Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3224/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X22 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abdulova Lalə Adil qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialı cəlb olunmaqla “şəxsin öhdədə (himayədə) olması faktının müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialı cəlb olunmaqla “şəxsin öhdədə (himayədə) olması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1930-cu ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş X2 ərizəçinin öhdəsində (himayəsində) olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası X5 1930-cu ildə anadan olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 1987-ci ildə X4 rəhmətə getdikdən sonra o, anasını tək qoymamaq üçün Naxçıvan MR Sədərək kəndinə getmiş və onunla birlikdə bir müddət orada yaşasa da, sonradan daimi yaşamaq üçün Bakı şəhərinə gəlmişlər. Anasına da ondan başqa qulluq edən hər hansı şəxs olmadığından, onunla birlikdə yaşamaq üçün Bakı şəhərinə gəldi. 1987-ci ildən rəhmətə getdiyi günədək xx.xx.2019-cu ilədək anası onun himayəsində yaşamışdır. Belə ki, bacıları ailəli olduğundan və Naxçıvan MR Sədərək kəndində yaşamış, digər qardaşı X12 isə uzun illərdir Rusiya Federasiyasında yaşadığından, anasına ondan başqa baxan şəxs olmamışdır. Anası xx.xx.1930-cu il təvəllüdlü olmaqla, 70 yaşı xx.xx.2000-ci ildə tamam olmuş və 89 yaşında rəhmətə getmişdir. Hal-hazırda ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etsə də ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə, habelə ahıllara yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Eyni zamanda, qulluqolunan vəfat etmişdirsə, qeyd edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sosial sığorta stajına daxil edilir. O, ahıl anasına 70 yaşına çatdığı vaxtadək və vəfat edənədək yəni 89 yaşı tamam olanadək qulluq etdiyindən, onun bütün tələbatlarını təkbaşına ödədiyindən, hesab edir ki, xx.xx.1930-cu ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş X1 onun öhdəsində (himayəsində) olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, onun pensiya yaşı çatıb, amma 25 illik staj yığa bilməmişdir. O, 1975-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Döyüş bölgəsi olduğu üçün sənədlər itib və əmək stajını bərpa edə bilmir. Qanunda belə bir şey var ki, 70 yaşa çatmış şəxslərə qulluq edilməsi staja daxildir. O, 1987-ci ildən anasına baxmışdır. 2000-ci ildə 70 yaşı tamam olub və 89 yaşında rəhmətə gedib. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X6 ifadəsində bildirdi ki, ərizəçini qonşu kimi tanıyır. O, 1-ci blokda qalır, ərizəçi 6-cı blokda qalır. O, görmüşdür ki, Rüstəm anasına baxırdı. O, işə gedəndə görürdü ki, anasını harasa qoyur və aparır. Rüstəm ailəlidir və uşaqları var. O, Rüstəmin anasının adını bilmir. Kim anasına baxmır ki, bilir ki, Rüstəm də baxırdı. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X8 ifadəsində bildirdi ki, Rüstəmlə 9 ildir ki, qonşudur. 2019-cu ilin dekabr ayında Mirvari xanım rəhmətə getdi. Dəfndə və yasda iştirak etmişlər. Rüstəmdən anasının vəziyyətini soruşurdular. O, orada Mirvari xanım olarkən 4 il yaşamışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X9 ifadəsində bildirdi ki, Rüstəmlə 1982-ci ildən tələbə yoldaşı olmuşlar. O, X18 işləyir. Mirvari xanımı həmişə onlarda görmüşdür. Rüstəmin anasının adı Mirvari idi. Rüstəmin evi 3 otaqlı idi, Mirvari xanımın ayrıca otağı var idi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X12 ifadəsində bildirdi ki, o, Rüstəmin qardaşıdır. İki bacı, bir qardaşdırlar. 1990-cı ildən Bakıya köçmüşlər. Bina evində yaşayırlar. Təxminən 1995-ci ildən Bakıya köçüblər. Böyük qardaş idi deyə anası Rüstəmlə qalırdı. Onlar Rusiyada olurdular. Tam qayıtmaqları 1996-cı ildə başa çatıb. İki qardaş Rusiyada Tavarusda qalırdılar. Həmin qardaşı isə 2021-ci ildə rəhmətə gedib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X7 ifadəsində bildirdi ki, onlar Rüstəmlə bir sinifdə oxumuşlar. Həm ailəvi dostdurlar, həm də gediş gəliş var. Rüstəm əvvəl zavodda işləyirdi. Anası kənddə idi. İlini dəqiq deyə bilməz. Rüstəmin qardaşları burada idi. Tək qadın idi və yoldaşı rəhmətə getmişdi. Soltan rəhmətlik əvvəllər Rusiyada idi. Balaca oğul idi. O, neçə il olduğunu dəqiq deyə bilməz. Cavan vaxtı Universitetdən sonra Bakıda işləyirdi. Sonra Sədərəkdə sovxozda işləmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsini izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 121 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 417 nömrəli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşayır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun adına qüvvədə olan əmək müqaviləsi olduğundan ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Əlavə olaraq, əmək müqaviləsinə xitam verildikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələbinə əsasən yenidən baxılacaqdır. - AZ-T 246399 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə doğulmuşdur. X4, anası X3r. - AZ-İİ 061084 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə vəfat etmişdir. - Ərizəçi tərəfindən yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı aidiyyəti təşkilatlara ünvanladığı müraciətlər məhkəməyə sübut qismində təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6.-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 3-cu bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. 3.1-ci bəndinə əsasən, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. İşin faktiki hallarına əsasən məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, ərizəçinin xahişi özünün vəfat etmiş anasının öhdəsində olması faktının müəyyən edilməsi ilə bağlı deyil, məhz anası xx.xx.1930-cu ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, vəfat etmiş anası X2 onun öhdəsində (himayəsində) olması faktının müəyyən edilməsi ilə bağlıdır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 3-cü bəndində də müəyyən olunduğu kimi, şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, məhz ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialı cəlb olunmaqla “şəxsin öhdədə (himayədə) olması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ərizəçi müharibə veteranı olduğundan, dövlət rüsumu ödəməkdən azaddır, buna görə də məhkəmə xərclərinin aid edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialı cəlb olunmaqla “şəxsin öhdədə (himayədə) olması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-3224/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3224/2024
16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver