Məhkəmə qərarları › İş №2(007)-3028/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3028/2022

16.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3028/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, X4 ilə 14 avqust 1982-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladları vardır. X5 29 sentyabr 1982-ci ildə və X6 10 aprel 1986-cı ildə anadan olmuşdur. Mərhum həyat yoldaşı 05 oktyabr 2021-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov (M.X.Şərifli) küçəsi, ev 160 A, mənzil 12-də miras əmlakı vardır. O, hüquqi savadsızlığından mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına müraciət etməmiş, yalnız xx.xx.2022-ci ildə Bakı şəhəri 52 saylı Notariat Ofisinə ərizə vermişdir. Notariat ofisinin xx.xx.2022-ci il tarixli arayışı ilə bundan imtina olunaraq məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq qanunu düzgün başa düşmədiyini 6 ay keçdikdən sonra notariusa müraciət etməli olduğunu bilmişdir, lakin notariusa müraciət etdikdən sonra mirası qəbul etmək üçün müəyyən olunmuş müddətin keçdiyini bilmişdir. Bu səbəbdən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məktublarla müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu Elçin Zeynalovun xx.xx.2022ci il tarixli, 747/22 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş arvadından qalmış miras əmlakın qəbulu ilə müddəti ötürdüyü, vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilməsi İddiaçı izah edilmişdir. - İİ-ФР № 258633 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada “Süleymanova” soyadı verilmişdir. - AZ-İİ seriyalı, 224838 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Covid-19 virus səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 860 nömrə ilə qeyd edilmişdir. - İİİ-ПH № 511258 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1982-ci il tarixdə Tümen vilayəti, Megion şəhərində doğulmuşdur, onun atası İddiaçı, anası X3r. - İİ-ПH № 568388 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1986-cı il tarixdə Tümen vilayəti, Megion şəhərində doğulmuşdur, onun atası İddiaçı, anası X3r. - notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş ərizədən görünür ki, X9 xx.xx.2021-ci ildə vəfat etmiş anası X1 ona çatası mirasdan mərhumun həyat yoldaşı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xeyrinə bütün əsaslar ilə imtina etmişdir. - notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş imtinadan görünür ki, X7 xx.xx.2021-ci ildə vəfat etmiş anası X2 miras əmlakının faktiki idarə edilməsinə daxil olmamış, iradı yoxdur və öz vərəsəlik hüquqlarını rəsmiləşdirməyi arzulamır. Mirası qəbul etmək üçün müddətin bərpa edilməsinə və miras əmlakın bölünməsinə görə məhkəməyə müraciət etməyəcəkdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov (M.X.Şərifli) küçəsi, ev 160 A, 12 saylı mənzil miras qalmışdır. X2 qanun üzrə birinci növbəli vərəsəsi hazırki İddiaçı cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək mərhum arvadından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X2 xx.xx.2021-ci il tarixdə ölməsi ilə ona məxsus əmlaka əri İddiaçı birinci dərəcəli qanun üzrə vərəsəsidir. Lakin, iddiaçı hüquqi savadsızlığı ilə əlaqədar mirası rəsmi qəbul etmək üçün vaxtında notariat orqanına müraciət etməmişdir. Notariat ofisinə yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Həmçinin iş materiallarılna əlavə olunmuş ərizə və imtinadan görünür ki, miras qoyanın oğlu və qızı onlara çatası miras payından imtina edirlər. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum arvadının xx.xx.2021-ci il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən qanunun tələbini düzgün anlamadığı üçün notariat orqanına gec müraciət etmişdir, digər vərəsələr isə öz paylarından idiaçının xeyrinə imtina etmişlər və aralarında mübahisə yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, 05 oktyabr 2021-ci ildə vəfat etmiş arvadı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət İddiaçı münasibətdə bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 oktyabr 2021-ci ildə vəfat etmiş arvadı X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət İddiaçı münasibətdə bərpa edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar