Məhkəmə qərarları › İş №2(007)-2949/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2949/2025

09.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2949/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş qarajın sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, qeyri-yaşayış binasının (sahəsi) üzərində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş, çardaq tipli qarajın onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərinə düşən hissəsinin cavabdeh tərəfindən öz hesabına sökülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən, sahəsi 49,50 kvadrat metr olan qeyri-yaşayış binası (sahəsi) xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Qonşuluqda, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 116 saylı evin 105 saylı mənzilində yaşayan Cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin üzərində qeyri-qanuni, heç bir hüquq müəyyənedici sənədi olmayan çardaq tipli qaraj tikib və həmin sahədə öz avtomobilini saxlayır. Həmin qarajın bir hissəsi ona məxsus qeyriyaşayış sahəsinin üzərində quraşdırılıb və onun obyektinə zərər yetirir. Cavabdehin avtomobili böyük ölçülü, ağır çəkili “CİP” tipli avtomobildir. Cavabdeh avtomobilini həmin qarajda hərəkət etdirərərkən ona məxsus obyektin dam örtüyünü zədələyir. Bir neçə dəfə təmir etməsinə baxmayaraq qeyri-yaşayış sahəsi yenidən bərbad vəziyyətə düşür. Zədələnmə nəticəsində mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təkcə dam örtüyü deyil, əsas sütunları da aşınmaya, zədələnməyə məruz qalır. Xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə edilməsi həyat üçün təhlükəlidir. Hər an avtomobilin hərəkəti, ağırlığı nəticəsində dam örtüyü çökə bilər və tələfata səbəb ola bilər. Cavabdehin onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində qanunsuz qaraj inşa etməsi, orada avtomobil saxlaması həm ona maddi zərər vurur, obyektindən normal istifadə etməsinə maneçilik yaradır, həm də həyəti üçün təhlükə yaradır. Nəticədə konstitusiya və qanunlarda təsbit olunmuş mülkiyyət və digər hüquqları pozulur. Dəfələrlə cavabdehə ona məxsus qeyri-yaşayış sahəsinin üzərində inşa etdiyi çardaq formalı qarajın sökülməsini xahiş etsə də cavabdeh onun xahişini, tələbini qulaq ardına vurur, sökülməsini təmin etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, onun qeyri-yaşayış sahəsi olaraq anbar təsərrüfatı sahəsi vardır və oranı hazırda saxlanc kimi istifadə edir. O, burada olmayanda cavabdeh həmin relyefdə yerləşdiyi üçün onun anbarının yuxarı dam hissəsində maşını rahat saxlamaq üçün artırma etmiş, artırma da onların binanın dam hissəsinə keçmişdir. Bu qaraj onların binasına ziyan vurur, belə ki, o qarajı başqa yoldaşlara verir, iri həcmli maşınlar o qarajda saxlanılır, bununla da anbarına ziyan dəyir. Anbar elə bir vəziyyətə qalmışdır ki, bir az yağış yağan kimi damcı tökülür. Anbarının içindən pis iy gəlir, ora bərbad haldadır, kiflidir. O, anbarının damını təmir etdirmək istəyir. O, bir neçə dəfə də oranı təmir etdirmişdir, ora bir neçə dəfə girib çıxmaq damın zədələnməsinə gətirib çıxarır. Ora qaz, su və işıq çəkdirmiş, cənab prezidentin sərəncamına əsasən qeyri-yaşayış sahəsi sənədləşdirilmişdir və o, dövlətə vergi ödəyir. Cavabdehin qarajı onun şəxsi mülkündə olan binanın üzərindən, yəni onun sahəsinin hissəsindən götürülsün, qalanına etiraz etmir. Cavabdehlə də dəfələrlə bu barədə danışmışdır. Cavabdeh ona sökə bilmədiyini, qanuni şəkildə məhkəməyə müraciət etməsini, məhkəmə qərarı ilə qarajın sökülməsini bildirmişdir. O, qarajın onun hissəsinə düşən hissəsini ölçməsə də oranın sahəsi təxminən 1,5 kv.m olar. Ona bildirilmişdir ki, qeyri-yaşayış sahəsi onun olduğu üçün qarajı sökməyə ixtiyarı vardır. Lakin o, dövlət işçisidir, nə üçün oranı qanunsuz söksün? Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq övladının təhsili ilə əlaqədar xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona qarşı qaldırılan iddianın əsassız olduğunu bildirərək məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və iddianın ləğv edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 638D ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixdə tərtib edilmiş texniki pasportundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 638D ünvanında yerləşən sahənin hüquq subyekti İddiaçıdur və torpaq sahəsinin ölçüsü 0.0054 ha, obyektin ümumi sahəsi 49.5 kv.m-dir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə polis şöbəsinə müraciət etmiş və müraciətdə sizə məxsus tikilinin daş örtüyünün bir hissəsinin zəbt edilməsi barədə qeyd etdikləri xüsusatlar mülki xarakterli olduğu üçün mülki qaydada Məhkəmə orqanları qarşısında iddia qaldırması məqsədəmüvafiqdir. - Fotoşəkillərdən və CD diskə əlavə edilmiş videogörüntülərdən görünür ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin üzərində tikilmiş qarajda avtomobillər saxlanılmış və qeyri-yaşayış sahəsinin dam örtüyündə zədələnmələr baş vermişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 638D ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində Cavabdeh tərəfindən özbaşına tikili olaraq qaraj tikilmiş, iddiaçı iddia ərizəsində həmin qaraj nəticəsində qeyri-yaşayış sahəsinin damının çökdüyünü, bununla ona zərər dəydiyini bildirərək həmin tikilinin sökülməsini tələb etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Maddə 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; Maddə 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı odur ki, Cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinə bitişik tikinti işi aparılmışdır. Hansı ki, mülki qanunvericiliyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının birinci hüququ, məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsi nəzərdən keçirilərək, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin normanın dispozisiya şərtləri ilə uzlaşıbuşlaşmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi ilə şərtləndirmişdir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir (69.1). Yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi ara məsafəsi müəyyən edilməlidir. İşin müəyyən edilmiş faktiki halı odur ki, cavabdeh tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işi aparılmışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillər və videogörüntülər ilə cavabdeh tərəfindən ara məsafəsi saxlanılmadan, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin üzərinə bitişik tikilinin tikilməsi öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar iddia tələbinin qanuni əsasının dispoziya şərtləri ilə uzlaşdığından, İddiaçı Cavabdeh qarşı olan iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə qeyd edir ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci bəndinə əsasən məcburi köçkün olduğu üçün rüsum ödəməkdən azaddır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddia qiymətləndirilməyən iddia olduğundan iddiaçının ödəməkdən azad olunduğu 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üzərində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin (çardaq tipli qaraj) İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərinə düşən hissəsi Cavabdeh tərəfindən öz hesabına sökülsün. İddiaçı tərəfindən ödənilməkdən azad edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar