Məhkəmə qərarları › İş №2(105)-119/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-119/2024

30.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-119/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X18 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən əşyalarla birlikdə çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1525/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan xx.xx.2019-cu il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 62.4 kv.m olan mənzili 44000 manata X1.

2. İşdə olan xx.xx.2019-cu il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, X4 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 62.4 kv.m olan mənzili 45000 manata İddiaçınə satmışdır.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-05101-093029 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı mənzildən əşyalarla birlikdə çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən çıxarılması, mənzilin təhvil verilməsi və vurulmuş 4000 (dörd min) manat məbləğində maddi ziyanın cabadehdən xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən ümumi sahəsi 62,4 kv.m olan 36 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bayce Limited şirkətinin mülkiyyətindədir. Mənzil alınandan sonra orada təmir işlərinin aparılması məqsədilə mənzilin giriş qapısı yenilənmiş, müxtəlif tikinti materialları, ev əşyaları alınmış (o cümlədən unitaz, güzgü, kafel və s.) təmir olunmaq məqsədilə mənzilə yerləşdirilərək qapısı bağlanılmışdır. Cavabdeh mənzili zəbt edərək orada yaşayır və bu günə qədər iddiaçının haqlı tələbinə məhəl qoymayaraq mənzildən çıxmır. Cavabdeh mənzili zəbt etməklə yanaşı mənzildə olan ümumi dəyəri 4000 (dörd min) manatlıq əmlakı da qanunsuz olaraq ələ keçirmişdir. Dəfələrlə cavabdehdən mənzildən çıxması tələb edilsə də, cavabdeh buna məhəl qoymayaraq mənzili tərk etmir və qanunsuz olaraq mənzildən istifadə etməyə davam edir. Bu səbəbdən də iddiaçı mülkiyyətində olan mənzildən sərbəst istifadə edə bilmir və beləliklə də qanunla qorunan mülkiyyət hüququ pozulur.

6. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı sübut təqdim etməmişdir. İddia ərizəsində qeyd olunan mənzilin iddiaçıya aidiyyatı yoxdur. Onun qaldığı mənzil 36 saylı deyil, 10 saylı mənzildir. İddiaçının mənzili qonşu binadadır. Mənzil bir neçə şəxsə satılmışdır. Axırıncı Mövlanverdi adlı şəxs işlədiyi şirkətə pula ehtiyacı olduğundan satmışdır. Həmin mənzildə yaşasa da, mənzil satılarkən heç kim gəlib baxmamışdır. Qaçqın olduğundan kommunal xərclərdən azaddır. Mənzildə 8 nəfərdən ibarət iki ailə yaşayır. Mənzildə 2019-cu ilin aprel ayından yaşayır. İddiada qeyd olunan mənzil bina 12-də onun qaldığı mənzil bina 12A ünvanında yerləşir. Binanın üçüncü mrətəbəsi tikilib sonra yarımçıq qalıb. Bu binada olan mənzillərə çıxarış verilə bilməzdi. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Muradov Qiyasəddin ifadəsində göstərmişdir ki, əvvəllər Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzil onun mülkiyyətində olmuş, orada qeydiyyatları olmuş, hazırda başqa ünvanda qeydiyyatdadır. Mənzili 2019-cu ildə Quliyev Mövlanverdiyə satmışdır. Binanın ünvanı birdir, 4 bloku hazır olmuş, qalanı yarımçıq qalmışdır. Mübahisəli mənzildə 1990-cı ildən 1994-cü ilədək yaşamışdır. Sonra mənzili bir məcburi köçkün ailənin istifadəsinə vermiş, o, köçdükdən sonra isə satmışdır. Cavabdehi tanımır.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, iddiaçı şirkətdə işləyir. O, 2019-cu ilin axırında Abşeron rayonu, Xırdalan şəhərində 3-cü mərtəbədə yerləşən mənzili təmir etmək üçün getmişdir. Mənzilə su çəkmiş, qapısını düzəltmiş və bağlayaraq ofisə getmişdir. Sonra yenidən mənzilə getdikdə cavabdeh qapını açaraq mənzilin ona məxsus olduğunu bildirmişdir.

9. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********2305101-093029 reyestr nömrəli çıxarışda göstərilən ünvan 1 ünvanı qeydiyyatda olduğu ünvan 3 ünvanı ilə eynidir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1525/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, qalan hissədə iddianın təmin edilməməsi, Cavabdeh 80 manat məbləğində dövlət rüsumuna görə pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********2305101-093029 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının xəbəri və razılığı olmadan mənzili zəbt edərək orada yaşayır və iddiaçının tələbinə baxmayaraq mənzildən çıxmır. İddiaçı dəfələrlə cavbdehdən mənzildən çıxmasını tələb etsə də cavabdeh buna məhəl qoymayaraq mənzili tərk etmir və qanunsuz olaraq mənzildən istifadə etməyə davam edir.

12. İddia tələbinin 4000 manat ziyan məbləği ilə bağlı hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin cavabdeh mənzili zəbt etməklə mənzildə olan ümumi dəyəri 4000 (dörd min) manatlıq əmlakı ələ keçirməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən bu hissədə iddia təmin edilə bilməz.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.4, 228.1, 228.2-ci maddələri və Mənzil Məcəlləsinin 30.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddianın rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı sübut təqdim etməmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan mənzilin iddiaçıya aidiyyatı yoxdur. Onun yaşadığı mənzil 36 saylı deyil, 10 saylı mənzildir, iddiaçının mənzili qonşu binadadır. Mənzil bir neçə şəxsə satılmışdır. Axırıncı Mövlanverdi adlı şəxs işlədiyi şirkətə pula ehtiyacı olduğu üçün satmışdır. Həmin mənzildə yaşasa da mənzil satılarkən heç kim gəlib baxmamışdır. Məcburi köçkün olduğu üçün kommunal xərclərdən azaddır. Mənzildə 2019-cu ilin aprel ayından bəri 8 nəfərdən ibarət 2 ailə yaşayır. İddiada qeyd olunan mənzil bina 12-də, onun yaşadığı mənzil isə 12A ünvanında yerləşir. Binanın 3-cü mərtəbəsi tikilib, sonra yarımçıq qalıb. Bu binada olan mənzillərə çıxarış verilə bilməzdi. Qeyd olunan faktiki hallar aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

20. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

21. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

24. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

25. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

27. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

29. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Baxılan mübahisə mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır, cavabdeh dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək iddiaçı hazırki iddia tələbini irəli sürmüş və cavabdehin onun mülkiyyətində olan daşınmaz əmlakdan çıxarılmasını tələb etmişdir.

36. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. İşdən görünür ki, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X3 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 62.4 kv.m olan mənzili 44000 manata X2, daha sonra xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsinə əsasən X10 həmin mənzili 45000 manata İddiaçınə (iddiaçıya) satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-05101-093029 reyestr nömrəli çıxarışa əsasən mübahisəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

38. Cavabdeh onun hazırda yaşadığı mənzilin iddiaçının qeyd olunan mənzili olmadığı iddiaçının boşaldılmasını tələb etdiyi mənzil 36 saylı olduğu halda, hazıra onun yaşadığı mənzil 10 saylıdır.

39. Qeyd olunan halın dəqiqləşdirilməsi üçün məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspetizası təyin edilmişdir.

40. Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1352 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 5 evin 36 saylı mənzili üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli **********23-05101-093029 reyestr nömrəli “Texniki pasport”un “Situasiya planı” bölməsi boş olduğundan, binanın koordinatı qeyd olunmadığından, həmin binanın yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmçinin mülki iş materiallarında olan 2 saylı MTİİTS-nin rəisi Ş.Allahverdiyevin imzası və qrumun möhürü ilə təsdiqlənmiş arayışa əsasən, Cavabdeh faktiki yaşadığı 27-ci məhəllə, ev 12, mənzil 36 ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur.

41. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli 668 saylı arayışında qeyd olunmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-05101-093029 reyestr nömrəli çıxarış əsasında şirkətin xüsusi mülkiyyətində olan ünvan 5 evin 36 saylı mənzilində Cavabdeh qeydiyyatsız yaşayır.

42. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli 941 saylı arayışında qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixində X15 verilmiş ünvan 27-ci məh., bina 12a, mənzil 6 texniki səhv olaraq yazılmışdır. Bina 12a əslində bina 12, mənzil 6 isə mənzil 36-dır və 2 saylı MİS-in ərazisində yerləşir.

43. İşdə olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 5 evin 36 saylı ünvanda yerləşən 62,40 kv.m mənzilə baxış keçirilməsi məqsədi ilə həmin ünvanda olmuş, Cavabdeh həmin qeyd olunan mənzildə olsa da, mənzilin giriş qapısını açmayacağını bildirmiş, buna görə də, mənzilin daxilinə baxış keçirilməsi mümkün olmamışdır. İddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

44. Cavabdeh məcburi köçkün statusuna malik olmasını təsdiq edən və mübahisəli mənzildə yaşamaq üçün əsas verən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən isə müəyyən olunmuşdur ki, Cavabdeh məcburi köçkün statusu yoxdur.

45. Məhkəmə iclasında tərəflərin izahatları ilə həmçinin müəyyən olunmuşdur ki, mübahisəli mənzilin daxilindəki vəziyyət ilə texniki pasportdakı vəziyyət üzrə fərqliliklər (daxili konstruktiv dəyişikliklər) görülmüş təmir işləri nəticəsində yaranmışdır. İddiaçının nümayəndəsi mənzildəki təmirin iddiaçı tərəfindən, cavabdeh isə təmirin onun özü tərəfindən edildiyini bildirmişdir.

46. Göründüyü kimi cavabdeh mübahisəli mənzildən qanuni əsaslarla istifadə etmir, lakin mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Mülkiyyətçinin isə bu hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququ vardır.

47. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan və mübahisəli mənzilin iddiaçının mülkiyyətində olan mənzil olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunduğundan, cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə tələbi kollegiya əsaslı hesab edir.

48. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

49. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

50. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

51. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

53. Sadalanan xüsusatlara, işin araşdırılmış hallarına və iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının mülkiyətində olan mübahisəli mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılmasına dair tələbin təmin edilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1525/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar