Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2789/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və **********00500 saylı abonent İddiaçı qanunsuz olaraq tələb olunan 216 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1i rayonu, Q.Qarayev PR, 39 saylı evin, 50 saylı mənzilinə 2010-cu il tarixdə cavabdeh X2 tərəfindən G-4 İtron Smartkart tipli sayğac quraşdırılmışdır. 19.03.2020-ci il tarixdə X1 əməkdaşları tərəfindən həmin sayğac çıxarılaraq yerinə yeni Zenner G-4T mexaniki sayğac quraşdırılmışdır. Lakin X1 əməkdaşları sonradan onların ünvana gələrək, köhnə G-4 İtron Smart-kart tipli sayğacda zədənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən ona əlavə olaraq 216 manat məbləğində cərimə hesablanmışdır. Baxmayaraq ki, indiyədək vaxtlı vaxtında işlətdiyi qazın pulunu ödəmiş, qaz sayğacını səliqəli işlətmiş və qaz sayğacına onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi qazın həcmindən görünür ki, o, elədə böyük həcimdə qaz işlətmir və belə olan təqdirdə onun sayğaca müdaxilə etməyinə əsas yoxdur. Qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan 7/24 o, sayğaca nəzarət edə bilməz. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması X1 öhdəsinə düşür və onun səlahiyyətindədir. Azəriqaz tərəfindən ondan əsassız olaraq pul tələb etməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin o bildirdi ki, qaz sayğacı binanın blokunda yerləşir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19 mart 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1i rayonu, Q.Qarayev PR, 39 saylı evin, 50 saylı mənzil ünvanına yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, ünvan 1i rayonu, Q.Qarayev PR, 39 saylı evin, 50 saylı mənzilinə quraşdırılmış sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexaniziminin qoruyucu örtüyünün üzərinə vurulan plomb yuvalarının ətrafı kənar təsir nəticəsində deşilib, sol metrologiya və element plombları aşkar olunmamışdır. Sağ metrologiya plombu fərqidir. İş materiallarında olan 27 iyul 2020-ci il tarixli SOCAR**********30560046X00858 nömrəli məktubunda bildirilmişdir ki, 19.03.2020-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq smart itron tipli G-4 markalı 1202AQ**********3 nömrəli sayğac yeni mexaniki tipli qaz sayğacı ilə əvəzlənərək yoxlamaya göndərilmişdir. “Azəriqaz” İB Metrologiya Departamenti Sayğacların müayinəsi laboratoriyasının 11.06.2020-ci il tarixli MSK 29/1710-00704-1 saylı aktına əsasən Sayğaca baxış keçirilmişdir. Sayğac FO-44 rejimindən çıxarılmış, klapanı işlək deyi 10 bölməsində 264 m3 əks olunur. Sayğac mənfiyə işləyir. Sayğacın hesablama mexaniziminin qoruyucu örtüyünün üzərinə vurulan plomb yuvalarının ətrafı kənar təsir nəticəsində deşilib, sol metrologiya və element plombları aşkar olunmamışdır. Sağ metrologiya plombu fərqidir, (element qapağına vurulan plomb ilə eynidir). Sayğacın yaddaş arxivi oxundu. Sayğac da istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb” rəyi verilmişdir. Verilmiş rəyə əsasən 216.00 manat dəymiş ziyan hesablanmışdır. 24.07.2020-ci il tarixinə hesab kodunda mövcud olan 210.40 manat borc məbləği və sayğacın dəyəri tərəfindən ödənilməli olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda “qaz sayğacında zədənin olması” müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Bu zaman, sayğacda zədə aşkar edilmiş və abunəçiyə 216 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, iddiaçının ünvanı üzrə qaz sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1i rayonu, Q.Qarayev prospekti, 39 saylı evin, 50 saylı mənzili üzrə İddiaçı (abonent kodu **********00500) hesablanmış 216 manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2789/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2789/2020
12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver