Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3150/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Nağdı̇ yeva Mətanət İsabala qızının iştirakı ilə, İddiaçı Nağdı̇ yeva Mətanət İsabala qızının cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Nağdı̇ yeva Mətanət İsabala qızı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 09 aprel 2004-ci ildə ölmüş məhrum X1 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası X8 14 avqust 1938-ci ildə anadan olmuş və 09 aprel 2004-ci il tarixdə vəfat etmişdir. X1 miras olaraq "Bakı Dəmir Beton" ATSC-də 8 ədəd səhm qalmışdır. O, mərhum atasına məxsus "Bakı Dəmir Beton" ATSC-də olan səhmlərin vərəsəlik qaydada onun adına keçirilməsini istədiyi zaman ona notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasının zəruri olduğu bildirilmişdir. Bundan sonra o, 15 saylı Notariat Ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etəs də, Notariat Ofisinin 14 avqust 2025-ci il tarixli 1002 saylı məktubu ilə notariat hərəkətləri aparılmaqdan imtina edilmişdir. İmtinaya səbəb isə mirasın qəbul edilməsi barədə notariat ofisinə qanunda nəzərdə tutulduğu müddətdə ərizə verilməməsi və əmlaka sahiblik etməyə və əmlakı faktiki idarə etməyə dair sübut təqdim edilməməsi göstərilmişdir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. 09 aprel 2004-ci ildə ölmüş məhrum atası X6 qanun üzrə birinci növbəli vərəsəsisidir. Hüquqi savadı olmadığından və atası X6 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduğm barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı Nağdı̇ yeva Mətanət İsabala qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, onlar istəyirlər ki, 8 ədəd qəbz 4 uşaq arasında bölünsün, hər birinə 2 istiqraz düşsün. Böyük bacısı öz payından imtina edir. Həmin istiqrazlara görə ildə bir dəfə anası cəmiyyətdən 80 manat məbləğində divident alır. Anası da vaxtilə həmin zavodda işləyib və anası onun pay almasına razılığını bildirib. O, bu məsələyə görə 5 il bundan əvvəl notariusa getmiş, daha sonra isə əhəmiyyət vermədikləri üçün bu barədə müraciət etməmişlər. Onlar bu müddət ərzində müddətin uzadılmasına dair müraciət etməli olduqlarını bilməmişlər. Onlar fikirləşmişlər ki, birdən gələcəkdə zavoda işə düzələ bilərlər, buna görə də atası işlədiyi zavodda payları olsun. Zavoddan da onlara notariusa müraciət etməli olmaları qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisi məhkəmə iclasına gəlməmiş, cavabdeh ərizə verərək məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-dən veriılmiş xx.xx.2001-ci il tarixli qəbzdən görünür ki, sifarişçi X3 cəmiyyətinin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifarişi və təqdim etdiyi 8 ədəd özəlləşdirmə çeki qəbul etmişdir. - AZ-İ seriyalı 075102 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə kəskin qaraciyər çatışmazlığı xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 317 nömrə ilə qeyd edilmişdir. AZ-T seriyalı 238067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nağdı̇ yeva Mətanət İsabala qızı xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası Nağdı̇ yeva Gülcahan Danyal qızıdır. - ünvan 1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən qanunvericilikdə miras qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığı, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübütlar təqdim edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.” - Respublika Auksion Mərkəzinin 005509 nömrəli bildirişdən görünür ki, X7 "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 8 ədəd özəlləşdirmə çeki təqdim edilmişdir və nəticədə hər birinin dəyəri 10000 manat olan 84 ədəd səhm əldə etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, X8 xx.xx.2004cü il tarixdə vəfat etmişdir. Onun adına əmlak olmadığından ölümündən sonra vərəsələri notariusa müraciət etməmiş və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almamışlar. X2 tərəfindən vəsiyyətnamə verilməmişdir. Lakin cəmiyyət tərəfindən hər ay onun həyat yoldaşına divident ödənilmişdir. Nağdı̇ yeva Mətanət İsabala qızı atasının səhmləri olduğunu müəyyən edib, lakin qanunla vərəsəliyi qəbul etmək üçün müəyyən edilmiş müddət ötürüldüyündən 15 saylı Notriat Ofisi vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı Nağdı̇ yeva Mətanət İsabala qızı məhrum X1 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpa edilməsini xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 997.1-ci maddəsinə əsasən qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. 997.2-ci maddəsinə əsasən istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Sözügedən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. İş materiallarından müəyyən olunur ki, X8 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, onun vərəsəsi olan ərizçi ondan miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Həmin dövrdə də MM-in 1246 və 1273-1-ci maddələri qüvvədə olmuşdur. Buna baxmayaraq, AR Konstitusiyasının 149-cu maddəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmənin qənaətinə görə iddiaçı Nağdı̇ yeva Mətanət İsabala qızının miras əmlak barədə susması onların mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməli, qüvvədən düşmüş müddəalar iddiaçıya tətbiq edilməməli, mərhumdan miras qalmış əmlakın qəbul edilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100,60 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Nağdı̇ yeva Mətanət İsabala qızının xx.xx.2004-cü il tarixdə ölən X1 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət ona münasibətdə bərpa edilsin. İddiaçı Nağdı̇ yeva Mətanət İsabala qızı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100,60 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3150/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3150/2025
05.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver