Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3038/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 05 iyul 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********06129 olan “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 388 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 385 manat (12 ay x 32 manat+1 manat ilkin ödəniş) İMEİ kodu **********06129 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə, 388 manat olmaqla ondan, 353 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 32 manat təşkil edir. Buna görə də, 05 iyul 2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********06129 olan “Samsung Galaxy A10” markalı telefon üçün 353 (üç yüz əlli üç) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə olmaqla, ümumilikdə 388 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra etirazla məhkəməyə müraciət etdiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(007)- 3038/2021 saylı qərardadına əsasən, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, izahat verərək göstərdi ki, Cavabdeh telefonu aldıqdan sonra servisə qaytarıb vermişdir, telefon düzəldikdən sonra ona telefonun götürülməsi ilə bağlı zəng edilmiş, lakin o, telefonu geri götürməmişdir. Cavabdehin telefonu servisdən geri götürməməsi o demək deyil ki, onun öhdəlik daşıdığı borcu silinməlidir. Buna görə də, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyib, izahat verərək göstərmişdir ki, o, pandemiya dövründə onlayn qaydada telefon almış, telefonu evdə gətirib ona təhvil vermişlər, telefonu qutusundan çıxardıqdan sonra görmüşdür ki, telefonun “İcloud”u bağlıdır. O, dərhal servisə zəng edib məlumat vermiş, servisdən ona demişlər ki, telefon və 20 manat da pul servisə verməlidir ki, telefonun “İcloud”-u açılsın. O, servisə getmiş, lakin pandemiya olduğu üçün servis bağlı olmuşdur. Bir ay sonra servisə gedib telefonu təhvil-təslim aktı ilə geri qaytarmışdır. Telefon onda olduğu bir ay müddət üçün aylıq ödənişini də etmişdir. Bir dəfə ona zəng edilmişdir ki, telefonun ödənişini etsin. O isə bildirmişdir ki, telefonu təhvil-təslim aktı ilə geri qaytarmışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən, istifadəsində olan mobil nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2020-ci il tarixli 21006441 nömrəli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 1 manat ilkin ödənişlə, aylıq ödəniş 32 manat olmaqla, 12 ay müddətinə, 385 manat dəyərində olan “Samsung Galaxy A10” markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 05 iyul 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh həmin tarixli kredit müqaviləsi üzrə əşyanı "xxxx" MMC-dən təhvil almışdır; -"xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış 14 yanvar 2021-ci il tarixli bildirişdən və ona əlavə edilmiş poçt qaiməsindən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; -14 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən X4 vasitəsi ilə, ********* nömrəli qəbzlə 20,0 manat dövlət rüsumu ödənilmişdir; -"xxxx" MMC-nin 11 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 iyul 2020-ci il tarixli 21006441 nömrəli müqavilə üzrə cəmi 388 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1 manat ilkin ödənişlə, aylıq ödənişi 32 manat olmaqla, 12 ay müddətinə, 385 manat dəyərində olan “Samsung Galaxy A10” markalı telefon almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyanı "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 05 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı "xxxx" MMC-dən telefon almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh ondan iddiaçının xeyrinə borcun tutulması barədə iddia ərizəsinə etiraz versə də, etirazının əsasını təşkil edən sübutlarını təqdim etməmişdir, onun irəli sürdüyü dəlilin isə əsası yoxdur, belə ki, cavabdeh iddia ərizəsinə etirazında və əvvəlki məhkəmə iclasında iddiaçıdan aldığı mobil telefonu iddiaçıya geri qaytardığını bildirsə də, üzərinə götürdüyü öhdəliyin hüquqi nəticəsi ona məlum olduğu və müqavilə qüvvədə olduğu halda bunu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 353 manat əsas borc və 35 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 388 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 353 manat əsas borc və 35 manat dəbbə pulu (cərimə) olmaqla, cəmi 388 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3038/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3038/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver