Məhkəmə qərarları › İş №2(007)-2805/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2805/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2805/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Yoldaşəli qızına qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh Yoldaşəli qızına qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 22.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********69919 olan «X1 8T» markalı telefon almış və nəticədə 544 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 680,4 manat (18 ay x 37,8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********69919 olan «X1 8T» markalı telefon üçün ümumilikdə 544 manat olmaqla, ondan, 494,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49,6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 186 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunanlara əsasən, 22.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********69919 olan «X1 8T» markalı telefon üçün 494,4 manat ödənilməmiş hissə, 49,6 manat cərimə pulu, ümumilikdə 544 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Yoldaşəli qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh Yoldaşəli qızı arasında bağlanmış 22.01.2020-ci il tarixli 20053441 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh Yoldaşəli qızının sahibliyinə və istifadəsinə İMEİ kodu **********69919 olan «X1 8T» markalı telefon verilmişdir. Cavabdeh Yoldaşəli qızı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 22.01.2020-ci il tarixli 20053441 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 25-dən gec olmayaraq 18 ay müddətinə 37,8 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh Yoldaşəli qızına göndərilmiş 26.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Yoldaşəli qızından borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 11.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Yoldaşəli qızının 494,4 manat ödənilməmiş hissə, 49,6 manat cərimə, cəmi 544 manat borcu vardır. İşə əlavə olunmuş 12.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 22.01.2020-ci il tarixli 20053441 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh Yoldaşəli qızının sahibliyinə və istifadəsinə İMEİ kod **********69919 olan «X1 8T» markalı telefon verilmiş, Cavabdeh Yoldaşəli qızı müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 22.01.2020-ci il tarixli 20053441 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 25-dən gec olmayaraq 18 ay müddətinə 37,8 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 22.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********69919 olan «X1 8T» markalı telefon üçün 494,4 manat ödənilməmiş hissə, 49,6 manat cərimə pulu, ümumilikdə 544 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 574 manat Cavabdeh Yoldaşəli qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar