Məhkəmə qərarları › İş №2(007)-3145/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3145/2024

18.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3145/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “Mitsubishi Pajero” minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4093/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə, ev 13, 56 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi, 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X1 mülkiyyət hüququ tanınması, Bakı şəhəri, Sabunçu rayonu, Y.Əlivev küçəsi, 2595 saylı məhəllə, 6-cı bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X1 payları müəyyən edilməsi. "Mitsubishi Pajero” minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-salqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsi üzərində 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X1 payları müəyyən edilməsi qət edilmişdir. Lakin məhkəmə ərəfəsində avtomobilin özgəninkiləşdirilməsinə həbs qoyulmadığından cavabdeh avtomobili başqa bir şəxsə, yəni Cavabdeh2 satmışdır. Odur ki, hazırda həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia irəli sürmək qərarına gəlmişdir.

İş materialları :

3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-623/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə, ev 13, 56 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi, 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X1 mülkiyyət hüququ tanınması, Bakı şəhəri, Sabunçu rayonu, Y.Əlivev küçəsi, 2595 saylı məhəllə, 6-cı bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X1 payları müəyyən edilməsi, "Mitsubishi Pajero” minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və “Mercedes Benz 230” minik markalı, **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X2 ilə X3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin alqı-salqı müqavilələrinin etibarsız hesab edilməsi, "Mitsubishi Pajero” minik markalı, **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230” minik markalı, **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X1 payları müəyyən edilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4093/2023 nömrəli iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

Tətbiq edilən hüquq :

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi :

6. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, o cümlədən iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.

8. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin əsasını birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair məhkəmə mübahisəsinin davam etdiyi dövrdə mübahisəli əmlakın hazırki iddia tələbi üzrə Cavabdeh1 tərəfindən digər Cavabdeh2 satılması ilə əlaqədar tərəflər arasında bağlanmış alqı-satqı-müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. Lakin cavabdeh tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən alq-satqı müqaviləsi, həmin əmlakın hazırda kimin mülkiyyətində olmasını təsdiq digər sübutlar iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.

9. Həmçinin məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir. Lakin iddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh2 şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu səbəbdən cavabdehin şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır.

10. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

11. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar