Məhkəmə qərarları › İş №2(007)-254/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-254/2022

14.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-254/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın vəkili Nümayəndə, nümayəndələri X5, X3, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-nın Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “dəmir qarajın sökülməsi” barədə ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MTKya qarşı “qarajdan istifadə edilməsi üçün maneənin aradan qaldırılması və s.” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Bələdiyyəsi cəlb edilməklə “dəmir qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olmuş ünvan 1 ünvanda yerləşən 821 saylı dəmir qarajın cavabdehə 7000 manat kompensasiya ödənilməklə sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK (bundan sonra mətndə MTK) Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, xx.xx.1994-cü il tarixdə, 1338 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin hüquqi varisi olaraq qüvvədə olan digər qanunvericiliyə və öz Nizamnaməsinə müvafiq olaraq yaradılmış və fəaliyyət göstərir. MTK ********** eyniləşdirmə nömrəsi ilə qeydə alınmaqla Nizamnaməsinə uyğun olaraq payçıların (üzvlərinin), o cümlədən digər vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmərtəbəli yaşayış binalarının inşasını həyata keçirir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 26 nömrəli, xx.xx.2018-ci il tarixli "xxxx" MMC-yə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1581 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi haqqında Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində 32 nömrəli evin səmtində 0.45 ha torpaq sahəsində icarə əsasında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Cənub" MMC-yə dair xx.xx.2018-ci il tarixli, 26 saylı Sərəncamında qismən dəyişiklik edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin səmtində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.45 ha torpaq sahəsinə bitişik 0.65 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə əlavə olaraq icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 26 nömrəli və xx.xx.2019-cu il tarixli 187 nömrəli sərəncamları ilə yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə bitişik yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədlə ayrılan torpaq sahəsinin ölçülərinə dair cizgi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən təqdim edilmiş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2021 -ci il tarixdən "xxxx" MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına uyğun olaraq tikinti sahəsi, həmçinin abadlaşdırma sahəsində yerləşən dayanacaqlar və digər obyektlər sökülməklə tikintinin aparılması və sahənin abadlaşdırılması təmin edilmişdir. MTK-ya sərəncamla ayrılmış torpaq sahəsində dəmir materialdan inşa edilmiş qaraj sahəsi mövcuddur. Qaraj sahəsinin abadlaşdırılmış sahədən çıxarılması mümkün olmamış, Nizami Rayon Bələdiyyəsinə müraciət olunaraq qarajın sahibi barədə məlumat verilməsi xahiş olunmuş, Bələdiyyənin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 821 saylı dəmir qaraj 2013-cü ilə qədər Asif İsgəndərovun adına qeydiyyata alınmışdır. Qarajın sahədən çıxarılması ilə bağlı aparılan danışıqlar heç bir nəticə verməmiş, hazırda qarajın abadlaşdırılmış sahədə qalması, ümumi panoramam korlamaqla yanaşı, sahənin abadlaşdırılmasna dair Sərəncamın icra edilməməsi anlamına gəlir. Sonradan MTK Bakı şəhəri Nizami Bələdiyyəsinə yazılı sorğu ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən 821 saylı dəmir qaraja dair X2 adına hüquq müəyyənedici sənədlərin (icarə müqaviləsi, texniki pasport və sair) mövcud olub-olmaması, mövcuddursa, həmin sənədlərin təqdim edilməsini xahiş etmişdir. Nizami Bələdiyyəsinin 01 noyabr 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanın 71 nömrəli mənzilində yaşayan X2 adına 820 saylı dəmir qaraj olmasına baxmayaraq, səhvən 821 saylı dəmir qaraj qeyd olunmuşdur. Nizami Bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixi 11 saylı qərarı ilə 821 saylı dəmir qaraj, ünvan 4 ünvanda yaşayan Cavabdeh adına qeydiyyatdadır. Həmin məktuba əsasən cavabdeh dəyişdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsinin aparılması “X11 və Ekspertiza Mərkəzi MMC-yə tapşırılmış və “X11 və Ekspertiza Mərkəzi” tərəfindən tərtib edilmiş 23 nömrəli, 11,02.2022-ci il tarixli “mütəxəssis rəyi”nə əsasən qarajın hazırki bazar dəyəri 5000 manat, likvid dəyəri 4500 manat müəyyən edilmişdir. Bu vəziyyətdə hesab edirlər ki, iddia tələbi dəyişdirilməlidir. Belə ki, ilkin iddia tələbi qanunsuz əmlakın cavabdehin vəsaiti hesabına sökülməsi barədə idi. Hazırda qaraja dair hüquqmüəyyənedici sənəd olmasa da (yalnız bələdiyyənin qərarı mövcuddur) qarajın cavabdehin faktiki sahibliyində olması faktı nəzərə alınmaqla mütəxəssis tərəfindən müəyyən edilmiş bazar dəyəri kompensasiya məbləği kimi cavabdehə ödənilməklə qarajın sökülməsi barədə iddia tələbi irəli sürülməlidir. İddiaçı tərəfin mövqeyi ondan ibarətdir ki, qarajın yerləşdiyi torpaq sahəsi Bakı ŞİHB-nın sərəncamına əsasən MTK-nın istifadəsinə verilmiş, MTK tərəfindən sahə abadlaşdırılmış, yalnız mübahisələndirilən qaraj sahədə qalmaqla ümumi mənzərəni pozur və mütəxəssis rəyindən də görünür ki, qarajdan istifadə mümkün deyil (istismar müddəti bitib, yerdən hündürdə yerləşir, avtomobil daxil ola bilməz və.s ), belə olan halda qarajın sökülməsinə dair tələb MTK-nın qanuni maraqlarından irəli gəlməklə yanaşı Sərəncamın icrasının təmin edilməsinə yönəlmiş olur. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “qarajdan istifadə edilməsi üçün maneənin aradan qaldırılması və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin yaxınlığında avtomobil qarajı vardır. Həmin qarajı binanın digər sakinləri kimi sifariş edib hazırlatmışdır. Qaraj 1993-cü ildən həmin yerində dayanır. Cavabdeh “Cənub" MTK-nın hüquqi sələfi olan “Cənub" MMC isə 1994-cü ildən, yəni o, qarajı quraşdırdıqdan bir il sonra onun yaxınlığında yerləşən 0,45 ha sahəni avtomobil dayanacağı kimi istifadə edirdi. Avtomobil dayanacağı hasara alınmışdır və qarajı ilə onun arasında müəyyən məsafə var idi. Həmin ərazi “Cənub" MMC-yə, təqdim etdiyi sənədlərdən də görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10 noyabr 1994cü il tarixli, 1581 saylı Sərəncamı ilə müvəqqəti avtomobil dayanacağının təşkili üçün ayrılmışdır. Ona məxsus qaraj orada yerləşən digər qarajlar kimi, 1999-cu il tarixdə yaranmış Bakı şəhəri, Nizami rayon Bələdiyyəsi tərəfindən 821 saylı qaraj kimi qeydiyyata alınmış, bu barədə Bakı şəhəri Nizami rayon Bələdiyyəsi 14 sentyabr 2006-cı il tarixdə 11 saylı qərar qəbul etmişdir. Nizami Bələdiyyəsi həmin Qərarın qəbul edilməsinə səbəb kimi Bakı şəhər İcra hakimiyyətinin başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" 26 sentyabr 2000-ci il tarixli 911 saylı Sərəncamını göstərmişdir. Onun tərəfindən Bələdiyyəyə əmlak vergisi ödənilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin ərazisi və torpaqları haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə" 24 dekabr 1999-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhər İcra başçısının xx.xx.2000-ci il tarixli 911 saylı Sərancamına əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin yanındakı sahə də daxil olmaqla (35-ci sahə 46.8 ha) 330 ha sahə Nizami rayon Bələdiyyəsinə təhvil verilmişdir. Verilən sahələrin siyahısı Sərəncama əlavə edilmişdir. Qarajının yerləşdiyi sahə də Bələdiyyəyə ayrılmış topaq sahəsinə düşür. Bununla bağlı da onunla Bələdiyyə arasında yuxarıda göstərdiyi Qərar verilmişdir. Hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində qarajından istifadə edə bilmir. Çünki cavabdeh Bakı şəhəri İcra hakimiyyəti Başçısının 24 may 2019-cu il tarixli sərəncamını əsas gətirərək bildirir ki, 0.65 ha torpaq sahəsi MTK-ya ayrıldığı üçün həmin yerin üzərində hər hansı bir sərəncam vermək hüququ ona məxsusdur. Göstərilən sahənin yiyəsi kimi sahəni hasarlamışdır, oraya yalnız binada yaşayan sakinləri buraxır. Bundan əlavə abadlıq işlərinin aparılması adı ilə qarajın ətrafını qazıb təxminən 40 sm aşağı salmış və nəticədə orada avtomobil saxlanmasını qəsdən qeyri-mümkün etmişdir. Qarajının ətrafında bina sakinləri avtomobillərini saxlayırlar. Bakı şəhəri İcra Hakimiyyəti başçısının "xxxx" MMC-yə Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1581 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında" xx.xx.2018-ci il tarixli, 26 saylı Sərəncamında deyilir ki, müvəqqəti avtomobil dayanacağının təşkili üçün ayrılmış 0,45 ha torpaq sahəsində icarə əsasında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilsin. Bununla əlaqədar olaraq tərəflər arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 07 mart 2018-ci il tarixli 1445 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilədə söküntüsü nəzərdə tutulan tikililərin mövcud olduğu göstərilmişdir .Bundan sonra həmin çoxmərtəbəli yaşayış binasının ətrafının abadlaşdırılması və yaşıllaşdırılması məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 187 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı "xxxx" MMC-yə əlavə olaraq 0,65 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 187 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə ayrılan və onun qarajının yerləşdiyi torpaq sahəsi "xxxx" MTK-ya hər hansı bir tikilini aparılması üçün yox, sadəcə olaraq yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə əlavə olaraq icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. Sərəncamdan görünür ki, iddiaçı həmin sahəni yalnız yaşıllaşdıra və abadlaşdıra bilər. Həmin sahənin abadlaşdırılması və yaşıllaşdırması üçün qarajın sökülməsinə ehtiyac yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 39-cu maddəsinə əsasən abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrıayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Lakin MMC yuxarıda göstərilən Sərəncamdan sui-istifadə edərək onun əmlakından təyinatına uyğun istifadə etmək hüququndan məhrum etmişdir. Belə ki, abadlıq işlərinin aparılması məqsədi ilə cavabdehə ayrılmış sahəni heç bir əsas olmadan hasarlamış və qarajın ətrafını 40 sm qazaraq aşağı salmışdır. Nəticədə cavabdeh həmin əmlakdan istifadəni mümkünsüz etmişdir. Cavabdeh öz hərəkətlərinə onunla haqq qazandırır ki, mübahisəli qaraj üzərində onun mülkiyyət hüququ olmadığı üçün hətta onu söküb sahədən çıxara bilər. Ümumiləşdirmə apararaq qeyd etmək olar ki, əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün rüşvət alıb susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və ilkin iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdırlar. Cavabdeh tərəf deyir ki, onun qarajını heç kəs sökə bilməz və həmin dəmir qaraja ilk vaxtlar 40000 manat tələb etmişdir. Cavabdeh həmin qarajdan istifadə etmir və metalomdur. Orada həmin bir ədəd qarajın qalması onların onun altından torpağın istifadəsinə də mane olmuşdur. Ora onlara sərəncamla ayrılan yerdir. Həmin torpaq sahəsi Cənub MTK-ya ayrılmışdırsa həmin sahədən istifadə ilə bağlı sərəncam verilməsi MTK-nın səlahiyyətinə aiddir, abadlaşdırma işlərinə maneə olan yalnız həmin qarajdırsa, həmin qarajın sökülməsi məqsədəmüvafiq olardı. Hazırda təklif olunan 7000 manat kompensasiya ödənilməklə ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili X7 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və ilkin iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X9 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və ilkin iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, 1999-cu ildə Bələdiyyələr yarananda Bakı şəhər İcra hakimiyyətinin qərarı ilə hər bir rayona əvvəlki dövrdə icra hakimiyyəti orqanları tərəfindən ayrılmayan boş torpaqlar ayrılırdı. Nizami Bələdiyyəsinə də 330 hektar topaq ayrılmışdır. Həmin sərəncamda yazılmışdır ki, torpaq komitəsi, həmin o topaqlara bələdiyyələr şəhadətnamə verməli idi və bələdiyyələrin funksiyaları şəhadətnamə verilməsi və bu şəhadətnamələrin xəritələr üzrə digərlərinə satılmasından ibarət olmuşdur. Cavabdeh qarajına gəldikdə isə orada 7-8 qaraj var idi, onlar o qarajlarla bağlı vətəndaşların hüququnu tapdalamadan razılaşmış və almışdırlar. Bu qaraja bələdiyyə icarə əsasında icazə vermiş və qaraj əslində bələdiyyə topağı olmayan bir yerə qoyulmuşdur. Həmin topağı Bakı şəhər İcra Hakimiyyəti onlara ayırmışdır. Onlar orada bina tikmiş, həyətini abadlaşdırmış, lakin köhnə dəmir qaraj burada qalmışdır. 65 sot torpaq yalnız abadlaşdırmaq üçün verilmişdir, amma həmin qaraj 45 sotun içindədir. Orada ayrıc aktıda vardır. Yaşayan vətəndaşlar həmin qarajı, orada qalmağını soruşur. Ora baxış keçirilərsə hər kəs görər ki, qaraj ora yaraşmır, oranın gözəlliyini pozur. Ora 18 kvadrat metrdir, onlar qarajın sahəsi qədər qaraj və ya sahəsi qədər mənzil verməyi təklif etmişlər. Həmin vaxt 1000 manatdan evi satırdılar. Eyni zamanda təklif etmişlər ki, əgər bu ərazidə yaşayırsa binanın altında dayanacaq versinlər. Bu təkliflərin heç birinə razlaşmamış, onların heç nəyə ehtiyacları olmadıqlarını bildirmişlər. Bu əmlak daşınan əmlak olduğundan qarajını oradan götürsün və bu məsələ də bitsin, Ekspertiza bu qarajı 5000 manat qiymətləndirmişdir, onlar da 1000-2000 manat artırırırlar ki, təki bu məsələ həll olunsun. Bu sahə Cənub MTK aid olmş, neçə illər həmin qaraj istifadə olunmamış, heç ora maşın girib-çıxmamış və həmin qaraj çürümüşdür. Bədəl müəllim o vaxt həmin qarajdan istifadə hüququnu bərpa edə bilər ki, onlardan mənzil alsın, çünki yalnız orada yaşayan vətəndaşlara şlaqbamun açarı verilmişdir və o həyətdən orada yaşayan insanlar istifadə edə bilər. Əgər tərəf o qarajdan istifadə etmək istəyirsə bələdiyyənin icarə veriləcək yerlərini başqa bir yerə də qoymaq olar və tərəf də o qarajdan istifadə edə billər. Bu bina yeni qeydiyyatdan keçmiş, orada mənzil alan payçılar, 275 dən 51 faizi çıxarış alırsa, onlar həmin vaxt mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradır və onların içindən bir nəfər direktor qoyurlar, onlar da qeyri-kommersiya təşkilatı olur. O, həmçinin, 7000 manat kompensasiya təklif etdiyini, əgər onlar razılaşmasa həmin qarajı daşınar olduğu üçün oradan traktorla götürüb atacağını bildirdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil ilkin iddianı qəbul etmədiklərini bildirərək, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bidirirdi ki, ekspert rəyi ilə razılaşmırlar. Onlar icra hakimiyyətini təqdim etmiş və orada göstərilmişdir ki, hansı sahə bələdiyyənin ərazisidir və bələdiyyə ilə aralarında 2006-cı ildə müqavilə bağlanılmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki sakinlərin xoşuna gəlmir və həmin ərazinin görünüşünü pozur. Həmin sahə 1994-cü ildə iddiaçıya maşın dayanacağı üçün verilsə də, cavabdehə 1993-cü ildə həmin qaraj yeri verilmişdir. Sərəncamda görünür ki, həmin yer abadlaşdırılmaq üçün verilmiş və bununla bağlı icarə müqaviləsi vardır. Burada qarajın orada olması heç kimin hüququnu pozmur. İddiaçı orada cavabdehin qarajdan istifadə hüquqlarını məhdudlaşdırmışdır və bugünkigün cavabdeh oradan istifadə edə bilmir. Bakı şəhəri İcra Hakimiyyəti hələ də ləğv edilməmişdir və tərəf bunu nəzərə alsın. X6 ilə müqaviləsi var və rüsum ödənilir. O, həmçinin qeyd etdi ki, orada yaşıllığın aparılmasından söhbət getmir, məhkəməyə təqdim edilmiş şəkillərdəndə görünür ki, həyətə asfalt çəkilmişdir. Sözügedən qarajda onların bir tikilisi var, səhv etmirsə ofis də onun yanındadır. İddiaçının təqdim etdiyi icarə müqaviləsində göstərilir ki, həmin sahə 0.45 sot olan torpaq sahəsidir. 2018-ci il sərəncamında da göstərilir ki, 1994-cü ildə də 0.45 sot torpaq avtomobillərin dayanması üçün verilmişdir. Yalnız həmin 0.45 sot sahədə söküntü nəzərdə tutulan tikililər mövcuddur, yəni digər 2019-cu ildə verilən sahələrdə heç bir müqavilə bağlanmamışdır, burada sərəncamdan da görünür ki, abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün həmin sahə verilmişdir. Tərəf şəhərsalma və tikinti məcəlləsinin 39-cu madəsinə istinad edir, amma o maddədə qeyd edilmişdir ki, abadlıq işlərinin aparılmasından söz gedirsə orada abadlaşdırma işlərini şəhərsalma və müvafiq icra hakimiyyəti aparmalıdır. O, eyni zamanda qeyd edir ki, Bələdiyyə topaqlarının alqısatqı müqaviləsi daşınmaz əmlakda həyata keçirilir, həmin sahəni özgəninkiləşdirəndə həmin yerə rəy almaq lazımdır və rəy aldıqdan sonra həmin yerə çıxarış alıb alqı-satqı edilməlidir. Bələdiyyənin nümayənədsi də, yəqin ki, çıxarışları olmadığını bildirmək istəyir. Həmin yerdə 2 park salınması nəzərdə tutulmuşdur. H.Əliyev adına fond hər yerdə abadlaşdırma işləri aparır. Qanunvericiliyə istinad edərək qarşılıqlı iddiada abadlaşdırma deyəndə nəyin nəzərdə tutulduğunu aydın göstərmişdir. Tərəfi ora girməsinə imkan verilmir və qarajdan istifadə edilə bilmir. Qarşı tərəfin nümayəndəsi İlham müəllim deyir ki, həmin qarajın orda olması vətəndaşların estetik zövqünü pozur, estetik zövqün pozulması hər hansı bir şəxsin hüquqularını pozmur. Onlar ilkin iddianı tamamilə rədd edirlər. Subyektiv hüquqların məsələsində 2008-ci ildə Bağırovun məsələsində subyektiv hüquqlar, xarici ünsürlər, daxili ünsürlərin nə olması bunlar hamısı konstitusiya məhkəməsinin qərarlarında çox aydın verilmişdir. Bundan əlavə Avropa məhkəməsinin qərarlarında da göstərilmişdir ki, hansı hüquqların pozulması məhkəməyə müraciət etmək üçün əsasdır. Burda tərəfin hansı hüquqlarının- mülkiyyət hüququ, qeyri-mülkiyyət hüququnun pozulması məhkəmə proseslərində müyən olunmamış, tərəf bunu aydınlaşdıra bilməmişdir. Tərəf sadəcə olaraq 1994-cü ildə avtodayanacaq olacaq yeri sonradan Bakı şəhəri İcra hakimiyyətinə müraciət etməklə, çoxmənzilli bina tikilməsi ilə bağlı sərəncam və müqaviləyə əsaslanaraq belə hesab edir ki, onun hər hansı bir hüququ pozulmuş, lakin istər ilkin iddia ərizəsində, istər bundan əvvəlki çıxışlarda, təsisçinin bu günki çıxışlarında də şəxslərin hansı hüquqlarının pozulmasına əsas gətirə bilmədilər. Nazirlər Kabinetinin pilot lahiyələrlə bağlı qərarı var, o pilot lahiyələrdə göstərilirdi ki, hər hansı bir ərazini MTKlara ayıranda göstəriridilər ki, bazar qiymətinə əsasən vətəndaşlar razılaşdırılandan sonra tikintiyə icazə verilirdi. Lakin indi tərəfin tikdiyi sahə pilot sahəsinə aid deyil, Həmin sahəyə baxış keçirilsəydi, orada həmin yerin 2-3 metr geriyə çəkildiyini görmək olardı. Həmin 45 sot torpaqda da göstərilmişdir ki, sökülməsi nəzərdə tutulan tikililər mövcuddur, bu demək ki, əvvəlki sərəncama aid olan müqavilədir. Bundan sonra həmin sərəncama bir əlavə olunmuşdur ki, mütləq yaşıl zona olmalı idi, yaşıl zona olmasa tikintini dayandırırdılar. Bununla əlaqədar olaraq tərəflər Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş və Bakı Şəhər İcra Hakimiyyəti həmin sərəncama bir əlavə verir və 65 sot torpağı Cənub MTK yalnız abadlaşdırılması və yaşıllaşdırılması üçün verilmişdir. AR tikinti və şəhərsalma məcəlləsinə uyğun nizama salınır, burada yaşılaşdırma aparıla bilər, ancaq sökülmədən söhbət gedə bilməz. Onlar hesab edirlər ki, Bədəl müəllim əmlakından istifadə etməlidir, qarşı tərəfin ixtiyarı yoxdur ki, həmin yeri bağlı saxlasın və istifadəyə maneçilik törətsin. Onlar qarajın başqa yerə qoyulması barədə təklifi qəbul etmirlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin nümayəndəsi X4 bildirdi ki, həmin hissə hasara alınmışdır. Ora ilə bağlı qərar var ki, Bələdiyyənin torpağı olması üçün onun mülkiyyətinə verilməlidir, sonra bu mülkiyyət ilə bağlı məsələ qaldırdılar, lakin məsələ sonra dayandı, 2 il bundan öncədə hətta xəritə də hazır idi, sonra saxladılar. Hal-hazırda bələdiyyənin mülkiyyətində torpaq yoxdur. Sözügedən həmin sahə də Bələdiyyənin mülkiyyətində deyil, ümumiyyətlə həmin sahənin Bələdiyyə üçün ayrılmasını təsdiq edən sənəd verilməmişdir. Amma vaxtı ilə Bələdiyyənin ayrılması ilə bağlı qərar olmuşdur. Lakin, həmin torpağın ora aid olubolmamasını hazırda bilmir. Nizami rayonunda iki Bələdiyyə var, Keşlə Bələdiyyəsi və Nizami Bələdiyyəsi. Onların Xətai, Nərimanov, Suraxanı rayonları ilə sərhədləri var, həmin sərhədlər bələdiyyə ərazisi sayılır, yəni o ərazidən onlar torpaq vergisi yığmalıdırlar. Bələdiyyələr də onun mülkiyyəti olmasa da, bəzi ərazilərdə fəaliyyət göstərir, həm topağa əmlak vergisi yığır, həm də o ərazi bələdiyyə baxır. Yəni, Bələdiyyə ərazisi başqa, Bələdiyyə mülkiiyyəti başqadır. O qarajların tikilməsinə onlar icazə verməmişlər, ümumiyyətlə bələdiyyənin elə bir səlahiyəti yoxdur. Sadəcə bələdiyyə tikilmiş vəya qoyulmuş obyekləri qeydiyyata alır və onu vergiyə cəlb edir. O torpaq Bələdiyyə ərazisi olduğu üçün oradan Bələdiyyə icarə haqqı alır, amma həmin torpaq bələdiyyənin mülkiyyətində deyil. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC”-yə Nizami rayonu, 8-ci km qəsəbəsi, B.Nuriyev küçəsində ayrılmış torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bələdiyyə torpaqları və mülkiyyətinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 911 saylı sərəncamı ilə Nizami Bələdiyyəsinə təhvil verilmiş torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. - Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayonu Bələdiyyəsi ərazisi olan B.Nuriyev 32 saylı binasının arxasında yerləşən dəmir qarajı Cavabdeh adına qeydiyyata alınaraq bələdiyyə ödənişinə cəlb edilməsi, qarajın qeydiyyata alınması ilə əlaqədar müəyyən edilmiş ödənişlər Nizami Bələdiyyəsinin büdcəsinə ödənilməsi, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Cənub" MMC-yə dair xx.xx.2018-ci il tarixli, 26 saylı Sərəncamında qismən dəyişiklik edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin səmtində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.45 ha torpaq sahəsinə bitişik 0.65 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə əlavə olaraq icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. - Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 5 ünvanın 71 nömrəli mənzilində yaşayan X2 adına 820 saylı dəmir qaraj olmasına baxmayaraq, səhvən 821 saylı dəmir qaraj qeyd olunmuşdur. Həmin dəmir qaraj Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 821 saylı dəmir qaraj ünvan 5 ünvanın 71 nömrəli mənzilində yaşayan Cavabdeh adına qeydiyyata alınmışdır. - “X11 və Ekspertiza Mərkəzi” MMC-nin 23 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 821 saylı qarajın hazırki bazar dəyəri 5000 manat, likvid dəyəri 4500 manat müəyyən edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə ayrılmış, ünvan 5 ünvanında yerləşən torpaq sahəsi bələdiyyə torpaqlarının hüdudları xaricində yerləşir. - ünvan 6 ünvanında inşa edilmiş çoxmənzilli binada yaşayan bir qrup sakin tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə ünvanlanmış müraciətdən görünür ki, hər kəs hər hansı MTK-nın payçısı olarkən mövcud layihə və digər xüsusiyyətləri nəzərə alıb payçı olmaq barədə ərizə verir və mənzil sahibi olmaq istəyir. Onlarda da eynisi baş vermiş, layihə və abadlıq üçün ayrılmış sahənin mövcudluğu bu MTK-nı seçməkdə onlar üçün əsas olmuşdur. MTK ona ayrılmış torpaq sahəsində bina inşa etmiş və abadlıq üçün ayrılmış sahədə sakinlərin rahatlığı üçün tam şərait yaratmışdır. Lakin istifadəsi mümkün olmayan, yöndəmsiz şəkildə yer tutan dəmir qarajın çıxarılması və yaxud sökülməsi təmin edilməmişdir. Qaraj sahibinin məqsədi nədir onu da başa düşmürlər. Bu vəziyyət sakin olaraq onları narahat edir. Çünki təmir edilmiş və abadlaşdırılmış ərazidə yararsız və köhnəlmiş qarajın saxlanması üçün səbəb yoxdur. Bu onlara mane olur, ümumlikdə isə binanın imicinə mənfi təsir edir. Bu səbəblə baxılan işdə ədalətli və obyektiv qərar qəbul edilməsini və sözügedən yaşayış binasında sakinlərin mənafelərinin də nəzərə alınmasını xahiş etmişdirlər. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 26 nömrəli, xx.xx.2018-ci il tarixli "xxxx" MMC-yə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1581 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi haqqında Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində 32 nömrəli evin səmtində 0.45 ha torpaq sahəsində icarə əsasında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Cənub" MMC-yə dair xx.xx.2018-ci il tarixli, 26 saylı Sərəncamında qismən dəyişiklik edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin səmtində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.45 ha torpaq sahəsinə bitişik 0.65 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə əlavə olaraq icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 26 nömrəli və xx.xx.2019-cu il tarixli 187 nömrəli sərəncamları ilə yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə bitişik yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə ayrılan torpaq sahəsinin ölçülərinə dair cizgi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən təqdim edilmiş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2021 -ci il tarixdən "xxxx" MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanın 71 nömrəli mənzilində yaşayan X2 adına 820 saylı dəmir qaraj olmasına baxmayaraq, səhvən 821 saylı dəmir qaraj qeyd olunmuşdur. Nizami bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixi 11 saylı qərarı ilə 821 saylı dəmir qaraj, ünvan 4 ünvanda yaşayan Cavabdeh adına qeydiyyatdadır. Eyni zamanda Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayonu Bələdiyyəsi ərazisi olan B.Nuriyev 32 saylı binasının arxasında yerləşən dəmir qarajı Cavabdeh adına qeydiyyata alınaraq bələdiyyə ödənişinə cəlb edilməsi, qarajın qeydiyyata alınması ilə əlaqədar müəyyən edilmiş ödənişlər Nizami Bələdiyyəsinin büdcəsinə ödənilməsi, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubları ilə ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin bələdiyyə torpaqlarının hüdudları xaricində yerləşdiyi müəyyən olunmuşdur. “X11 və Ekspertiza Mərkəzi” MMC-nin 23 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 821 saylı qarajın hazırki bazar dəyəri 5000 manat, likvid dəyəri 4500 manat müəyyən edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, Bakı şəhəri Nizami rayonu ərazisində apardığı yaşıllaşdırma və abadlaşdırma işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 26 nömrəli, xx.xx.2018-ci il tarixli və 187 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin səmtində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.45 ha torpaq sahəsinə bitişik 0.65 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə əlavə olaraq icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verildiyindən, həmin ərazidə yerləşən qaraj Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin mülkiyyətində olmadığından, sadəcə Bələdiyyə ərazisi olduğu üçün oradan Bələdiyyə icarə haqqı aldığından, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə dəmir qaraj Cavabdeh adına qeydiyyata alınaraq bələdiyyə ödənişinə cəlb edilməsi, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alındığından, həmin qarajın orada yaşayan vətəndaşları narahat etdiyindən, Cavabdeh tərəfindən həmin qarajdan uzun müddət təyinatı üzrə istifadə edilmədiyindən, "xxxx" MTK tərəfindən dəfələrlə kompensasiya kimi qarajın sahəsi qədər qaraj və ya mənzil, eyni zamanda əgər həmin ərazidə yaşayırsa binanın altında dayanacaq vermək təklif edildiyindən, "xxxx" MTK tərəfindən mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair qərarın müddəlarına uyun olaraq həyata keçirdiklərindən ünvan 5 ünvanda yerləşən 821 saylı qaraj sökülməlidir. "xxxx" MTK tərəfindən Cavabdeh mütəxəssis rəyi verildikdən sonra hal-hazıradək olan müddətdə cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, 821 saylı dəmir qaraj Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Cavabdeh adına qeydiyyata alındığından, uzun müddət onun istifadəsində olduğundan, onun tərəfindən Bələdiyyəyə icarə haqqı ödəndiyindən, ünvan 5 ünvanda yerləşən 821 saylı qarajın hazırki bazar dəyəri 5000 manat, likvid dəyəri 4500 manat müəyyən edilsə də "xxxx" MTK Cavabdeh 821 saylı qaraj üçün 7000 manat kompensasiya verməyi öhdəliyinə götürdüyündən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “Cavabdeh istifadəsində olmuş ünvan 1 ünvanda yerləşən 821 saylı dəmir qarajın cavabdehə 7000 manat kompensasiya ödənilməklə sökülməsi” tələbi təmin edilməlidir. Məhkəmə bu zaman xüsusilə qeyd edir ki, Sərəncamı icra edən ilkin iddiaçı "xxxx" MTK tərəfindən cavabdehin istifadə hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə həmin əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, Cavabdeh istifadəsində olan dəmir qarajdan qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “ona məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması” tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" MTK tərəfindən dəmir qarajın sökülərək torpaq sahəsindən çıxarılması üçün yaşayış sahəsi və ya pul kompensasiya təklif olunduğundan, məhkəmə həmin qarajın sökülməsi üçün təklif edilən 7000 manat kompensasiyanı ağlabatan hesab edərək qarşılıqlı iddia ilə əlaqəli olan ilkin iddianı təmin etdiyindən, hər iki tələbi bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan qarşılıqlı iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh istifadəsində olmuş ünvan 1 ünvanda yerləşən 821 saylı dəmir qaraj Cavabdeh 7000 manat kompensasiya ödənilməklə sökülməli, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTKya qarşı “ona məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" MTK-dan əmlakın qiymətləndirilməsi ilə bağlı 300,00 manat xərc məbləği tutularaq “X11 və Ekspertiza Mərkəzi” MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edisin. ünvan 1 ünvanda yerləşən 821 saylı dəmir qaraj Cavabdeh 7000 manat kompensasiya ödənilməklə sökülsün. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “ona məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Əmlakın qiymətləndirilməsi ilə bağlı 300 manat xərc məbləği ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-dan tutularaq "xxxx" MMC-yə (Hesablaşma hesabı: “Kapital Bank” 2 saylı Xətai filialı, filialın kodu: 20082, VÖEN: ********** H\H AZ42AİİB40600C**********108, SWİFT:AİİBAZ2XXXX, müxbir hesab AZ37NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar