Məhkəmə qərarları › İş №2(007)-2782/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2782/2023

18.09.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2782/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Bayramova (Rzayeva) Günay Nofəl qızının maraqlı şəxs Cavabdeh cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bayramova (Rzayeva) Günay Nofəl qızı maraqlı şəxs Cavabdeh cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə mediasiya prosesində aralarında uşaqlarının ərizəçinin yanında saxlanılması və Cavabdeh tərəfindən hər ay 175 manat sabit pul məbləğində aliment ödənilməsi barədə 27 dekabr 2021-ci tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 25 noyabr 2017-c il tarixdə Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan 14 noyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. Nikahları Sabunçu Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, nikahlarının pozulması və aliment tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində aralarında uşağın onun yanında saxlanılması və Cavabdeh tərəfindən hər ay 175 manat sabit pul məbləğində aliment ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər və 27 dekabr 2021-ci il tarixli müvafiq Barışıq sazişi bağlamışlar. Aralarında bağlanmış 27 dekabr 2021-ci il tarixli Barışıq Sazişinin 2.4-cü maddəsinə əsasən, Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Nikahları pozulduqdan sonra Cavabdeh bir neçə dəfə 10, 20 və 30 manat olmaqla ona pul göndərmişdir. Bildirdi ki, hazırda işləmir, işlədikdən sonra bütün aliment borcunu ödəyəcəkdir. Lakin artıq uzun müddətdir ki, Cavabdeh aliment ödəmir, telefonu bağlıdır, zənglərə cavab vermir. Hesab edir ki, o, alimenti ödəməkdən qəsdən yayınır. Maraqlı şəxs Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə verərək bildirmişdir ki, işi ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədən kənar aliment ödəməyə razıdır və hal-hazırda ödənişləri həyata keçirir. Aylıq ona ayrılan 220 manat alimenti ödəməyə razıdır. Məhkəmə iclasında ərizəçi Bayramova (Rzayeva) Günay Nofəl qızının vəkili və nümayəndəsi X2 ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 234 nömrəli akt qeydi ilə tərtib olunmuş 25 noyabr 2017-ci il tarixli nikahın pozulması qət edilmişdir. -Mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 27 dekabr 2021-ci il tarixli üçtərəfli müqavilədən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlir: Mübahisə tərəfləri aralarında bağlanmış 25 noyabr 2017-ci il tarixli nikahın ləğvi, birgə nikahdan doğulmuş 14 noyabr 2018-ci il təvəllüdlü X3 yaşayış yerinin müəyyən edilməsi və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbi ilə bağlı mübahisəni mediasiya vasitəsilə həll etməyə çalışacaqlar. - AZ İV seriyalı, 197557 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - İddiaçı və Cavabdeh arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər razılığa gəlirlər ki, “aralarında bağlanmış 25 noyabr 2017-ci il tarixli nikahları ləğv edilir. Birgə nikahdan doğulmuş 14 noyabr 2018-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh birgə nikahdan olan 14 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment ödəyəcək. Həmin aliment məbləği 2022-ci ilin yanvar ayından başlayaraq hər ayın 30-dək həmin ay üçün Cavabdeh tərəfindən İddiaçı təqdim edəcəyi bank hesabına ödəniləcəkdir”. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 27 dekabr 2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Cavabdeh X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etmir və ərizəçi Bayramova (Rzayeva) Günay Nofəl qızı barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinin 2-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, tərəflər arasında 27 dekabr 2021-ci il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişinin 2ci bəndinin şərtləri maraqlı şəxs tərəfindən pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bayramova (Rzayeva) Günay Nofəl qızı və Cavabdeh ilə arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli Barışıq sazişinin 2-ci bəndinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Belə olan halda məhkəmə barışıq sazişinin icra olunması müddətini nəzərə alaraq hesab edir ki, alimentin tutulması (ödənilmiş aliment çıxılmaqla) 2022-ci ilin yanvar ayından başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bayramova (Rzayeva) Günay Nofəl qızı və maraqlı şəxs Cavabdeh arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli Barışıq sazişinin 2-ci bəndi “aralarında bağlanmış 25 noyabr 2017-ci il tarixli nikahları ləğv edilir. Birgə nikahdan doğulmuş 14 noyabr 2018-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh birgə nikahdan olan 14 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment ödəyəcək. Həmin aliment məbləği 2022-ci ilin yanvar ayından başlayaraq hər ayın 30-dək həmin ay üçün Cavabdeh tərəfindən İddiaçı təqdim edəcəyi bank hesabına ödəniləcəkdir” təsdiq edilsin. Alimentin tutulması (ödənilmiş aliment çıxılmaqla) 01 yanvar 2022-ci il tarixdən başlayaraq hesablansın. Qətnamə dərhal icra olunsun. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar