Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2786/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əqdin etibarsız hesab edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh, onun nümayəndəsi X1 Cavabdeh vəkili və nümayəndəsi Vəkil1, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin 2018-ci ildə Cavabdeh adına özəlləşdirilməsi üzrə bağlanmış əqdin etibarsız (hökmsüz) hesab olunmasına, 2018-ci ildə onun tərəfindən verilmiş notarial razılıq əhəmiyyətli aldanma nəticəsində verildiyinə görə etibarsız hesab edilməsinə, cavabdehin qanunsuz və vicdansız hərəkətləri nəticəsində bu hüquqların pozulmasının tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək xx.xx.2018-ci il tarixli, onun tərəfindən Cavabdeh xeyrinə verilmiş notariat sənədini aldatma yolu ilə əldə edildiyi və qanun tələblərinin pozulması ilə təsdiqləndiyi üçün etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Çebotaryovlar ailəsinin beş övladından biridir. Ailələrinə sovet dövründə dövlət fondundan ünvan 1 ünvanında yerləşən mənzil verilmişdir. 2018-ci ildə qardaşı X5 qeyd olunan mənzilin özəlləşdirilməsi prosesini başladaraq ona müraciət edib ki, guya ailə üzvlərinin hamısı razılıq verib və mənzilin onun adına özəlləşdirilməsi sadəcə formal prosedurudur. O, ona həmin razılıq sənədini notariat qaydasında imzalamağı təklif edib. Qardaşına güvənərək və əsl vəziyyəti bilmədiyi üçün notarial razılıq verib. Ona yalnız 2024-cü ilin may ayında Bakı Şəhəri Nizami Rayon Məhkəməsində hakim Ülkər Yusifovanın sədrliyi ilə baxılmış 2(007)- 597/2024 nömrəli iş üzrə məhkəmə araşdırması zamanı dəqiq məlum oldu ki, ailə üzvlərinin hamısı mənzilin özəlləşdirilınəsinə razılıq verməyib o, 2018-ci ildə notarial razılığı cavabdehin təqdim eldiyi yanlış məlumat əsasında imzalayıb. Bu aldanmanı dərk etdikdən sonra 2024-cü ildə notariusa müraciət edərək əvvəlki razılığının ləğvini təqdim edib. Hesab edir ki, Cavabdeh bu hərəkətləri bilərəkdən etmiş, məqsədli şəkildə onun mənzil hüquqlarını məhdudlaşdırmağa çalışmış və bu, vicdansız davranışdır.
Etirazlar:
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hazırki mübahisə üzrə eyni tərəflər arasında, eyni əmlaka dair, eyni əsaslar üzrə daha əvvəl artıq məhkəmə baxışı həyata keçirilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)- 2597/2025 nömrəli iş üzrə qətnaməsi qəbul edilmişdir. Həmin işdə İddiaçı tərəfindən eyni mənzil üzrə özəlləşdirmənin guya aldatma nəticəsində baş verdiyi əsas gətirilmiş, lakin məhkəmə bu iddianı əsassız hesab edərək rədd etmişdir. Hal-hazırda bu iş üzrə qətnamə 1(103)-2865/2025 nömrəli iş kimi Apellyasiya Məhkəməsində baxılma mərhələsindədir. X7 icraatındadır. İddiaçı bu iş üzrə təqdim etdiyi iddianın əvvəlcədən eyni predmeti və əsasları olan iş üzrə məhkəmə baxışı keçirildiyi üçün əsassız hesab edilərək tam şəkildə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, ərizəni imzalayanda nəyi imzaladığını bilməyib. Ona nəyə imza çəkdiyini izah etməyiblər. Natalya dedi “imzala heç bir problem yoxdur“. Natalya ona evi özəlləşdirmək üçün ərizə verdiyini bildirdi. O, Davidlə Natalyaya ümid edib imzalayıb. Notariat orqanına gedəndə Davidlə münasibəti yaxşı idi. Həmin mənzildə payı var. O, öz payını kiməsə vermək istəməyib. Ona görə iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, əlavə olaraq bildirdi ki, İddiaçı razılıq ərizəsini imzalayanda nəyi imzaladığını bilməmiş. O, Azərbaycan dilini bilmir və ona imzaladığı sənədi tərcümə etməyiblər. Bu səbəbdən İddiaçı qardaşı Cavabdeh aldadılaraq verdiyi xx.xx.2018-ci il tarixli razılıq ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsi verərək, onun məzmununa uyğun izahat verdi iddianı qəbul etmədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, Boris nəyi imzaladığını yaxşı bilirdi. Boris və onun köməkçisi Ruslan 10 ildir, ona pul üçün müraciət edirlər. Özü bilərəkdən inkar edir. Boris Hövsanda ailəsi ilə yaşayır. Ev yoldaşının evidir. Onlar ünvan 1 ünvanında yerləşən mənzildə doğulublar. O, evi valideynlərinə dövlət verib. Razılq ərizəsi verilən gün orada olub, ya yox, yadında deyil. Boris Azərbaycan dilində çox yaxşı başa düşür. Ona görə iddianın rədd edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 bildirdi ki, Boris özəlləşməyə razılıq verib, Azərbaycan dilini də yaxşı bilir. Başqa məhkəmələri də olub çıxarışın ləğvini tələb edirdi. Ona görə iddianın rədd edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etmədiyini bildirdi, etirazın məzmununa uyğun izahat verdi və rədd edilməsini xahiş etdi.
İş materialları:
10. 08 yanvar 2018-ci il tarixdə səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzili Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmir.
11. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı 08 yanvar 2018-ci il tarixdə verdiyi ərizəni xx.xx.2024-cü il tarixdə ləğv etmişdi.
12. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********37-05101-093057 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzili 14 mart 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
13. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2597/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-597/2025 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 16 avqust 2020-ci il təvəllüdlü İddiaçı Davidoviç və 02 avqust 2022-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. 09.07.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100,60 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzili (8 km qəsəbəsi 811-ci keçid, ev 11, mənzil 49) Bakı şəhər Deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən 18 yanvar 1967-ci il tarixli 47537 nömrəli orderlə X6 verilmişdir. Daha sonra digər ailə üzvlərinin razılıq ərizələri əsasında 14 mart 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına tam pay haqqı ilə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Səlahiyyətli orqanlara ünvanlanmış 08 yanvar 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilini Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmir. İddiaçı 08 yanvar 2018-ci il tarixdə verdiyi ərizəni xx.xx.2024-cü il tarixdə ləğv etmişdi. Hazırda iddiaçı xx.xx.2018-ci il tarixli, onun tərəfindən Cavabdeh xeyrinə verilmiş notariat sənədini aldatma yolu ilə əldə edildiyi və qanun tələblərinin pozulması ilə təsdiqləndiyi üçün etibarsız hesab edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 338-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
19. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarları:
İddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.
21. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıbyaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir.
23. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
24. Məhkəmə iclasında iddiaçı ərizənin məzmunundan xəbəri olmadığını bildirsə də, bunun əksi olaraq İddiaçı digər 2(007)-597/2024 nömrəli yekunlaşmış iş üzrə cavabdeh olduğu üçün mübahisə edilən ərizənin məzmunu barədə məlumatlı olmuşdur. Belə ki, 2(007)-597/2024 nömrəli mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur və xx.xx.2024-cü il tarixdə mülki iş üzrə (hakim Ülkər Yusifova) qətnamə qəbul edilmişdir. Qeyd olunan mülki işdə İddiaçı məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, “mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razılıq versə də, payından imtina etməmişdir.” Lakin iddiaçı 08 yanvar 2018-ci il tarixdə verdiyi ərizəni qətnamə qəbul edildikdən 4 ay sonra xx.xx.2024-cü il tarixdə ləğv etmişdi.
25. Göründüyü kimi iddiaçı hüququnun pozulduğunu, onun dili bilmədən, ərizədə yazılanların ona tərcümə edilmədən imzalatdıqlarını qeyd etsə də, faktiki olaraq xx.xx.2023-cü il tarixdən sonra məhkəmə iclaslarında dəfələrlə həmin ərizə tərcüməçinin iştirakı ilə müzakirə olunmuşdur. Odur ki, Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir.
26. Bundan başqa İddiaçı iddia tələbinin əsası kimi hüququnun pozulduğunu, onun dili bilmədən, ərizədə yazılanların ona tərcümə edilmədən imzaladığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Nəticə:
28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
29. İddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100,60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova