Məhkəmə qərarları › İş №2(007)-3080/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3080/2021

30.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3080/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və Cavabdeh1 qarşı “ müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və Cavabdeh1 qarşı “ müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh1 arasında 13 may 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində bağlanmış kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında 8i-20471 reyestr nömrəli, 12.09.2020-ci il tarixli borc məbləğinin tutulması barədə icra qeydinin ləğv edilməsi barədə qətramə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 15.08.2019-cu il tarixdə Abşeron rayonu Məhəmmədi kəndində yerləşən özünə məxsus 1600 kv.metr boş torpaq sahəsini istixana yaratması üçün ona icarəyə vermişdir. Torpaq sahəsi ona boş vəziyyətdə verilmiş və onun tərəfindən həmin torpaq sahəsində istixana qurulmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir. İstixanada təbii qazdan istifadə üçün nəzərdə tutulmuş qaz sayğacı cavabdeh Quliyev İbrahim Səfər oğlunun adına olduğundan sonuncu tərəfindən təbii qazın istifadə edib lakin dəyərini ödəməyəcəyindən ehtiyat edərək, onu borc müqaviləsi bağlamağa məcbur etmişdir. Belə ki, 13.05.2020-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində bağlanmış kredit (borc) müqaviləsi bağlanmış və gya ona 13.08.2020-ci il tarixə kimi qaytarmaq şərti ilə cavabdeh tərəfindən 2000 manat məbləğində borc pul vermişdir. Halbuki cavabdeh tərəfindən ona məxsus olan pul vəsaiti verilməmişdir. Notariusda olan 2000 manat elə özünə məxsus olmuşdur. O cavabdehlə real olaraq yox, görünüş üçün həmin müqaviləni bağlamışdır. Əgər notariat ofisinin həmin tarixli müşahidə kameraarına baxış keçirilsə, onun həqiqətən cavabdehdən borc almaması aydın görünər. Borc müqaviləsi bağlandıqdan sonra cavabdeh onu icarəyə götürdüyü, əziyyətlə ərsəyə gətirdiyi torpaq sahəsindən çıxarmış və ona külli miqdarda maddi ziyan vurmuçdur. Bugünkü gün onun cavabdehə yox, cavabdehin ona borcu vardır həmin müqavilə əsasında 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində 8 i-20471 nömrəli, 12.09.2020-ci il tarixli borc məbləğinin tutuılması barədə icra qeydi aparılmışdır. O etibarsız olan əqd üzrə verilmiş icra vərəqəsinin ləğv edilməsi üçün cavabdehlərə məhkəmədən kənar pretenziya qaydasında müraciət etmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinin xüsusi notariusu Ramin Zülfüqarovun 17 iyun 2021-ci il tarixli cavab məktubunda icra qeydinin ləğv edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Digər Cavabdeh1 isə ümumiyyətlə pretenziya məktubuna cavab belə verməmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edəərk, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. İddiaçının iddia tələbində göstərdikləri əsassız olduğundan, təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisi Ramin Zülfüqarov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində bağlanmış 13.05.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 13.08.2020-ci il tarixədək qaytarmaq şərti ilə 2000 manat borc verməyi, İddiaçı isə notariusun banda açılan depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 12.09.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisi Ramin Zülfüqarovun 8i-20471 saylı reystrdə qeydə alınmış icra qeydinə əsasən İddiaçı 2000 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İş materiallarında olan Sabunçu rayon İcra və Probasiya Şöbəsinin məktublarının surətlərindən görünür ki, 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisi Ramin Zülfüqarovun 8i-20471 saylı reystrdə qeydə alınmış12.09.2020-ci il tarixli icra qeydi icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, İddiaçı yeri müəyyən olunmadığından barəsində axtarış elan edilməklə, Sabunçu RPİ-də 51862 saylı axtarış işi açılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində bağlanmış 13.05.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 13.08.2020-ci il tarixədək qaytarmaq şərti ilə 2000 manat borc verməyi, İddiaçı isə notariusun banda açılan depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməkdən yayındığı üçün barəsində icra qeydinin aparılması xahiş edilmişdir. Bundan sonra 12.09.2020-ci il tarixli icra qeydinə əsasən 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisi Ramin Zülfüqarovun 8i-20471 saylı reystrdə qeydə alınmış icra qeydinə əsasən İddiaçı 2000 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. Hazırda İddiaçı həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı cavabdeh Cavabdeh1 ilə aralarında 13 may 2020-ci il tarixdə bağlanmış kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilənin etibarsız hesab olunması üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə olaraq iş materilları ilə 13 may 2020-ci il tarixdə bağlanmış kredit (borc) müqaviləsinin qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər daxilində bağlandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas İddiaçı ilə Cavabdeh1 arasında 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində bağlanmış 13.05.2020-ci il tarixli kredit müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinin xüsusi notariusu Ramin Zülfüqarov qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh1 təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni 12 sentyabr 2020-ci il tarixdə notariat kontoru tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə və Cavabdeh1 qarşı “ müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar