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizamnaməsi” təsdiq edilmişdir.
10. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
11. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün iddiaçılar İddiaçı1 və X1 cavabdeh "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsinə qarşı “əsassız borcun silinməsi və hüquqların müdafiəsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçılar İddiaçı1 və X1 cavabdeh "xxxx" ASC-nin Nizami rayon Sukanal İdarəsinə qarşı “əsassız borcun silinməsi və hüquqların müdafiəsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçılar İddiaçı1 və X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva