Məhkəmə qərarları › İş №2(007)-2947/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2947/2025

09.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2947/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanına əsassız yazılmış 376.935 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-də yaşayır. Həmin evə dair bütün kommunal xidmətləri, o cümlədən istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən işığa istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan işıq sərfiyyatını hesablamaq üçün işıq sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. Hər ay "xxxx" ASC-nin əməkdaşı sayğaca baxış keçirir və istifadə etdiyi işığa görə qəbz təqdim edir. O, isə qəbzdə göstərilən məbləği yəni işıq pulunu vaxtıvaxtında ödəyir. Füzuli rayonunda məcburi köçkündür və əvvəllər istifadə etdiyi işıq borcları dövlət tərəfindən silinmişdir, lakin "xxxx" ASC-nin əməkdaşı tərəfindən onun 376.935 manat borcunun olduğunu deyirlər. **********20087 saylı abunə kodu üzrə ona 376.935 manat borc yazılmışdır.

İş materialları :

3. AA seriyalı № 518910 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Orucov X1 rayonunda məcburi köçkündür.

4. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşdirilən sayğaca (abunə kodu: **********20087) dair abunə haqqından görünür ki, 376.935 manat barmek borcu vardır.

5. "xxxx" ASC tərəfindən Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 13-13/2-1/16-13312/2025 saylı məktubdan görünür ki, İddiaçı abonent olaraq qeydiyyata alındığı **********20087 nömrəli abunə kodu üzrə yaranmış 396.74 manat borc "xxxx" ASC-nin fəaliyyət dövründən əvvəl istehlak edilmiş elektrik enerjisinə görə yaranmış borcdur. Bu səbəbdən borc məbləği tələb olunmayan borclar qrafasına daxil edilmişdir.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları.

8. İddiaçı məxsus ünvan 1 ünvanında cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2011-ci il tarixdə VİKO-M580DBOT tipli, 3813490M1343329 nömrəli işıq sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılan vaxtadək Barmek tərəfindən İddiaçı məxsus mənzilə işıq sərfiyyatına görə 376.935 manat borc hesablanmışdır.

Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:

1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi :

135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

Məhkəmənin mövqeyi :

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

14. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı olan “borcun silinməsi” tələbini ünvan 1 ünvanında Füzuli rayonundan məcburi köçkün kimi yaşamasına baxmayaraq, "xxxx" ASC tərəfindən əsassız şəkildə borc yazılması ilə əsaslandırmışdır.

15. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, İddiaçı abonent olaraq qeydiyyata alındığı **********20087 nömrəli abunə kodu üzrə işıq sərfiyyatına görə 376.935 manat borc vardır.

16. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qeyd edilən borc məbləği "xxxx" ASC-nin fəaliyyəti dövründən əvvəl istehlak edilmiş elektrik enejisinə görə yaranmış borcdur. Bu səbəbdən borc məbləği tələb olunmayan borclar qrafasına daxil edilmişdir.

17. Mülki iş materialları və cavabdehin məktubuna əsasən müəyyən edilmişdir ki, yazılmış borc “tələb olunmayan borclar” qrafasına aid edilməsinə baxmayaraq, qeyd edilən borcun silinməsi orqanının səlahiyyətində deyil.

18. Məhkəmə qeyd edir ki, ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş borc məbləğinin silinməməsi hazırda iddiaçının hüquqlarını pozur.

19. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edib tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli **********20087 abunə kodu üzrə hesablanmış və ödənişi tələb edilməyən borc abonentin hesabından silinməlidir.

20. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvana (Abunə kodu: **********20087) aid edilən və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 376.935 manat (iddia tələbi həcmində) borc silinməlidir.

Məhkəmə Xərcləri :

21. “Dövlət rüsumu haqqında Qanunun” 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün hazırki iddia tələbi üzrə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə :

22. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı abonent olaraq qeydiyyata alındığı **********20087 nömrəli abunə kodu üzrə yaranmış və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 376.935 manat borc silinməlidir.

23. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QətEtdi:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvana, İddiaçı abonent olaraq qeydiyyata alındığı **********20087 nömrəli abunə kodu üzrə yaranmış və ödənişi tələb edilməyən borclar qrafasına daxil edilmiş 376.935 manat borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar