Məhkəmə qərarları › İş №2(007)-257/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-257/2024

01.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-257/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X11 qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 avqust 1970-ci il tarixdə Şamaxı rayonunda anadan olan anası X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X4 30 avqust 1970-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. Anası 2022-ci il iyun ayından anidən hərəkətini itirmiş və yaddaş qüsurları əmələ gəlmişdir. MRT analizindən sonra onkoloji xəstəlik olduğu müəyyən olunmuş “sol beyin yarımkürəsinin görmə qabarının şişi” diaqnozu qoyulmuşdur. Hal-hazırda yaddaşı demək olar yox dərəcəsindədir. Hissiyyat demək olar ki, yoxdur. Ünsiyyət yoxdur. Orqanizmin funksiyalarının 85 faizi pozulmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən 03 yanvar 2023-cü il tarixdən birinci qrup əlillik dərəcəsi verilmişdir, onun daima kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı var.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili Vəkil ərizəsini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak edən maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

6. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.

7. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 30 avqust 1970-ci il tarixdə anadan olmuşdur.

9. XX-ЖГ seriyalı, 497257 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X5 qeyd olunmuşdur.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, 30 avqust 1970-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə “baş beynin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxan zədələnməsi, baş beyin törəməsi, anaplastik astrositoma Gr İİİ” diaqnozu qoyulmuşdur, Barəsində birinci dərəcəli əlillik təyin edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024cü il tarixli, 552 saylı rəyindən görünür ki, X2 baş beynin üzvi (şiş xəstəliyi) nəticəsində dərin demensiya (ağıl zəifliyi) aşkar olunur. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 30 avqust 1970-ci il təvəllüdlü anası X4 “baş beynin üzvi (şiş xəstəliyi) nəticəsində dərin demensiya (ağıl zəifliyi)” diaqnozu ilə xəstədir, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olması barədə xx.xx.2024-cü il tarixli, 552 saylı rəy verilmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəllənin:

28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin və onun vəkilinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir.

17. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla belə qənaətə gəlir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qızı Ərizəçi ərizə ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.

Nəticə:

18. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 30 avqust 1970-ci il tarixdə Şamaxı rayonunda doğulmuş və ünvan 1 ünvanında yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

19. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. 30 avqust 1970-ci il tarixdə Şamaxı rayonunda doğulmuş və ünvan 1 ünvanında yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada veridldiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar