Məhkəmə qərarları › İş №2(007)-3070/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3070/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3070/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili- Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli 358-LD/17 nömrəli və 18 may 2018-ci il tarixli 288-LD/18 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilələrin tərkib hissəsi olan ödəniş qrafiklərinə uyğun şəkildə ödəmək şərti ilə damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi 20 aprel 2021-ci il tarixə 27 dekabr 2017-ci il tarixli 358-LD/17 nömrəli müqavilə üzrə 25033,37 manat gecikdirilmiş əsas borcu və hesablanmış 12199,14 manat cərimə borcu, 18 may 2018-ci il tarixli 288-LD/18 nömrəli müqavilə üzrə 10291 manat gecikdirilmiş əsas borcu və hesablanmış 4373,27 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. 27 dekabr 2017-ci il tarixli 358-LD/17 nömrəli müqavilə üzrə 25033,37 manat gecikdirilmiş əsas borc və hesablanmış 12199,14 manat cərimə borcunun, 18 may 2018-ci il tarixli 288-LD/18 nömrəli müqavilə üzrə 10291 manat gecikdirilmiş əsas borc və hesablanmış 4373,27 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 51926,78 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 14 iyul 2021-ci il tarixə, saat 14:50-ə təyin edilmiş məhkəmə hazırlıq iclası və 30 iyul 2021-ci il tarixə, saat 10:30-a təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, 03 sentyabr 2021-ci il tarixdə o, teleqramla məhkəməyə müraciət edərək 06 sentyabr 2021-ci il tarixə, saat 11:10-a təyin edilmiş məhkəmə baxış iclasının “Covid 19” xəstəliyinə yoluxaraq müalicəsini evdə davam etdirməsi səbəbindən başqa vaxta təxir edilməsini xahiş etmiş, hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X1 məhkəmə iclasına gəlməmiş, onun qardaşı olduğunu qeyd etmiş Oqtay Muxtarov teleqramla məhkəməyə müraciət edərək, cavabdehin hal-hazırda Türkiyə Respublikasının Tokat şəhərində müalicədə olduğunu bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, qeyd etdiklərini təsdiq edən sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Lizinq verən "xxxx" ASC (hazırkı İddiaçı ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 27 dekabr 2017-ci il tarixli 358- LD/17 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən “Holştin-Friz” cinsli 20 baş damazlıq heyvanı güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 29422,3 manat ilkin ödənişi, 600 manat üstəlik xərclərin məbləğini əvvəlcədən Lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 29422,3 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq 27 noyabr 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürür; - Lizinq verən "xxxx" ASC (hazırkı İddiaçı ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 18 may 2018-ci il tarixli 288-LD/18 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən “Simmental” cinsli 8 baş damazlıq heyvanı güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 11320 manat ilkin ödənişi əvvəlcədən Lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 11320 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq 17 aprel 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür; - İddiaçı ASC tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 27 dekabr 2017-ci il tarixli 358-LD/17 nömrəli müqavilə üzrə 25033,37 manat gecikdirilmiş əsas borcu və hesablanmış 12199,14 manat cərimə borcu, 18 may 2018-ci il tarixli 288-LD/18 nömrəli müqavilə üzrə 10291 manat gecikdirilmiş əsas borcu və hesablanmış 4373,27 manat cərimə borcu vardır; - İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 01 iyun 2021-ci il tarixli bildirişdən görünür ki, o, lizinq müqavilələri üzrə öhdəliklərin icra edilməsi, əks halda yaranmış borcun tələb ediləcəyi ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - 17 iyun 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsi verilərkən İddiaçı ASC tərəfindən 30,0 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Lizinq verən "xxxx" ASC (hazırkı İddiaçı ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli 358-LD/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən “Holştin-Friz” cinsli 20 baş damazlıq heyvanı güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermiş, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 29422,3 manat ilkin ödənişi, 600 manat üstəlik xərclərin məbləğini əvvəlcədən Lizinq verənə ödəmiş, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 29422,3 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq 27 noyabr 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, 18 may 2018-ci il tarixli 288-LD/18 nömrəli müqaviləyə əsasən, lizinq verən “Simmental” cinsli 8 baş damazlıq heyvanı güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermiş, lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 11320 manat ilkin ödənişi əvvəlcədən Lizinq verənə ödəmiş, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 11320 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq 17 aprel 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alan lizinq verən qarşısında öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icrasını təmin etməmiş, borcun ödənilməsi ilə bağlı iddiaçının xəbərdarlıqlarını yerinə yetirməmişdir. Bununla da, lizinq verən tərəfindən borcun tələb edilməsi üçün əsas yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12.4-cü maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 27 dekabr 2017-ci il və 18 may 2018-ci il tarixli müqavilələr üzrə götürdüyü öhdəliklərə əməl edib, lizinq ödənişlərini, hesablanmış cəriməni ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilələr üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən ödənilməmiş pul məbləğlərini iddiaçıya ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulları) əsas borclara münasibətdə tənasübsüz surətdə yüksəkdir, həmin məbləğlər azaldılmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27 dekabr 2017-ci il tarixli, 358-LD/17 nömrəli müqavilə üzrə 25033,37 manat əsas borc, 2503,33 manat cərimə borcu və 18 may 2018-ci il tarixli, 288-LD/18 nömrəli müqavilə üzrə 10291 manat əsas borc, 1029 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27 dekabr 2017-ci il tarixli, 358-LD/17 nömrəli müqavilə üzrə 25033,37 manat əsas borc, 2503,33 manat cərimə borcu və 18 may 2018-ci il tarixli, 288-LD/18 nömrəli müqavilə üzrə 10291 manat əsas borc, 1029 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar