Məhkəmə qərarları › İş №2(007)-2686/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2686/2022

26.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2686/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “borcun silinməsi və yüklədiyi vəsaitin yeni quraşdırılmış sayğaca köçürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı “borcun silinməsi və yüklədiyi vəsaitin yeni quraşdırılmış sayğaca köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu (**********61660) olmaqla cavabdeh X3 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. 2022-ci ilin fevral ayının əvvəlində mənzildəki qaz sayğacına baxmış və vəsaitin bitməsini görmüşdür. Sayğaca 100 manat (833 m3) yükləmişdir. xx.xx.2022-ci ildə sayğac Azəriqaz İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Balansı və Satışı Nizami XS nümayəndələri tərəfindən texniki baxışdan keçirilmişdir. xx.xx.2022-ci il axşam saat 24:00 radələrində sayğaca baxarkən displeydə informasiya əks olunmadığını aşkar etmişdir. Dərhal Azəriqaz İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Balansı və Satışı Nizami XS üzrə mühəndis Şükürov İlkini (whatsApp yazışması əlavə olunur) bu barədə məlumatlandırmışdır, Azəriqaz İB-nin qaynar xəttinə məlumat vermişdir. Operator ona bildirmişdir ki, G-4 tipli sayğacda belə texniki problemlər tez-tez rast gəlinir. Ona gözləməyi, sayğacın özü yenilənib LSD ekranının işə düşəcəyini demişlər və işə düşməsə bu barədə qaynar xəttinə məlumat verməyini bilmişlər. xx.xx.2022- ci il tarixdə sayğacın LSD ekranı düşməmiş və Azəriqaz İB-nin nümayəndələri tərəfindən sayğacın yararsız olduğu müəyyən edilmiş, demontaj olunmuş və yenisi ilə əvəz edilmişdir. Azəriqaz İB-nin Metodologiya Departamenti tərəfindən xx.xx.2022-ci il tarixli AKT ********* tərtib edilmiş və xx.xx.2022-ci il tarixdə yaşadığı ünvana kuryer vasitəsi ilə ona çatdırılmışdır. Aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın LSD ekranında informasiya əks olunmuş CHEKİNQ FİLE SİSTEM (Zavod qüsuru) əks olunmuşdur. Sayğacın yararsız olması barədə rəy verilmişdir. Sayğaca heç bir zədə və müdaxilə olmaması ekspertiza tərəfindən müəyyən edilmişdir. Buna baxmayaraq, Azəriqaz İB hesab edir ki, sayğacı nasazlığı (Zavod qüsuru) səbəbindən onlara 43 manat (360 m3) zərər dəymiş və o, bu zərəri ödəməlidir. Hesab edir ki, tərtib edilən akt əsassızdır. Nasazlıq onun tərəfindən aşkarlanmış və dərhal bu barədə Azəriqaz İB-nin qaynar xəttinə zəng edilmiş və sahə üzrə mühəndis məlumatlandırılmışdır. G-4 tipli sayğaca LSD ekranında informasiya əks olunması, vəsait artırılması və yaxud hər hansı müdaxilə mümkün deyil. Əksinə özünü zərər şəkən hesab edir, çünki 2022-ci ilin fevral ayında sayğaca 100 manat (833 m3) yüklədiyi vəsaitdən istifadə olunmamış məbləğ yeni quraşdırılmış sayğaca köçürülməmişdir. Lakin yeni sayğacın quraşdırılmasından 60 gündən artıq keçməsinə baxmayaraq, qalıq məbləğ hələ də köçürülməmişdir. Qeyd edilənlərə əsasən ünvan 1 yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış olan 43 manatın (360 m3) X3 tərəfindən silinməsi, 2022-ci ilin fevral ayında sayğaca 100 manat (833 m3) yüklədiyi vəsaitin yeni quraşdırılmış sayğaca köçürülməsi, qanunvericilikdə nəzərdə tutulmuş bütün rüsumların cavabdehdən tutlması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sağacı xarab olduqdan bir gün sonra “Azəriqaz” İB-nın əməkdaşları tərəfindən 1 gün sonra sayğacı dəyişdirilmişdir. O, 360 kub metr qazı haraya sərf edə bilərdi. İyul ayından-fevral ayına qədər sayğaca 45 manat pul köçürmüşdür. Sayğacda zavod qüsuru olduğu qeyd edilmişdir. Əsassız olaraq yazılmış 43 manat borcun silinməsini xahiş edir. Həmçinin qeyd etdi ki, ünvan 1 ünvanında yerləşən mənzil ilə akt tərtib edilən mənzil eynidi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, iddia tələbinin bir hissəsi dəymiş ziyanla bağlıdır. Belə ki, iddiaçı sayğacın özünün qüsurlu olduğu üçün sayğacın xarab olduğunu bildirir. Lakin aktda qeyd edilmişdir ki, sayğaca müaxilə edildiyi üçün sayğac xarab olmuş və 43 manat hesablanmışdır. İddia tələbinin digər hissəsi isə 100 manat pulun köçürülməsdir. İddiaçı tərəfindən 2021-ci ilin iyun ayından bugünə qədər ödəniş edilməmişdir. 26 may 2022-ci il tarixində sayğaca baxış keçirilmiş və sayğacın ekranında informasiya əks olunmadığı müşahidə edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil ilə akt tərtib edilən mənzil eynidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli xəbərdalığından görünür ki, mənzildəki qaz xətlərinə və qaz sayğacınıza texniki baxış keçirilməlidir. Bu səbəbdən də, 3 gün müddətində mənzildəki qaz sayğaı texniki baxış keçirilməsi üçün şərait yaradılması xahiş olunmuşdur, əks təqdirdə mənzilin qaz təminatı xəbərdarlıq olunmadan dayandılacağı bildirilmişdir. - “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X1 məxsus mənzildə yerləşən qaz sayğaçı dəyişdirilmiş və yeni qaz sayğaçı istehlakçıya təhvil verilmişdir. Bu zaman qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyi altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma akşar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydala cavab verir. Qaz sayğacı abonenetə təhvil verilmişdir. - “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanına quraşdırılmış **********1 saylı qaz sayğacına xx.xx.2022-ci il tarixli 259/1710-02268-1 saylı MSK-ya əsasən baxış keçirilmişdir. 4CD ekranda CHEKİNG FİLE SYSTEM yazılır. Dəymiş ziyan hesablansın və yazılsın. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. - Bakı RQSD-nin QB və SŞ-nin Nizami XS-i üzrə qrup rəhbəri Şeyidov Viisal, mühəndis Şükürov İlkin, çilingər Abdullayev Pərviz tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus Nizami rayonu, K.Balakişiyev 2436 məh. 166 ünvanına quraşdırılmış G-4 markalı **********1 nömrəli İtron tipli qaz sayğacı xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış, növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanması haqqında AKT № 29/1710-02268-1 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan akla əsasən İddiaçı məxsus ünvan 3 ünvanına (kod: **********61660) təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li akt tərtib olunaraq 360 m3 dəymiş ziyan hesablanmışdır. Lakin İddiaçı tərtib olunan aktla tanış olmaqdan və aktı imzalamaqdan imtina etmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" X7 sayğacının yoxlanılması barədə MSK-29/1710-02268-1 saylı aktın surətindən görünür ki, "Azəriqaz” İB-nin SOCAR**********30991710X02268 saylı, 06 iyun 2022 ci il tarixli telefonoqramına əsasən 07 iyun 2022 ci il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan Fransa istehsalı G4 markalı İtron tipli” (Gallus pay) qaz sayğacları 23 iyun 2022 ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. **********1 nömrəli sayğac- Sayğaca baxış keçirildi. Sayğacın LCD ekranında informasiya əks olunmur. Klapanı açıqdır, qaz keçir. Müvəqqəti element quraşdırıldı. LCD ekranda CNECKİNG FİLE SYSTEM əks olunur və informasiya oxunmur (zavod qusuru). Sayğac istismara yararsızdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 2436 məh. 166 ünvanına quraşdırılmış G-4 markalı **********1 nömrəli İtron tipli qaz sayğacı xx.xx.2022-ci il tarixində xətdən çıxarılmış, növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanması haqqında AKT № 29/1710-02268-1 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan akla əsasən İddiaçı məxsus ünvan 3 ünvanına (kod: **********61660) təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li akt tərtib olunaraq 360 m3 dəymiş ziyan hesablanmışdır. Hazırda iddiaçı borcun silinməsi və 2022-ci ilin fevral ayında sayğaca 100 manat (833 m3) yüklədiyi vəsaitin yeni quraşdırılmış sayğaca köçürülməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.7-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə hesab edir ki, abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi (zavod qüsurlu) ilə sərf edildiyi üçün, cavabdeh isə hesablamanın hansı qaydada aparıldığını, borcun hansı meyarlarla aparıldığını göstərmədiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı məhkəməyə iddia ilə müraciət edərkən iddia ərizəsinə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətini əlavə etmiş, lakin həmin akt onu tərtib etmiş şəxslər, iddiaçı tərəfindən imzalanmamış, ümumiyyətlə akt təsdiq edilməmişdir. Məhkəmə araşdırması zamanı cavabehin nümayəndəsi də həmin aktın surətini məhkəməyə təqdim etmiş, bu zaman akt təsdiq edildiyi, aktı tərtib edən şəxslər tərəfindən imzalandığı, iddiaçının isə aktı imzalamaqdan imtina etdiyi müşahidə edilmişdir. Göründüyü kimi, iddiaçıya və məhkəməyə təqdim edilmiş aktların məzmunu eyni olsa da, uyğunsuzluqdan aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə X2 borcu silinməlidir. Məhkəmə iddia tələbinin “2022-ci ilin fevral ayında sayğaca 100 manat (833 m3) yüklədiyi vəsaitin yeni quraşdırılmış sayğaca köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaç tərəfindən 00046A34C29A5E80 nömrəli karta xx.xx.2021-ci il tarixdə 100 manat vəsait daxil edilmişdir. İddia həmin məbləği 2022-ci il tarixdə sayğaca yüklədiyini qeyd etsə də, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmin vəsaitinin iddia edilən vaxtda sayğa daxil edilməsini və ya istifadə edilməməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mübahisələndirilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 2436 məhəllə 166 ünvanı üzrə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* (MSK-29/1710-02268-1) nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 2436 məhəllə 166 ünvanı üzrə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* (MSK-29/1710-02268-1) nömrəli akt ləğv edilsin, həmin akt əsasında hesablanmış borc silinsin. “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar