Məhkəmə qərarları › İş №2(007)-2569/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2569/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2569/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 29 iyun 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46623 olan “X5 8” markalı telefon almış və nəticədə 658 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 598,8 manat (12 ay x 49,9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********46623 olan “X5 8” markalı telefon üçün ümumilikdə, 658 manat olmaqla ondan, 598,8 manat ödənilməmiş hissə, 59,2 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Buna görə də, 29 iyun 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********46623 olan “X5 8” markalı telefon üçün 598,8 (beş yüz doxsan səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 59,2 (əlli doqquz manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 658 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının ona qarşı irəli sürmüş olduğu sözügedən iddia tələbinə dair ilk olaraq onu qeyd etmək istəyir ki, o, 29 iyun 2020-ci il tarixində "xxxx" MMC-dən onlayn şəkildə “X5 8” markalı telefon sifariş etmişdir. Sözügedən mobil telefonu sifariş edərkən onunla əlaqə saxlayan əməkdaş telefona dəyən hər hansı zərərin təminat altına alınması məqsədi ilə həmin avadanlığı “Qızıl zəmanət”lə götürməyini məsləhət görmüş, o, həmin təkliflə razılaşmışdır. Həyata keçirilən bəzi prosedurlardan sonra çatdırılma xidməti vasitəsilə sözügedən mobil telefon ona göndərilmişdir. Çatdırılma əsnasında o, mobil telefonun quraşdırılmasında bəzi nöqsanlar (telefonun üzlüyü və qablaşdırılması açıq formada idi) aşkar edərək elə həmin anda kuryeri bu barədə məlumatlandırmış, kuryer isə telefon-quraşdırma işlərinin həyata keçirildiyinin, bu problemlərin də ondan qaynaqlandığını bildirmiş, (halbuki sözügedən quraşdırma işləri üçün nəzərdə tutulan ödəniş məbləği də onun xəbəri olmadan çatdırılma əsnasında ondan çıxılmışdır). Mobil telefon ona çatdırılandan təqribən yarım saat sonra telefonun korpusunun əyri olduğunun fərqinə varmış və dərhal “Kontakt Home” mağazalar şəbəkəsi ilə əlaqə saxlayaraq telefonun yenisi ilə əvəz edilməsini, ya da geri qaytarılmasını tələb etmişdir. Əməkdaşlar tələbinin məqsədəuyğun olduğunu, telefonu 14 gün ərzində istənilən vaxt qaytara biləcəyini ona bildirmişlər. Həmçinin qeyd etmişlər ki, digər əməkdaşlar telefonun geri götürülməsi məqsədi ilə onunla əlaqə saxlayacaqlar. Telefonun geri götürülməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, müraciətlərini hər dəfə gözardı edərək telefonun onlar tərəfindən geri götürülməsi prosedurunun həyata keçirilməsini təmin etməmişlər. Maraqlısı bundadır ki, çatdırılma xidmətinin sürətli olduğu təqdirdə geri qaytarılma xidməti məsul şəxslər tərəfindən uzadılmışdır. Bu bir daha sübut edir ki, “Kontakt Home” və əməkdaşlarının mobil telefonu geri götürmək niyyətləri olmamış, onu hər gün yubadaraq geri qaytarılma üçün nəzərdə tutulan 14 günlük müddətin bitməsini gözləmişlər. Qanunda açıq şəkildə göstəriş olmasına baxmayaraq, satıcı tərəfindən yuxarıda qeyd olunan hüquqlarının heç biri təmin olunmamış, əksinə kobud şəkildə pozulmuşdur. Hətta o, əməkdaşlarla yenidən əlaqə saxlayaraq “digər rəqib firmalardan mobil telefon satın alsam “Kontakt Home” mağazalar şəbəkəsindən əldə etdiyim mobil telefonu qaytara biləcəyəm mi?” deyə soruşduqda onlar müsbət cavab vermiş və qeyd olunan halda da telefonun qaytarılmasının mümkün olduğunu bildirmişlər. Nəhayət, bir neçə gün sonra ona geri dönüş edilmiş və telefonla birlikdə Servis Mərkəzinə yaxınlaşmalı olduğu bildirilmişdir. Bu səbəblə o da Servis Mərkəzinə yaxınlaşaraq mobil telefonu təhvil vermiş və bunu qanunla nəzərdə tutulmuş 14 günlük müddət ərzində həyata keçirmişdir. Mobil telefonu Servis Mərkəzinə aparandan qısa müddət sonra “Kontakt Home” mağazalar şəbəkəsinin əməkdaşı onunla əlaqə saxlayaraq rəhbərliyin bu məsələ ilə maraqlandığını bildirmişdir. Həmin əməkdaş hətta qeyd etmişdir ki. rəhbərlik onunla olan müqavilənin ləğv edilməsini, telefonun da mağazalar şəbəkəsində qalmasını tələb etmişdir. Artıq 1 ildir ki, mobil telefon Servis Mərkəzindədir. Buna baxmayaraq, 1 ay keçdikdən sonra həmin mağazalar şəbəkəsinin əməkdaşları onunla telefon vasitəsilə əlaqə saxlayaraq kredit borcunun ödənilmədiyini bildirmişlər. Mobil telefonun onda deyil, Servis Mərkəzində olmasına, üstəlik rəhbərliyin müqavilənin ləğvini ifadə etməsinə baxmayaraq, yenidən 1 ay keçdikdən sonra ondan ödəniş tələb etmələri sözügedən mağazalar şəbəkəsinin rəhbərlik şöbəsi ilə hüquq şöbəsinin ümumiyyətlə bir-birilərindən xəbərdar olmamasının və istehlakçıların qanunla qorunan hüquqlarına necə hörmətsiz yanaşdıqlarının sübutudur və tərəflərindən ona qarşı törədilən qanunsuzluqlar da bunun bariz nümunəsidir. Hal-hazırda onda olmayan mobil telefona görə 598.8 manat miqdarında pul məbləğini və üstəlik 59.2 manat miqdarında cəriməni ödəməyi haqq və ədalətə, humanizmə uyğun deyil. İddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(007)-2569/2021 saylı qərardadına əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyib, etirazında göstərilənlərlə eyni məzmunlu izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadəsində olan mobil nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli 20375027 nömrəli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 0 manat ilkin ödənişlə, aylıq ödəniş 49,9 manat olmaqla, 12 ay müddətinə, 598,8 manat dəyərində olan İMEİ kodu **********46623 olan “X5 8” markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 29 iyun 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh həmin tarixli kredit müqaviləsi üzrə əşyanı "xxxx" MMC-dən təhvil almışdır; -"xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 15 dekabr 2020-ci il tarixli bildirişdən və ona əlavə edilmiş poçt qaiməsindən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; -19 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən X4 vasitəsi ilə, ********* nömrəli qəbzlə 30,0 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" MMC-nin 16 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 29 iyun 2020-ci il tarixli 20375027 nömrəli müqavilə üzrə cəmi 658 manat ödənilməmiş borcu vardır; Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödənişsiz, aylıq ödənişi 49,9 manat olmaqla, 12 ay müddətinə, 598,8 manat dəyərində olan İMEİ kodu **********46623 olan “X5 8” markalı telefon almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyanı "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 29 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı "xxxx" MMC-dən əşya almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh ondan iddiaçının xeyrinə borcun tutulması barədə iddia ərizəsinə etiraz versə də, etirazının əsasını təşkil edən sübutlarını təqdim etməmişdir, onun irəli sürdüyü dəlilin isə əsası yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində tələb etdiyi 59,2 manat cərimə (dəbbə pulu) 598,8 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 29 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 598,8 (beş yüz doxsan səkkiz manat, səksən qəpik) manat əsas borc və 5 (beş) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 603,8 (altı yüz üç manat, səksən qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 29 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 598,8 (beş yüz doxsan səkkiz manat, səksən qəpik) manat əsas borc və 5 (beş) manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 603,8 (altı yüz üç manat, səksən qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar