Məhkəmə qərarları › İş №2(007)-3042/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3042/2022

16.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3042/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdehlər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və X3 qarşı “qanunsuz tikilmiş restoranın sökülməsi, qanunsuz verilmiş icazə və özəlləşdirmə barədə sənədlərin araşdırılması, Nizami Rayon İcra Hakimiyyəti barədə qərar qəbul edilməsi və ona özəlləşdirmə barədə sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və X3 qarşı “qanunsuz tikilmiş restoranın sökülməsi, qanunsuz verilmiş icazə və özəlləşdirmə barədə sənədlərin araşdırılması, Nizami Rayon İcra Hakimiyyəti barədə qərar qəbul edilməsi və ona özəlləşdirmə barədə sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Həyati təhlükəsini, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan vətəndaş “hüquqlarını və qanuni mənafelərini, habelə mənzil hüququnu, eyni zamanda yaradıcı şəxs olaraq yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri qeyd-şərtsiz (hər gecə eyş-işrət, hətta təcavüzə oxşar səslər, gecə 2, 3 radələrində oradan çıxanların əxlaqsız danışıqları) pozmaqla işgüzar fəaliyyətinə mane olan (qarşısında bir səhər 15 yaşlı oğlanın anasını bıçaqlamasından sonra məcbur olub 25 il yaşadığı mənzili tərk etmişdir), habelə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin bu restoranın 7 iş günü müddətində sökülməsi ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən Qərib Məmmədova, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova və surəti ona ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu nəzərə alaraq “Tac” adlanan qanunsuz restoranın sökülməsi ilə bağlı qərar qəbul edilməsi; 2) Onun yaşadığı binada- R.Rüstəmov küçəsi 48 ünvanında birinci blokda (onun mənzili ikinci blokdadır) yaşayan X5 əsasən Nizami Rayon İcra Hakimiyyətinin Özəlləşdirmə üçün vermiş olduğu qanunsuz icazə sənədlərini, həmçinin qanunsuz restoranın özəlləşdirilməsi üçün sənədlərin araşdırılması və bunlara əsasən Nizami Rayon İcra Hakimiyyəti haqqında qərar qəbul edilməsi; 3) Nizami Rayon İcra Hakimiyyəti X1 ona da özəlləşdirmə sənədlərinin verilməsi, məhkəmənin bu ayrıseçkiliyə aydınlıq gətirilməsi və vətəndaşı- alimi hakimiyyətdən narazı salan, ölkəni tərk etməsinə səbəb olan Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsini imzalamamış və digər pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilməlidir ki, iddia ərizəsinin tərtibi və verilməsi zamanı müvafiq nöqsanlara yol verilmişdir, lakin ərizənin imzalanmaması onun geri qaytarılmasının əsas səbəbi olaraq qəbul edilir. Ərizənin imzalanması tərəfin fikir ifadəsini əks etdirir, onun səlahiyyətli şəxs tərəfindən imzalanmasını müəyyən etmək üçün zəruridir, iddia ərizəsində belə imzanın olmaması onun geri qaytarılması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi imzalansaydı belə, iddia ərizəsi icraata götürülərək baxıla bilməzdi. Belə ki, iddia ərizəsinin tələb hissəsinə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçının tələbi üç hissədən ibarətdir, tələbin birinci hissəsi “qanunsuz tikilmiş restoranın sökülməsi” ilə, ikinci hissəsi “cavabdeh X3 verilmiş qanunsuz icazə sənədlərinin, restoranın özəlləşdirilməsi ilə bağlı sənədlərin araşdırılması”, üçüncü hissəsi isə “Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ona da özəlləşdirmə barədə sənədin (icazənin) verilməsi” ilə bağlıdır. Göründüyü kimi, iddiaçı tələbinin birinci hissəsində qanunsuz tikilmiş restoranın sökülməsini xahiş etsə də, tələbinin ikinci hissəsində inzibati orqan tərəfindən verilmiş icazə əsasında tikilmiş restoranın sənədlərini mübahisələndirir, üçüncü hissəsində isə inzibati orqan tərəfindən ona da özəlləşdirmə barədə sənədlərin verilməsini xahiş edir. Belə olan halda, məhkəmə hesab edir ki, tələbinin birinci hissəsi aidiyyəti üzrə hazırki məhkəmədə baxılmalı olsa da, iddiaçı iddia tələbinin ikinci və üçüncü hissələrini inzibati qaydada mübahisələndirməlidir, həmin tələblərə bir icraatda baxıla bilməz. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə cavabdehə verilmiş icazələrin və özəlləşdirmə barədə sənədlərin əsaslılığını inzibati qaydada mübahisələndirməli, məhz bundan sonra inzibati məhkəmənin yekun qərarının nəticəsindən asılı olaraq iddia tələbinin birinci hissəsini ümumi qaydada mübahisələndirməlidir. Bundan başqa, əlavə hal olaraq qeyd edilməlidir ki, hazırki iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı iddia tələbinə cavab verməli olan şəxslər kimi Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətini və X4 cəlb etmişdir. Lakin, iddiaçı ünvan 2 ünvanında yaşadığını qeyd etdiyi cavabdeh X2 həmin ünvanda yaşamasını təsdiq edən sübutları (MAPS şöbəsinin arayışı və.s) ərizəsinə əlavə etməmiş, bununla belə, məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşın məlumatlarının sorğulanması zamanı da cavabdeh X2 şəxsiyyətini ümumiyyətlə müəyyən etmək mümkün olmamışdır. O cümlədən, iddiaçı iddia ərizəsinin qeyd hissəsində dövlət rüsumunu ödəməməsinə səbəb kimi “ikinci qrup əlil” olmasını qeyd etsə də, bunu təsdiq edən sübutlarını (əlillik vəsiqəsi və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən əlil olmasını təsdiq edən çıxarışı) əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və X3 qarşı “qanunsuz tikilmiş restoranın sökülməsi, qanunsuz verilmiş icazə və özəlləşdirmə barədə sənədlərin araşdırılması, Nizami Rayon İcra Hakimiyyəti barədə qərar qəbul edilməsi və ona özəlləşdirmə barədə sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar