Məhkəmə qərarları › İş №2(007)-2970/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2970/2024

14.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2970/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 125/3 saylı ev ona məxsusdur və o uzun müddətdir kı, ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Bütün kommunal ödənişləri, xüsusən də **********50003 nömrəli hesab üzrə "xxxx" ASC-yə olan istifadə edilmiş elektrik enerjisinə görə sərfiyyatı vaxtında ödəyir. "xxxx" ASC-nin əməkdaşları hər ay sayğaca baxış keçirir, borcunun miqdarı barədə bildiriş verir və o, həmin bildiriş əsasında borcunu ödəyir. Cavabdeh qurumun əməkdaşları tərəfindən sayğaca növbəti dəfə xx.xx.2024-cü il tarixində baxış keçirilərkən onun və mənzildə yaşayan digər ailə üzvlərinin məlumatı və iştirakı olmadan gizli şəkildə xx.xx.2024-cü il tarixli, 005576 nömrəli akt tərtib edilib. Daha sonra o, mənzilə gələrkən həmin aktı qapıya qoyulmuş şəkildə aşkar edib. Aktda göstərilib ki, elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirən zaman məlum olmuşdur ki, “fərdi yaşayış evinə məxsus elektrik sayğacının AZS möhürü qopardılaraq təkrar yapışdırılması müşahidə olunur və sayğacın dövlət yuva möhürləri çıxıntılı və müdaxilə izləri müşahidə olundu. Ölçmə zamanı xətdən axan yük 3.6 kvt qoyuluş güc sayğacın naminalına əsasən P1 ay =66 kvt təşkil edir. Elektrik sayğacı quraşdırılsın, çıxarılmış sayğacın bütün parametrlərinə rəy verilsin”. Aktdan görünür ki. həmin akt vəzifəsi və kimliyi göstərilməyən Ağayev.M və Əfəndizadə.R tərəfindən imzalanıb, aktın nüsxəsinin abonentə yəni guya ona təqdim edilməsi qeyd olunub. Əvvəla bildirir ki, o, həmin akt tərtib olunmasından, sayğacının götürülməsindən, bütün həmin əməliyyatlar icra ediləndən xeyli saat sonra təsadüfən evə gələndə aktı görərkən məlumat əldə edib. Belə olan halda isə aktın nüsxəsinin abonentə (ona) təqdim edilməsinin qeyd olunması absurd haldır. Halbuki, ona təqdim olunsaydı, aktda onun imzası olardı. Bundan əlavə bildirir ki, ümumiyyətlə, "xxxx" ASC-nin quraşdırdığı sayğac ona məxsus evin çölündə-həyətyanı sahədən kənarda (daş hasarın çölündə) yerləşir. O, həmin sayğaca nəzarət etmək iqtidarında deyil və Qaydalara əsasən istehlakçı kimi buna borclu da deyil. Həmçinin, həm qaydalara əsasən, həm də real olaraq hər ay "xxxx" ASC-nin əməkdaşı sayğaca baxış keçirir, borcu yazır və bildiriş təqdim edir. Sonuncu dəfə borc hesablanarkən və sayğaca əməkdaş tərəfindən baxış keçirilərkən hər hansı pozuntu və ya müdaxilə halı aşkar olunmayıb. Göstərilən aktla tanış olandan sonra kiçik bir araşdırma aparıb və ona bəlli olub ki, cavabdeh quruma aid əməkdaşlar onun evdə olmamağından istifadə edərək və onu dəvət etmədən (iştirakı olmadan) tez-tələsik xx.xx.2024-cü il tarixli, 005576 nömrəli akt tərtib etməklə sayğacı özləri ilə aparıblar və müvəqqəti sayğacla əvəz ediblər. O, cavabdeh qurumun demək olar bir neçə ildən bir təkrarlanan qanunsuz hərəkət və aktlarından xəbərdar olduğu üçün xx.xx.2024-cü il tarixində ona hesablanmış köhnə 311 manat məbləğində borcu ödəmək üçün elektron sistemə daxil olanda, borcunun 12632,27 manat təşkil etməsini görüb və çox təəccüblənib. Həmin məbləğdə borcun hardan və necə alınması ilə maraqlanmağa çalışsa da, heç bir nəticə əldə etməyib. xx.xx.2024-cü il tarixində səhər saatlarında cavabdeh qurumun əməkdaşı tərəfindən qapısı döyülüb və 12632,27 manat borcu olmasını, həmin məbləğin dərhal ödənilməsini, əks halda işığın verilməsinin dayandırılacağı ona bildirilib. O, bu halın qanunsuz olmasını qurum tərəfindən akt tərtib edilərkən, sayağaca baxış keçirilərkən və dəyişdirilərkən onun iştirakının və məlumatının olmamasını, heç bir protokol tərtib edilmədən sayğacının qanunsuz olaraq (qaydalara zidd şəkildə) aparılmasını, hesablanan borcla bağlı heç bir bildirişin (xəbərdarlığın) təqdim edilməsini bildirsə də, bunun nəticəsi olmayıb. Dəfələrlə cavabdehin aktının və hərəkətinin qanunsuz olmasını, əsassız hesablanmış borcun (vəsaitin) ya sübut olunmasını, ya da silinməsini tələb etsə də, heç bir tədbir görülməyib, əksinə enerjinin verilməsinin dayandırılacağı ilə hədələnib. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bir daha bildirir ki, 311 manat məbləğində borcdan başqa (hansı ki, həmin borcu da xx.xx.2024-cü ıl tarixində ödəyib) onun cavabdehə heç bir məbləğdə borcu yoxdur, sayğaca müdaxilə etməyib, cavabdeh qanunsuz və qərəzli akt tərtib edib və ona əsassız borc hesablayıb, cavabdeh müqavilə və ya qanuni əsas olmadan onun hesabına əsassız varlanmaya cəhd etməkdədir. Ümumiyyətlə, bildirir ki, cavabdeh qurumun ona qarşı etdiyi qanunsuz hərəkət ilk deyil. Belə ki, vaxtiylə yenə də həmin mənzilində olan sayğacı məlumatsız və özbaşına şəkildə aparıblar, evə verilən elektrik enerjisi qanunsuz olaraq dayandırılıb, məhkəməyə müraciəti əsasında pozulmuş hüquqları bərpa olunub, qanunsuz akta əsasən hesablanmış borc məhkəmə qaydasında silinib. Belə ki, hazırki iddia ərizəsinə əlavə etdiyi Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3486/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 125/3 saylı fərdi yaşayış evinə (abunə kodu: **********50003) verilən elektrik enerjisinin dayandırılması cavabdeh "xxxx" ASC-yə qadağan edilmiş, Bakı şəhəri. Nizami rayonu, Şərq küçəsi. 125/3 saylı fərdi yaşayış evinə enerjinin verilməsinin cavabdeh tərəfindən bərpa edilməsi qərara alınıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-923/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən aydın olur ki, iddia ərizəsi təmin edilməklə, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsində yerləşən 125/3 saylı ev üzrə İddiaçı (abonent kodu **********50003) hesablanmış 6019 manat məbləğində borcun silinməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6006/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib, iş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-923/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İcra sənədi icra olunması cavabdehin qeydiyyatda olduğu Nəsimi rayon icra şöbəsinə göndərilib və tam olaraq icrası təmin olunub. Lakin bütün bunlara baxmayaraq, ehtimal ki, cavabdeh qurum ondan əvəz çıxmaq və ya sair şəxsi qərəzli niyyətlərlə yenidən analoji qanunsuz addımı atıb. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən ona hesablanmış 12632,27 manat məbləğində əsassız borc məbləğlərinin silinməsi barədə qətnamə qəbul etməklə pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin ünvanda iki ev var, ikisi də onun olduğu üçün bir sayğac quraşdırılıb. Sayğac onun evindən 100 metr uzaqda, kənarda olan daş divarda yerləşir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. 27 avqust 2024-cü ildə sayğaca baxış keçirilib və akt tərtib ounub. Aktda “fərdi yaşayış evinə məxsus elektrik sayğacının AZS möhürü qoparılaraq təkrar yapışdırılması müşahidə olunur və sayğacın dövlət yuva möhürləri çıxıntılı və müdaxilə işləri müşahidə olunur” qeyd edilib. Yəni sayğaca kənar müdaxilə olunub. 90 gün müddətinə hesablanmaqla 12632,27 manat borc yazılıb. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-923/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edərək, Bakı şəhəri, Nizami rayonu, Şərq küçsində yerləşən 125/3 saylı ev üzrə İddiaçı (abonent kodu: **********50003) hesablanmış 6019 manat məbləğində borcun sislinməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6006/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-923/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2024-cü il tarixli NİM № 05576 saylı aktın surətindən (Ağayev Mahir və Əfəndizadə Ramil tərəfindən tərtib edilib) görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda sayğaca baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının AZS möhürü qopardılaraq təkrar yapışdırılması müşahidə olunur. Sayğacın dövlət yuva möhürləri çıxıntılı və müdaxilə izləri müşahidə olundur. Ölçmə zamanı xətdən axan yük 3,6 kvt. Qoyulmuş güc sayğacın nominalına əsasən P=66 kvt təşkil edir. Yeni elektrik sayğacı quraşdırılsın, çıxarılmış sayğac bütün parametrlərə rəy verilsin. - Əhali istehlakçılar qrupuna aid olan abonentlərinin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, sayğacdakı qüsur: baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının “AZS” möhürü qopardılaraq təkrar yapışdırılması müşahidə çıxıntılı və müdaxilə izləri müşahidə olundu. - Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********50003 olan abunəçi İddiaçı 12632,27 manat borcu müəyyən edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətindədir. Həmin ünvanda quraşdırılmış sayğacın yoxlanması zamanı sayğacın AZS möhürü qopardılaraq təkrar yapışdırılması, dövlət yuva möhürləri çıxıntılı və müdaxilə izləri olması aşkarlanmışdır və bu barədə akt tərtib edilmişdir. İddiaçı həmin akt əsasında hesablanmış əsassız borcun silinməsini məhkəmədən xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.26. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış evindən kənarda yerləşən elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh "xxxx" ASC özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla bağlı iddiaçıya borc məbləği hesablanmamalıdır və cavabdeh borcun ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh sayğaca müdaxilə edilməsini bildirsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış işıq sayğacının zədəli olmasına görə istehlakçı məsuliyyət daşımadığından, sayğaca müdaxilə olunması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən istehlakçı qeyd edilən ünvanda istehlak olunmuş elektrik enerjisinə görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin istehlakçıdan 97175 kvts itirilmiş elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125/3 saylı ev üzrə İddiaçı (abonent kodu **********50003) hesablanmış 12632,27 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Ramin Xıdırov adlı şəxsin qanunsuz əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün iş üzrə xüsusi qərardad qəbul edilməklə, prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, nəhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə tərəfindən Ramin Xıdırovun hazırkı işə aidiyyəti müəyyən edilmədiyindən və iddiaçının ərizəsində qeyd etdiyi hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, Ramin Xıdırovun barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Şərq, küçəsində yerləşən 125/3 saylı ev üzrə İddiaçı (abonent kodu **********50003) hesablanmış 12632,27 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri üzrə 127,9 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar