Məhkəmə qərarları › İş №2(007)-2862/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2862/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2862/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştrakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 205 manat əsas, 4,10 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunu, cəmi 239,10 manat məbləğin Cavabdeh tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində “CİTYCAR” mobil tətbiqi vasitəsilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Mülki Məcalləsinin 331-ci maddəsinə əsasən “əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansi üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir". Müqavilə bağlanmazdan əvvəl kirayəyə verənin müqavilə bağlanmasına dair ümumi ofertası təqdim edilmiş və istifadəçi tərəfindən təsdiqlənmişdir. Müqavilə mətni də istifadəçi tərəfindən təsdiq edildikdən sonra standart şərtlər barədə əyani qeyd də istifadəçinin iradəsini dürüst müəyyən etməyə imkan verən şəraitdə onun tərəfindən aksept edilmişdir. Bunun nəticəsində mülkiyyəti iddiaçıya məxsus olan “Toyota Corolla” markalı, ** YX *** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 13:28də cavabdehə təhvil verilmiş və onun tərəfindən xx.xx.2024 tarixdə saat 20:06-də qaytarılmışdır. İstifadəçi tərəfindən təsdiq edilən müqaviləyə əsasən kirayə ödənişi mobil tətbiqdə göstərilən tariflər əsasında hesablanır və həmin müqaviləyə əsasən istifadəçi müqavilə bağlandıqdan etibarən 5 gün ərzində müəyyən edilmiş tarifə uyğun olaraq 205 manat məbləğində kirayə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerin yetirərək avtomobili cavabdehə təvhil versə də cavabdeh öhdəliyini yerinə yetirməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2024-cü il tarixinədək ödəməli olsa da indiyə qədər heç bir ödəniş həyata keçirməmiş və xx.xx.2024-cü il tarixindən etibarən istifadəçi öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. "xxxx" MMC ilə ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində “CİTYCAR” mobil tətbiqi vasitəsilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır.

8. 16.08.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməy müraicət etmək üçün iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir.

9. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh göndərilən xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli avtomobilin kirayə müqaviləsinə əsasən ödəməli olduğu 205 manat məbləğində kirayə ödənişi, 4,10 manat məbləğində cərimə, cəmi 209 manat məbləğin aşağıda qeyd edilən hesaba köçürülməsi tələb edilmiş, əks halda müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

10. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdə 10 dəqiqəlik kirayə haqqı 5 manat olmaqla 41x5=205 manat müəyyən edilmişdir.

11. Avtomobilin elektron kirayə müqaviləsinin 3.4-cü bəndinə əsasən istifadəçi tərəfindən bu müqavilənin şərtlərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə istifadəçi bu bənddə göstərilən məbləğdə cərimələr ödəməyi öhdəsinə götürür: istifadəçi yaranan borcunu ödəmədikdə (məsələn, bank kartında kifayət qədər vəsait olmadığına görə və s.) borcun tam ödənildiyi tarixə qədər ödənişin gecikdirildiyi hər gün üçün kirayəyə verənə borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir.

12. “CİTYCAR” xidmətindən istifadə qaydalarından görünür ki, yanacaq növü hibrid, tarif otuz dəqiqəlik 11 manat, bir saat 23 manat, günlük 60 manat (100 km yürüş), gözləmə 0,10 qəpik müəyyən edilmişdir. “Toyota corolla” markalı, ** YX *** qeydiyyat nişanlı avtomobil Cavabdeh kirayəyə verilmişdir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində “CİTYCAR” mobil tətbiqi vasitəsilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır. İstifadəçi müqavilə bağlandıqdan etibarən 5 gün ərzində müəyyən edilmiş tarifə uyğun olaraq 205 manat məbləğində kirayə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı 205 manat əsas, 4,10 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu 239,10 manat məbləğində pul Cavabdeh tutulmasını xahiş edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 975-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Göründüyü kimi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobilin elektron kirayə müqaviləsinə əsasən “Toyota Corolla” markalı, ** YX *** qeydiyyat nişanlı avtomobil cavabdehə kirayəyə verilmişdir. “Toyota Corolla” markalı, ** YX *** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 13:28-də cavabdehə təhvil verilmiş və onun tərəfindən xx.xx.2024 tarixdə saat 20:06də qaytarılmışdır.

17. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq avtomobil cavabdehə təhvil verilsə də cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və kirayə haqqını ödəməmişdir.

18. Avtomobilin elektron kirayə müqaviləsinin 3.4-cü bəndinə əsasən istifadəçi tərəfindən bu müqavilənin şərtlərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə istifadəçi bu bənddə göstərilən məbləğdə cərimələr ödəməyi öhdəsinə götürür: istifadəçi yaranan borcunu ödəmədikdə (məsələn, bank kartında kifayət qədər vəsait olmadığına görə və s.) borcun tam ödənildiyi tarixə qədər ödənişin gecikdirildiyi hər gün üçün kirayəyə verənə borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir.

19. Müqaviləyə əsasən cavabdeh kirayə haqqını gecikdirdiyi hər gün üçün borc məbləğinin 1%-i miqdarında cərimə ödəməlidir.

20. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməli, Cavabdeh 205 manat əsas, 4,10 manat dəbbə pulu tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Məhkəmə xərcləri:

22. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 205 manat əsas, 4.10 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh 205 manat əsas, 4.10 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar