Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-276/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iş üzrə borclular Cavabdeh1, X1 və X2 müştərək qaydada 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən qəbul edilmiş qətnamə qanuni qüvvəyə minmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi Nizami Rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu olan şəxslərin ünvanına göndərilmişdir. Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün, borclu şəxs Cavabdeh1 əmlak vəziyyətinin yoxlanılması vəziyyəti ilə əlaqəli müvafiq orqanlara sorğular edilmiş və elektron portal çıxarışına əsasən X4 mülkiyyətində “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası üçün, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə borcun həcmi miqdarında sözügedən avtomobillərin üzərinə həbsin qoyulması üçün təqdimatla müracət olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində təqdimata baxılan zaman məlumatın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə sorğular verilmiş və məlum olmuşdur ki “Hyundai Elentra” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2021-ci il tarixdə yəni qəbul olunmuş qətnamənin Ali Məhkəmə tərəfindən qanuni qüvvəyə minməsinə dair qəbul etdiyi qərardan 1.5 (ay yarım) sonra Cavabdeh1 adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Beləliklə də gələcəkdə borcun avtomobillərə yönəlməsi mümkün olmamışdır. Daxili işlər Nazirliyi Baş X10ndən əldə olunan alqı-satqı müqaviləsi və qeydiyyat hərəkəti barədə məlumatlara əsasən Cavabdeh1 mülkiyyətində olan “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı, qeydiyyat şəhədətnaməsi AD 984040 olan avtomobilin xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirildiyi görünür. Cavabdeh2 isə “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə digər Cavabdeh3 adına, Cavabdeh3 isə öz növbəsində xx.xx.2021-ci il tarixdə “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili iş üzrə Cavabdeh4 adına, Cavabdeh4 isə avtomobili digər Cavabdeh5 adına özgəninkiləşdirmişdir. Cavabdeh1 digər “Mercedes-350” minik markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı, qeydiyyat şəhadətnaməsi AD984041 olan avtomobilini xx.xx.2021-ci il tarixdə, yəni “Hyundai Elentra” minik markalı avtomobili öz adından çıxardığı gün yenə də oğlu Cavabdeh2 adına alqı- satqı müqaviləsi əsasında özgəninkiləşdirilərək, rəsmiləşdirilmişdir. Bu maşınlar formal olaraq başqa adamların adına keçirilsə də faktiki olaraq Cavabdeh1 sahibliyində və istifadəsindədirlər. Daxili İşlər Nazirliyi Baş X10ndən əldə olunan məlumatları buna sübut olaraq göstərmək olar. Belə ki, “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 adına qeydiyyat şəhadətnaməsi alındıqdan sonra sonuncu tərəfindən Cavabdeh1 (atasına) xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 1 il müddətinə olmaqla etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə isə bitmə tarixi xx.xx.2023-cü il tarixə qədər müəyyən olunan daha bir nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamə verilmişdir. Ümumilikdə Cavabdeh1 avtomobili oğlunun adına rəsmiləşdirdikdən sonra öz adına 2 dəfə sözügedən nəqliyyat vasitəsini sürmək üçün etibarnamə götürmüşdür. İşdə olan sübütlar və tərəflərin qohumluq münasibətlərinə əsasən alqı-satqı müqavilələrinin görünüş üçün bağlandığı qənaətinə gələ bilərlər. Buna görə də, “Hyundai Elentra” minik markalı **- XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanılmış alqı-satqı müqavilələrini etibarsız hesab edib, onların əsasında verilən qeydiyyat şəhadətnamələrini ləğv edib, 11000 ABŞ dolları 5030 manat məbləğində pul vəsaitinin tutulmasının sözügedən avtomobillərə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes- 350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair cavabdehlər arasında bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes- 350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair cavabdehlər arasında bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, o, iddia tələbi ilə razı deyil. Qeyd olunan avtomobillər satılan zaman üzərində hər hansı həbs olmamışdır, qanuni mülkiyyətində olan avtomobilləri özgəninkiləşdirmişdir. Hal-hazırkı iddianın heç bir əsası yoxdur. Buna görə də, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh5 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə tanış olmuşdur. O, iddia ərizəsində qeyd olunan “Hyundai Elantra” minik markalı avtomobili, onun sahibi Cavabdeh4 qanuni yolla almışdır və bu alqı-satqı müvafiq dövlət hüquq-mühafizə orqanlarında sənədləşdirilmişdir. Hazırda həmin maşın vicdanlı alıcı kimi onun mülkiyyətindədir. O, nə iddiaçını, nə də ki Cavabdeh1 tanımır və onlarla heç bir münasibəti olmamışdır. Odur ki, iddiaçının tələbini əsassız hesab edir və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, “Hyundai Elantra” minik markalı avtomaşını Badamdar ərazisində yerləşən maşın bazarından almışdır. Maşını alarkən maşının banka borcu olmuş, o, həmin borcu ödəmişdir. Daha sonra etibarnamə əsasında öz adına keçirmişdir. Bir müddət sonra isə “Hyundai Elantra” minik markalı avtomaşını Miraslan adlı şəxsə satmışdır. Hal-hazırda maşın faktiki onda deyil. Bundan əlavə, texniki pasport onun adına olmuş, daha sonra maşını satdığı şəxs öz adına keçirmiş, alqı-satqı müqaviləsi isə qanuni şəkildə olmuşdur. O, maşını alanda 14.000 manat ödəmişdir. İddianın təmin olunmamasını xahiş etdi. Hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 4647/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X2, X1 və Cavabdeh1 müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-4647/2018 saylı icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. - Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-4647/2018 saylı icra sənədində göstərilən tələbin dərhal icra edilməsi borcludan xahiş olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 016-110265-1221 saylı məktubundan və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətlərindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünə məxsus **-FT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S350 minik” markalı, 1995-ci il buraxılışlı, WDB1401341A289629 ban nömrəli nəqliyyat vasitəsini 5000 manat məbləğə alıcıya satmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 016-110265-1221 saylı məktubundan və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətlərindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünə məxsus **-XX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra minik” markalı, 2013-cü il buraxılışlı, KMHDH4AE2DU850640 ban nömrəli nəqliyyat vasitəsini 13.000 manat məbləğə alıcıya satmışdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(007)-175/2021 saylı qərardadından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-4647/2018 saylı icra sənədi üzrə borclu Cavabdeh1 məxsus əmlakların üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatının təmin edilməməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-11852/2021 saylı qərardadından görünür ki, Cavabdeh1 şikayətinin təmin edilməsi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçı tərəfindən verilmiş “Hyundai Elantra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı avtomobillərin üzərinə həbs qoyulması barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. - AE seriyalı, 099952 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-XX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı, 2013-cü il buraxılışlı, KMHDH4AE2DU850640 ban nömrəli nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına qeydiyyata alınmışdır, şəhadətnamə xx.xx.2021-ci il tarixdə verilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-276/2022 saylı qərardadına əsasən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “borc məbləğinin konkret müəyyən edilməsi və həmin məbləğ həddində əmlaka həbs qoyulması” tələbinə dair qarşılıqlı iddiasının icraata qəbul edilərək ayrıca icraata ayrılması və ayrılmış icraat məhkəmənin dəftərxanasında yeni nömrə altında qeydiyyata alınaraq, ayrıca icraatda baxılması, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası üzrə mülki işdə 2(007)-276/2022 nömrəsinin saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 567.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1, X1 və X2 müştərək qaydada 11000 ABŞ dolları, 5030 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən qəbul edilmiş qətnamə qanuni qüvvəyə minmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi Nizami Rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxslərin ünvanına göndərilmişdir. Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün, borclu şəxs Cavabdeh1 əmlak vəziyyətinin yoxlanılması vəziyyəti ilə əlaqəli müvafiq orqanlara sorğular edilmiş və elektron portal çıxarışına əsasən X4 mülkiyyətində “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası üçün, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə borcun həcmi miqdarında sözügedən avtomobillərin üzərinə həbsin qoyulması üçün təqdimatla müracət olunmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində təqdimata baxılan zaman məlumatın dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə sorğular verilmiş və məlum olmuşdur ki “Hyundai Elentra” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillər xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. O cümlədən, məhkəmə iclasında verilmiş suallara cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra təxminən 1.5 ay sonra Cavabdeh1 mülkiyyətində olan “Hyundai Elentra” minik markalı **-XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilləri bilərəkdən özgəninkiləşdirmiş, burada onun məqsədi isə borcun həmin avtomobillərə yönəldilməsinin qarşısını almaq olmuşdur. Məhkəmə araşdırması zamanı isə sözügedən “Hyundai Elentra” minik markalı **- XX-*** dövlət qeydiyyat nişanlı və “Mercedes-350” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dəlalət edən hər hansı bir hal müəyyən edilməmişdir. Bununla bağlı, məhkəmə belə qənaətə gəlir ki, sözügedən alqı-satqı müqavilələri bağlanan zaman həmin nəqliyyat vasitələrinin üzərində hər hansı həbs və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair qadağa olmamış, tərəflər sərbəst surətdə qarşılıqlı iradə ifadəsi əks etdirərək alqısatqı müqavilələri bağlamışlar. Belə olan halda, iddiaçının tələb etdiyi qaydada həmin alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yoxdur, iddia tələbi isə əsassız olduğundan iddia təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-276/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-276/2022
20.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver