Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2944/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı MMC-nin (KATV1) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı” haqqında Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli TR 057 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlara müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Lakin, Nizami rayonu ərazisində son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “KATV1”-ə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci illərdə (5 illik) hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilən arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil cavabdehə məxsusdur. Həmin ünvanda Zalov Rövşən əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında 24 dekabr 2009-cu il tarixli müqavilə bağlanmışdır. Son abunə haqqının ödənilməsi 24 yanvar 2010-cu il tarixdə baş vermiş və cavabdehlə şirkət arasında bağlanmış müqavilə münasibətlərinə 18 fevral 2015-ci il tarixdə son qoyularaq, həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. 12 yanvar 2016-cı il tarixdə “Ədalət A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 4979 N saylı akt tərtib olunmuşdur. Qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Müqavilə münasibətlərinə son verildiyi 18 fevral 2015-ci il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib edildiyi 12 yanvar 2016-cı il tarixə qədər olan müddət 328 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik ziyan hesablamaq şərtilə 98,4 manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar olunmuşdur. Yəni, kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat pul ödəyir. Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində 98 manat 40 qəpik abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 268 manat 40 qəpik pulun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumatın çatdırılmasına) baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli, 21 saylı arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin sahibi Cavabdehdur; - İddiaçı MMC-nin 13 avqust 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Zalov Rövşən arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 24 dekabr 2009-cu il tarixində bu ünvan “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 24 yanvar 2010-cu il tarixinədək son ödəməsini etmiş, 11 iyun 2010-cu il tarixində 41,10 manat borc ilə şəbəkədən ayrılmışdır; - “Ədalət-A” hüquq firmasının, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 12 yanvar 2016-cı il tarixli 4979N nömrəli aktdan görünür ki, ünvan 2 ünvanındakı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açan olmamışdır; - 11 noyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh işi ilə bağlı İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firmasının (VÖEN **********) hesabına 150 manat pul ödənilmişdir; - 12 noyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh məxsus ünvan 2 ünvanında “KATV1” brendi ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma olmuş, İddiaçı MMC-nin, həmin MMC-yə hüquqi xidmət göstərən “Ədalət-A” hüquq firmasının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən 12 yanvar 2016-cı il tarixdə həyata keçirilmiş baxış zamanı həmin qanunsuz qoşulma faktı aşkar olunaraq bu barədə müvafiq akt tərtib olunmuşdur. Cavabdeh bununla iddiaçıya abunə haqqı qismində zərər vurmuş, cavabdehin təqsiri üzündən baş vermiş mülki hüquq pozuntusunun aradan qaldırılması məqsədi ilə iddiaçı hüquqi xidmət göstərilməsi üçün hüquq şirkəti ilə müqavilə bağlamalı və bank vasitəsi ilə dövlət rüsumu ödəməli olmuşdur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş maddi ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçıya maddi ziyan dəymiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma faktı abonentlə iddiaçı arasında müqavilə münasibətlərinə son qoyulduqdan sonra baş verdiyi üçün iddia tələbinin məhz həmin dövrdə mənzilin mülkiyyətçisi olmuş cavabdehə yönəldilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə 98 manat 40 qəpik məbləğində vurulmuş maddi zərərə nisbətdə iddiaçının nümayəndənin göstərdiyi yardıma görə tələb etdiyi 150 manat ağlabatan məbləğ deyil, iddianın həmin hissədə tam təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 98 manat 40 qəpik abunə haqqı qismində vurulmuş zərər, 30 manat nümayəndəyə çəkilən xərc olmaqla, cəmi 128 manat 40 qəpik pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub, İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 98 (doxsan səkkiz) manat 40 (qırx) qəpik abunə haqqı qismində vurulmuş zərər, 30 (otuz) manat nümayəndəyə çəkilən xərc olmaqla, cəmi 128 (yüz iyirmi səkkiz) manat 40 (qırx) qəpik pul, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi Cavabdehndna tutulub, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2944/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2944/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver