Məhkəmə qərarları › İş №2(007)-2938/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2938/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2938/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının "Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Xətai rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Xətai rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar “AG Telekom" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV 1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə “AG Telekom" MMC tərəfindən "xxxx" hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə (5 illik) hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MTK tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 2010-cu ilin oktyabr ayından 2015-ci ilin may ayınadək cavabdehə məxsus olub. Həmin ünvandan Əliyev Əjdər əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında 15.05.2010-cu il tarixdə müqavilə bağlanmışdır. Belə ki, son abunə haqqının ödənilməsi 15.06.2010-cu il tarixdə baş vermiş və onunla şirkət arasında bağlanmış müqavilə münasibətlərinə 05.10.2010-cu ildə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. Həmin ünvanda yerləşən kabel şəbəkəsinə 28.10.2013-cü il tarixdə son baxış keçirilmişdir. Sonra isə 05.06.2014-cü il, 26.06.2014-cü il və 17.04.2015-ci il tarixlərdə “Ədaləl-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0856 N, 1153 N və 3114 N saylı akt tərtib olunmuşdur. Belə olan halda, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində “AG Telekom" MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvana son baxış keçirildiyi 28.10.2013-cü il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 17.04.2015-ci il tarixə qədər olan müddət 536 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 160 manat 80 qəpik təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Belə ki, "AG Telekom” MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödəyir. Qeyd olunanlara əsasən Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 160 manat 80 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 330 manat 80 qəpik məbləğində pulun tutulub iddiaçı "AG Telekom” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X13 məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi X5 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: "xxxx" MTK-nın arayışından görünür ki, ünvan 2 ünvanında, 117 saylı mənzil 2010-cu ilin oktyabr ayından 2015-ci illlə ərzində Cavabdeh məxsus olmuşdur. DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 30/42, mənzil 50 ünvanında qeydiiyatdadı. İddiaçı MMC-nin 15 mart 2011-ci il tarixli 02 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X4 İddiaçı MMC “KATV 1”-in əməkdaşı X3 Nazirliyinin nümayəndəsi S.Məmmədov tərəfindən tərtib olunmuş 05 iyun 2014-cü il tarixli 0856 N №-li aktdan görünür ki, qeyd olunan tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 27 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 117 saylı mənzilinin sakininin “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Mənzilin qapısını açan olmamışdır. İddiaçı MMC-nin 15 mart 2011-ci il tarixli 02 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X14 İddiaçı MMC “KATV 1”-in əməkdaşı X2 Nazirliyinin nümayəndəsi S. Məmmədov tərəfindən tərtib olunmuş 26 iyun 2014-cü il tarixli 1153 N №-li aktdan görünür ki, həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 27 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 117 saylı mənzilinin sakininin “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Mənzilin qapısını açan olmamışdır. İddiaçı MMC-nin 15 mart 2011-ci il tarixli 02 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X8 İddiaçı MMC “KATV 1”-in əməkdaşı X1 Nazirliyinin nümayəndəsi S. Məmmədov tərəfindən tərtib olunmuş 17 aprel 2015-ci il tarixli 3114 N №li aktdan görünür ki, həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 27 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 117 saylı mənzilinin sakininin “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Mənzilin qapısını açan olmamışdır. İddiaçı MMC-nin 06 aprel 2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yaşayan Əliyev Əjdər arasında bağlanmış “KATV 1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 15.05.2010-cu il tarixində bu ünvan “KATV 1” Kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 15.06.2010-cu il tarixinədək isə son ödəməsini etmişdir. 05.10.2017-ci il tarixində 33 azn borc ilə şəbəkədən ayrılmışdır. İddiaçı MMC-nin 06 aprel 2021-ci il tarixli arayışından görünür ki, ünvan 4, 0856 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 28.10.2013-cü il tarixində həmin binaya baxışı keçirilmişdir. 18.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-nin hesabına 150 manat vəsait ödənilmişdir. 26.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş maddi ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçıya maddi ziyan dəymiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma faktı abonentlə iddiaçı arasında müqavilə münasibətlərinə son qoyulduqdan sonra baş verdiyi üçün iddia tələbinin məhz həmin dövrdə mənzilin mülkiyyətçisi olmuş cavabdehə yönəldilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, 05 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 27 saylı evin 117 saylı mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə 0856 N saylı akt tərtib olunmuşdur. 26 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 27 saylı evin 117 saylı mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə 1153 N saylı akt tərtib olunmuşdur. 17 aprel 2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 27 saylı evin 117 saylı mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində Cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə 3114 N saylı akt tərtib olunmuşdur. İddia ərizəsindən də göründüyü kimi, Məhdud Məsuliyyətli Cəmiyyətin “KATV 1” kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən etibarən isə 10 manat təşkil edir. Məhkəmə qeyd edir ki, akt hər hansı hərəkət və faktı təsdiq edən sənəddir və tərtib edilmiş hər akt bir faktı təsdiq edir. İddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 150 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 150 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nümayəndəyə hüquqi xidmət haqqı kimi 150 manat və 20 manat dövlət rüsumu Cavabdeh aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 160 manat 80 qəpik, abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat, dövlət rüsumu üçün ödənilmiş 20 manat, ümumilikdə 330 manat 90 qəpik manat borc Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 160 manat 80 qəpik, abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat, dövlət rüsumu üçün ödənilmiş 20 manat, ümumilikdə 330 manat 90 qəpik manat borc Cavabdeh alınaraq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar